Mətbuat istənilən xəbəri yaya bilər

Amma məlumat media normalarına uyğun şəkildə işıqlandırılmalıdır





(Əvvəli ötən sayda)

Təhsil kompleksində baş vermiş iyrənc hadisədə qınaq obyekti iki tərəf oldu - ictimaiyyət və media. İctimaiyyət hadisəni eninə-boluna müzakirə edib, vəziyyəti daha da gərginləşdirməkdə, media isə xəbəri həddindən artıq tirajlayıb "reklam” əldə etməkdə. Gözləniləndi. Zatən, həmişə belə olur. Günahkar ya cəmiyyət, ya da media olur. Rəsmi strukturlar bəyanatla çıxış edib xəbərin yayımlanmamasını, mənəvi mühitə zərbə vura biləcək informasiyaların verilməsində həssaslıq tələb edirlər. Yəni, nə etsək, heç cür yarına bilmirik. Günahkar yenə biz - media oluruq.

Həqiqətənmi, bizik günahkar?

Mütəxəssis rəyini öyrənmədən öncə, Təhsil Nazirliyi və Respublika Baş Prokurorluğunun bəyanatını xatırlatmaq istəyirik. Hadisədən sonra Təhsil Nazirliyi çağırış etdi: "Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzərə alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”. Bunun ardınca Respublika Baş Prokurorluğu da bəyanatla çıxış etdi. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır. Həmçinin, həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur. Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli-mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, bir sıra qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir. Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar. Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə, kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcək. Xəbər necə yayılmalıdır? Media necə davranmalıdır ki, həm xəbərçilik vəzifəsini icra etmiş olsun, eyni zamanda kimsənin şəxsi həyatına müdaxilədən yan keçilsin, hüquqların tapdanması halı baş verməsin.


Məsələ ilə bağlı "sherg.az”a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, mətbuat orta məktəbdə baş verən rəzaləti açıq şəkildə yazmalıdır. Sadəcə, məktəbin nömrəsi gizlədilməli, uşaqların adları qeyd olunmamalı, videogörüntüdə şagirdlərin üzü görünməməlidir. O, diqqətə çatdırıb ki, hadisə cəmiyyətə elementar jurnalistika qaydalarına riayət etməklə çatdırılmalı idi: 

"Mətbuatda çalışanların mütləq əksəriyyəti jurnalistikadan təsəvvürü olmayan insanlardır. Ona görə, bu səhvlərin hamısı yayılan materiallarda yer alır. Nəticədə, həm sosial şəbəkə istifadəçiləri, həm də Təhsil Nazirliyi mətbuata etirazını bildirir. Xarici mətbuatda hətta kimsə müsahib qismində çıxış etdikdə belə, razılıq vermədən üzü göstərilmir. Bizdə isə məktəbin nömrəsini yazırlar, uşaqların adlarını qeyd edirlər. Yalandan məlumatlar dərc edirlər ki, şagird filankəsin qohumudur, nəvəsidir və s. Bəzi mətbu orqanların bu cür peşəkarlıqdan uzaq hallara yol verməsi biabırçılıqdır. Əlbəttə, mətbuat problemi qaldırmalı, həyəcan təbili çalmalıdır. Amma elementar peşəkarlıq qaydalarına əməl edilməklə”.

Qaldırılan məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli isə bildirib ki, medianın işi problemi qabartmaq, olayla bağlı ekspertlərin rəyini almaq və onu yaymaqdır: 

"Hadisə var və media öz işini görüb xəbəri yayır. O başqa məsələdir ki, məsələyə peşəkar və qeyri-peşəkar yanaşmalar var. Məsələn, o görüntülərdəki azyaşlılar olduğu üçün media ehtiyatlı olmalı, videomaterialı mümkün qədər yaymamalıdır. Olayda adı keçənlər anonim qalmalıdır, şərti adlar yazılmalıdır. İP dalınca qaçıb, o cür materialları yaymaq doğru deyil. Jurnalist də bir vətəndaşdır və biz bu cəmiyyətdə yaşayırıq. Həmin məktəblərdə bizim övladlarımız təhsil alır. O cür materiallar yeniyetmələrdə mənfi meyillər yarada bilər. Ancaq günahı birbaşa medianın üzərinə atmaq da doğru deyil. Sosial şəbəkələr dövründə yaşayırıq. O cür videolar onsuz da virus kimi yayılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi mətbuatı suçlayınca, öz işlərini görsün. Hardadır o məktəbdə növbətçi müəllimlər? Niyə sinif otaqlarına, idman zalına, soyunub-geyinmə otaqlarına nəzarət yoxdur? Məktəbdə şagirdin boş vaxtı niyə olmalıdır ki? Bu hadisə məktəbin adına ləkədir. 30-40 il öncə məktəb və müəllim adı müqəddəs hesab olunardı. Görün, mənəvi deqradasiya nə həddə çatıb. Mətbuat bir aynadır, aidiyyəti qurumlar aynanı qırmağa cəhd eləməkdənsə, o aynada görünən eybəcərlikləri təmizləsinlər”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov da bəyan edib ki, media yazdı-yazmadı, o cür hadisələr olur və bundan sonra olacaq. Baş redaktorun fikrincə, bu məsələdə medianı günahlandıranlar haqsızdır: 

"Məsələnin digər tərəfinə də toxunmaq istəyirəm. Ümumiyyətlə, belə hadisə baş verəndə, çalışmaq lazımdır ki, oxucuya təqdim olunan xəbərdə məktəbin nömrəsi, insanların ad-soyadı, hər hansı bir görüntü olmasın. Sadaladığım məsələlər həm də qanunvericiliyimizlə həll olunur. Konkret son hadisədə oxuduğum məlumatlarda ad çəkilməsə də, bəzi saytlar hadisənin iştirakçısının videosunu yaymışdılar. Məsələ o qədər böyüdü və eybəcər forma aldı ki, hətta Baş Prokurorluq bununla bağlı xəbərdarlıq yaydı.

Medianın əsas məqsədi bu kimi hadisələrdə "İP” yığmaq yox, problemin həllinə nail olmaqdır. Etiraf edim ki, bəzi həmkarlarım baş verən son hadisədə bunu etmək əvəzinə "İP” yarışına başladılar və bu, çox utancvericidir”.

"Lent.az”ın redaktoru Səbinə Əvəzqızı da "Şərq”ə açıqlamasında deyib ki, səbəbini axıracan tam anlamasa da, oxucularda erotizm çaları olan xəbərlərə həddindən çox diqqət var: 

"Hər hansı xəbərin başlığında "zorlama”, "seks”, "intim”, "açıq-saçıq” sözləri verilirsə, bunlar digər yazılardan çox oxunur. Hətta bu xəbərləri həmin oxucular sosial şəbəkələrdə paylaşıb geniş müzakirə belə açırlar. Əvvəlcə onu qeyd edim ki, sözügedən hadisə ilə bağlı "Lent.az” olaraq heç bir məlumat, hadisəyə rəsmi münasibət, ümumiyyətlə, heç nə vermədik. Bu bizim daxili qərarımız oldu. Amma bu son xəbər indiyə kimi yayılanlar içərisində daha çox reaksiyaya səbəb oldu. Bu xəbəri dərc edən KİV-i ittiham edə bilmərəm. Hərənin işə öz yanaşması var və kimlərsə etdiyi bu hərəkəti əsaslandıra bilər. Ümumiyyətlə, xəbər saytına senzura qoymağın əleyhinəyəm. Hərə artıq öz oxucusunu müəyyənləşdirib və xəbərlərini də bu auditoriyaya istiqamətləndirir. Lakin hesab edirəm ki, istənilən halda filtir olmalıdır. Hadisə olubsa, onu bütün detalları ilə oxucuya çatdırmaq kimi bir vəzifə qarşımızda durmur. Olan hər bir olayı çılpaqlığı ilə kütləyə çatdırmasaq, peşəmizə xəyanət etmiş hesab edilmərik. Xəbəri çatdırmağın da xeyli yolu var. Çalışmaq lazımdır ki, ən uğurlu variant seçilsin.
Ancaq bu o demək deyil ki, mətbuat yalnız maarifləndirmə yolu tutmalı, intihar və zorlama xəbərləri verməməlidir”.

Redaktor bildirib ki, bəzən mətbuat maarifləndirmə funksiyasını demək olar ki, itirir, bu məsələ fiaskoya uğrayır: 

"Sözdə intihar, zorlama və ya intim xəbərlər verilən saytları əksəriyyət qınayır. Amma elə hamı həmin xəbərləri oxuyur. Düzü, mən o qədər də inanmıram ki, kimsə intihar xəbərlərindən sonra gedib intihar etsin. Bəzən intihar edənlərə baxıram, hansısa bir ucqar bölgədə yaşayır. Orada isə demək olar ki, elektron mətbuat oxunmur. Düzdür, mənfi yüklü xəbərlərdən zövq alanlar var. Bu insanlar başqalarının enerjisini mənimsəyirlər. Psixoloqlar bu cür insanlara "vampir” deyirlər. Bəzi həssas insanlar isə belə xəbərlərdən çox pis olurlar və çalışırlar ki, bir daha həmin KİV-ə qayıtmasınlar. Amma indi gəlin statistikaya baxaq. "Vampir”lərmi çoxdur, yoxsa xəbərin pis təsir etdiyi həssas insanlarmı? Məncə, birincilər qalib gəlir. Mənfi yüklü xəbərləri oxuyanlar digərlərindən 10 minlərlə çoxdur. Belə məqamda redaktor düşünür ki, bu xəbəri ən azı 40 min oxucu oxuyacaqsa, niyə kənara qoysun? Hansı ki, insanları maarifləndirən normal yazıları heç 2000 dəfə oxuda bilmirik. İndi mən sual edirəm, cəmiyyət buna ehtiyac duyurmu? Bu xəbərləri oxucuya verməkmi hörmətsizlikdir, yoxsa verməmək? Bax bu suallar doğrudan hələ açıq qalır. Bu suala mənfi və ya müsbət cavab verənlərin heç birini də kəskin qınamaq doğru deyil”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı bu cür hadisələrin ört-basdır edilməsini doğru saymadığını deyib: 

"Doğrusu, o hadisəni izləmədim, lakin sosial şəbəkələrdə geniş müzakirə olundu və bəzi saytlarda məlumatlar yayıldı. Məncə, belə hadisələr ört-basdır edilməməlidir, mətbuat bu barədə yazmalıdır, lakin bəzi şərtlərə riayət edilmək şərti ilə. Azyaşlının şəklini, tam formada ad-familiyasını yazmaq doğru deyil”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb