“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans – Fotolar

Bugün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.
"Sherg.az”ın xəbərinə görə, toplantıda Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunub. 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət aparılıb. Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi və mahiyyəti barədə danışıb. Onun sözlərinə görə, Azərbaycan da bu günü 1993-cu ildən etibarən qeyd edir: 
"Bu gün Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunur. Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır.
 Ölkəmizdə baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır. İstənilən şəxs bu yolla öz fikirlərini yaya bilir. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir”.
Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu nəzərə çatdıran Ə.Amaşov bəzi problemləri də sadalayıb: "Düzdür, bu gün problemlər var və bunlar iqtisadi məsələlərdən qaynaqlanır. Əsas məqsəd odur ki, Azərbaycan mediası iqtisadi baxımdan heç bir dövlət qurumundan, iş adamından, iqtisadi mərkəzdən asılı olmayan quruma çevrilsin”.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda mətbuat və söz azadlığı var:
 "Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. Milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur: 
"Bu isə qlobal dünyada müəyyən neqativ hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır”.
İsmayıl