Məsud Bərzaninin referendum istəyi gərginliyi artırır
Elxan Şahinoğlu: “İnanmıram ki, hansısa dövlət, nə Türkiyə, nə də İran referenduma görə müharibəyə başlasın”
İraqdakı kürd muxtariyyətinin lideri Məsud Bərzaninin 25 sentyabra təyin etdiyi referendumun tarixi yaxınlaşdıqca, regional gərginlik artır. Türkiyə çox aydın bir şəkildə referendumu qəbul etməyəcəyini deyir. ABŞ keçirilmə zamanını yanlış hesab edir, İran isə hərbi təhdid edir. Bağdad hökuməti də referendumu əngəlləmək üçün əlindən gələni edir. Muxtariyyətin mərkəzi Ərbil isə bütün sərt reaksiyalara qarşı dirənir.
İsraildən başqa heç bir dövlət Bərzaniyə açıq dəstək vermir. Tarix yaxınlaşdıqca, beynəlxalq birlik Bərzanini referendumu ləğv etməyə çağırır. ABŞ-la yanaşı, Avropa dövlətləri, həmçinin, beynəlxalq təşkilatlar referendumu ləğv etməyə, bəzi qərb dövlətləri isə təxirə salmağa çağırıb. Ekspertlərə görə, kürd muxtariyyətində referendumun baş tutması çox pis nəticələrə gətirib çıxaracaq. Hətta nəticələr tanınmasa belə, gərginlik yaranacaq. Çünki bu, bir tərəfdən İraqın ərazi bütövlüyünə təhlükədir, digər tərəfdən isə Türkiyə və digər region dövlətləri üçün təhdiddir. Həmçinin, separatizmin alovlanmasına səbəbdir. Referendumun ən böyük zərbəsi isə heç şübhəsiz ki, türkmənlərə dəyəcək. Kürdlər türkmənlərin yaşadığı böyük əraziləri ələ keçirib, xüsusilə, Kərkük şəhərində məskunlaşıblar. Gözləmədiyi halda sərt reaksiyalarla üzləşən Məsud Bərzani "müstəqillik zəmanəti” veriləcəyi təqdirdə iddiasından geri duracağını deyib. Əks halda 25 sentyabrda referendumun keçiriləcəyini bildirib. Bərzaninin şərtləri isə bunlardır: - Bağdad rəhbərliyi Şimali İraqın müstəqilliyi haqqında müzakirəyə imkan versin. Müzakirələrdə beynəlxalq faktorlar təminatçı olsun. Müstəqillik üçün dəqiq tarix verilsin.
ABŞ-dan Bərzaninin referendum qərarına sərt reaksiya
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Nauert referenduma qarşı çıxıb. O deyib ki, referendum qərarında inad etməyin kürdlər daxil olmaqla bütün iraqlılar üçün nəticəsi ağır olacaq: "İraqa qonşu ölkələrin hamısı referenduma qarşıdır. Bağdad ilə Ərbil arasında danışıqlar aparılmalıdır. Referendum müzakirələri terror təşkilatı İŞİD-ə qarşı aparılan mübarizəyə pis təsir edir, ticarət əlaqələrini təhlükəyə salır. ABŞ və beynəlxalq ictimaiyyətin dəstəklədiyi alternativ yol nəzərə alındıqda referendum lazımsızdır”. Amerika rəsmilərinin sözdə referenduma qarşı olduğu görünsə də, Vaşinqtonun Bərzaniyə silah-sursat yardımı etdiyi, şəxsən kürd liderin mühafizəsinə 650 əsgər göndərdiyi iddia edilir.
Bərzani əlindəki imkanlardan da məhrum ola bilər...
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT-nin toplantısında sərt bir şəkildə Bərzanini referendumdan əl çəkməyə çağırıb və əgər təkidini davam etdirərsə, əlində olanı da itirəcəyini bildirib: "Bərzani müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməlidir. Müstəqillik tələbi ilə atılan addımlardan çəkinmək lazımdır. Bu cür addımlar bölgədə yeni böhran və münaqişələrin yaranmasına səbəb ola bilər. İraq Kürd Muxtariyyətini bu təşəbbüsə son qoymağa çağırırıq. Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyinin inkar edilməsi Bərzanini hazırkı imkanlardan da məhrum edəcək”.
"Bərzani təkid etsə, İraq ordusu Kərkükə girər”
İraq Türkmən cəbhəsinin lideri Ərşad Salihi deyib ki, Məsud Bərzani təkidini davam etdirərsə, onun cavabı veriləcək. Salihinin sözlərinə görə, peşmərgənin Kərkükə yığılması türkmən və ərəblərə təzyiq etmək məqsədi daşıyır. Salihi Bərzaninin referendum məsələsində təkid edəcəyi təqdirdə Bağdadın buna mütləq reaksiya verəcəyini, sadəcə İraq ordusunun deyil, Həşdi Şəbinin də Kərkükə girə biləcəyini bildirib: "Referendumun keçirilməsi mümkün deyil, Bərzaninin bu qədər təkid etməsinin səbəbi Bağdad hökumətindən bəzi imtiyazlar qoparmaq istəyidir”.
Moqerinidən kürdlərə referendum çağırışı
Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırıb. AB-nin baş diplomatı Federika Moqerini deyib ki, Avropa Birliyi İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”. Xanım siyasətçi məsələnin Bağdadla kürd muxtariyyəti arasında sülhməramlı dialoqlar çərçivəsində həll edilməli olduğunu qeyd edib.
"Referendum bölgədə vəziyyətin qeyri-stabil olmasına şərait yaradacaq”
Türkiyədən olan siyasi ekspert Cağatay Balcı bildirib ki, referendumda israr edilərsə, regionda bir çox etnik və məzhəbçi konfliktlər yaranacaq: "Başda Türkiyə olmaqla bir çox dövlətlərin sərhəd təhlükəsizliyi üçün təhdidlər var. İran referendumun əleyhinə olsa da, məsələ İraqın parçalanmasına gəldikdə Tehran İraqda özünə bağlı şiə muxtariyyəti yaratmağa çalışacaq. Hesab edirəm ki, İsrail kürd "dövlət”ini dəstəkləyəcək. Suriyadakı PYD-PKK qrupu da müstəqillik istəyəcək”. Balcının sözlərinə görə, nəticə etibarilə bölgənin strukturunu sarsıdacaq referenduma qarşı Türkiyə bütün tədbirləri görəcək.
"Ermənistan Kürdüstan məsələsini nümunə götürəcək”
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyib ki, kürd muxtariyyətinin referendum keçirməsi mərkəzi hökumət Bağdad, qonşu İran və Türkiyə ilə münasibətləri korlaya bilər. Halbuki referendum məsələsinə qədər muxtariyyətin lideri Məsud Bərzaninin mərkəzi hökumətlə normal əməkdaşlığı var idi: "Bölgədə yaşayan türkmənlərin, referendumu qəbul etməyən ərəblərin, kərküklərin problemi regionda gərginliyi artıracaq. Böyük ehtimalla Kürdüstanın müstəqilliyini ilk tanıyan dövlət İsrail olacaq. İsrailin həm Türkiyə, həm də İranla münasibətləri normal deyil. Lakin bölgədə müharibənin başlanması ehtimalı azdır. İnanmıram ki, hansısa dövlət, nə Türkiyə, nə də İran referenduma görə müharibəyə başlasın. Ancaq bir şərtlə. Əgər "Kürdüstan” yaranacaqsa, orada yaşayan türkmən və ərəblərin haqları mütləq tanınmalıdır”. E.Şahinoğlu hesab edir ki, Ermənistan da Kürdüstanın müstəqilliyini tanıyacaq və bunu Qarabağ üçün nümunə götürəcək: "Vaxtilə Kosovo müstəqilliyini elan edəndə, Ermənistan Kosova nümunəsinə müraciət etdi. Kürdüstandan bir həftə sonra İspaniyada Kataloniya da referendum keçirəcək, çünki onlar da müstəqillik istəyir. Ermənistan bundan nə qədər istifadə etməyə çalışsa da, Dağlıq Qarabağ məsələsi fərqlidir”.
İsmayıl