Məşhurlar da bəyənmədi: Tək və cüt nömrə məsələsi insanlar arasında bərabərliyi pozacaq

“Yəni tək nömrəli avtomobilləri olanlar gedib, cüt nömrəli avtomobil də alacaq. Belə çıxacaq ki, onların hərəkəti məhdudlaşmayacaq”
Paytaxt Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub.
Məlumata görə, təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də yer alıb. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə, ümumiyyətlə, qadağa qoymaqdır. Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır. Şübhəsiz ki, bu məsələ ölkə ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Məhz bu səbəbdən mövzu ilə bağlı müxtəlif sahələrdə çalışan ziyalıların münasibətini öyrəndik. Millət vəkili, akademik Nizami Cəfərov "Şərq”ə açıqlamasında qeyd edib ki, tıxaclar maşınların çoxluğu və küçələrin ensizliyi ilə əlaqədardır: "İnanmıram ki, tək və cüt nömrə məsələsi özünü doğrultsun. Sadəcə olaraq bir az yollar genişləndirilməli və yeni körpülər salınmalıdır. Problemi qadağa ilə deyil, başqa effektli üsullarla yoluna qoymaq lazımdır”.
Rayonlardan gələn avtomaşınlara tətbiq olunacaq vaxt məhdudiyyətinə gəlincə, həmsöhbətimiz vurğulayıb ki, minik deyil, yük maşınlarının gündüz saatlarında paytaxta girişi yasaqlana bilər: "Bu, mümkün haldır. Amma minik maşınlarına "sən Bakıya gecə gəl” demək çətin işdir. Bu, özünü doğrultmaz”.
"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova diqqətə çatdırıb ki, böyük yük maşınlarının gündüz saatlarında şəhərə buraxılmaması bir sıra dünya ölkələrinin təcrübəsində mövcuddur: "Məsələn, qonşu Gürcüstanda bunun şahidi olmuşam. Amma bu qadağanı minik avtomobillərinə tətbiq etmək düzgün olmaz. Elələri var ki, Bakıya ciddi iş və ya tədbirlərlə bağlı təşrif buyurur. İndi onlar oturub gecənimi gözləməlidirlər? Üstəgəl də gecə vaxtı yola çıxmaq təhlükəlidir. Ən çox qəzalar gecə baş verir. Bir sözlə, zərərli addımlar atmaq düzgün deyil. Tək və cüt nömrələrə gəlincə, deyim ki, bu ayrı-seçkiliyin mahiyyətini anlaya bilmirəm”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Azərbaycanda, xüsusilə də Bakıda nəqliyyatın hərəkətinə ən böyük problem yaradan yük maşınları və sərnişin avtobuslarıdır: "Düşünürəm ki, ilk növbədə avtobusların hərəkətinə əl gəzdirmək lazımdır. Paytaxtdakı tıxacı avtomobillərin çoxluğu ilə izah etmək doğru deyil. Bu fikirlə qətiyyən razılaşmıram. Dünyanın hər yerində tıxac problemi var və onlar müxtəlif səmərəli yollarla aradan qaldırılır”.
Tək və cüt rəqəmlərlə bitən nömrələrə dair təklifə diqqət çəkən E.Mirzəbəyli hesab edir ki, bu, doğru yanaşma deyil: "İlk növbədə bunun hüquqi cəhətdən əsaslandırması yoxdur. İnsanın hərəkətini məhdudlaşdıran hansısa addımın atılmasını pisləyirəm. Daha doğru versiyaların tapılmasına ehtiyac var”.
Müsahibimizin fikrincə, tək və cüt rəqəmlər insanlar arasındakı bərabərliyi də pozacaq: "Yəni tək nömrəli avtomobilləri olanlar gedib, cüt nömrəli avtomobil də alacaq. Belə çıxacaq ki, onların hərəkəti məhdudlaşmayacaq. Yalnız bir avtomobili olanlar hər gün şəhərə çıxmaq imkanından məhrum ediləcək. Əlbəttə, bu, vətəndaşlar arasındakı bərabərliyin pozulması deməkdir”.
Rayon avtomobillərinə tətbiq olunacaq vaxt məhdudiyyətinə toxunan baş redaktor əlavə edib ki, onlar da bu ölkənin vətəndaşlarıdır: "O zaman başqa bir problem çıxacaq. Rayonda yaşayan imkanlılar gəlib, paytaxta qeydiyyata düşəcəklər. Bu da növbəti problemlərin yaranmasına yol açacaq. Məncə, bu təkliflər çıxış yolu deyil. Tamamilə fərqli yolu tapmaq lazımdır”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bəyan edib ki, bütün bunlar hələ ki söz-söhbət şəklində dolaşır. Çünki bu barədə heç bir rəsmi qərar yoxdur: "Görünür, ictimaiyyətin rəyini öyrənmək istəyirlər. Yaxşı olar ki, KİV-lər ictimai rəyin öyrənilməsinə köməklik göstərsin. Bununla yanaşı, düşünürəm ki, ortaya qoyulan təşəbbüsləri reallaşdırmaq çox çətin məsələdir. Kimdi Bakı küçələrində cüt və tək nömrəli avtomobilə baxan. Buna necə nəzarət olunacaq? Cüt və tək rəqəm məsələsi də ağlabatan deyil. Aidiyyəti komissiyadan mənə çatan məlumata görə, cüt və tək rəqəm məsələsi qurumda müzakirə olunmayıb. Bunu kim dövriyyəyə buraxıb, bilmirəm”. Rayon avtomobillərinin paytaxta buraxılmasına dair məhdudiyyətlərə gəlincə, ekspert bildirib ki, bu, yanlış addımdır: "Çünki o qanunu icra etmək çox çətin olacaq. Bu, əslində daha arzuolunmaz hadisələrə gətirib çıxaracaq. Rüşvətxorluq və qohumbazlıq halları artacaq. Vətəndaşların narazılığı güclənəcək. Bundan başqa deyim ki, həmin məhdudiyyətlər Bakıdakı sıxlığın aradan qalxmasına elə də müsbət təsir göstərməyəcək. Ola bilər ki, şəhərin girişində cüzi fərq hiss olunsun. Amma şəhərdaxili hərəkətdə heç bir müsbət dəyişiklik müşahidə olunmayacaq. Rəsmi məlumata görə, ölkəmizdə 1.3 milyon avtomaşın var. Onlardan 4 yüz mini bölgələrdədir. Bölgələrdən paytaxta gün ərzində uzağı 20 min avtomobil gəlir ki, onların da sıxlığa təsiri cüzidir”.
Avtomobillərin paytaxta qrafiklə saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılmasına diqqət çəkən Ə.Hüseynov vurğulayıb ki, bu çox təhlükəli yanaşmadır: "Gecə saatlarında yollarda hərəkət çox qorxuludur. Xüsusilə də yaşayış məntəqələrindən kənar yollar gecə saatlarında çox təhlükəli olur. Nəzərə almaq lazımdır ki, indi yaydır, qış aylarında saat 6-da qaranlıq düşür. Belə çıxır ki, camaat Bakıya ancaq gecə gedib-gəlməlidir. Xeyir ola? Bu, insanları ölümə məhkum etmək deməkdir. Çünki ən dəhşətli avtomobil qəzaları gecə saatlarında baş verir. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının belə yanaşmasını anlamıram. Bu qurumun işi təhlükəsizliyi təmin etməkdir. Onun belə qərar qəbul etməyə səlahiyyəti çatmır”.
Ayyət Əhməd