İlham Tumas: “Əvvəlcə ictimai qınağın heç də ictimai linc olmadığını anlamalıyıq”
Mətbuat mənfi tendensiyaları ictimai qınağa çıxara bilər
Emil Hüseynli: “Bizim cəmiyyətdə ictimai qınaq məsələsi daha çox sosial mövzuda təsirini göstərir”
İlham Tumas: “Əvvəlcə ictimai qınağın heç də ictimai linc olmadığını anlamalıyıq”
İlham Tumas: “Əvvəlcə ictimai qınağın heç də ictimai linc olmadığını anlamalıyıq”
Əli Zülfüqaroğlu: "Məsələ düşündüyümüz qədər sadə deyil”
Mənsur Rəğbətoğlu: "Burada cəmiyyətin nə istədiyi məsələsi də var”
(əvvəli ötən sayımızda)
Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Bəs ictimai qınaq nədir? Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir.
Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur. Bəs maraqlıdır, görəsən, mediamızda ictimai qınağa yer verilirmi? Ümumiyyətlə, Azərbaycan media məkanında ictimai qınaq hansı səviyyədədir?
Sualımızı cavablandıran "Trend” informasiya agentliyinin baş direktorunun müavini Emil Hüseynli "Şərq”ə bildirib ki, cəmiyyətdə mənfi tendensiyanın qarşısının alınması, kiminsə haqqının yeyilməməsi üçün mediada ictimai qınağın olması önəmlidir. Ekspertin sözlərinə görə, xüsusilə, bir sistemdən digər sistemə keçid dövründə ictimai qınağa böyük ehtiyac yaranır:
"Azərbaycan müstəqilliyinin 25-ci illiyini yaşayır və sözsüz ki, bizim cəmiyyət qocaman Avropa ölkələrinin cəmiyyətlərindən fərqli olaraq bir çox qüsurları ictimai qınaq olmadan aradan qaldıra bilmir. Əgər hələ də Azərbaycan cəmiyyətində zibili eyvandan atmaq kimi adi məişət hallarına rast gəliriksə, demək, media daha çox ictimai qınağa yer ayırmalıdır. Biz bu gün ictimai nəqliyyat vasitələrində insanların kobud davranışlarının şahidi oluruqsa, demək medianın da bunu ictimai qınağa çevirə bilməməsində ictimai məsuliyyəti var”.
E.Hüseynlinin fikrincə, mediada ictimai qınaq məsələsini iki yerə ayırmaq lazımdır - xarici və daxili cəmiyyətə: "Əslində Dağlıq Qarabağ kimi yaralı mövzumuz olduğu üçün Azərbaycan mediası xarici cəmiyyətə ictimai qınaq məsələsinə də ciddi önəm verməlidir. Düşünürəm ki, Azərbaycan mediası Ermənistan cəmiyyətinə təsir göstərmək imkanını yarada bilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan hakimiyyətinin fəaliyyəti ilə bağlı o cəmiyyətdə ictimai qınaq yarada bilirik. Bundan başqa, qonşu Rusiya, Türkiyə, İran, Gürcüstan və digər MDB ölkələrində ictimai qınaq yarada bilirik. Ancaq bu, məncə, yetərincə deyil. Düşünürəm ki, media rəhbərləri bu mövzuya daha çox diqqət yetirməli, xarici ölkə ekspertlərindən səmərəli istifadə etməlidir. Bizim cəmiyyətdə isə ictimai qınaq məsələsi daha çox sosial mövzuda təsirini göstərir. Məsələn, son dövrlər həkim məsuliyyəti ilə bağlı mediada ictimai qınaq formalaşıb. Ancaq bir məsələni də unutmaq lazım deyil. İctimai qınaqdan da sui-istifadə hallarına yol vermək olmaz. İctimai qınaqla qərəzli kampaniyanı qarışdırmaq olmaz. Təəssüf ki, Azərbaycan mediasında bəzən bu hallara rast gəlmək olur”.
"Mediada yer alan ictimai qınaq cəmiyyətimizə təsir göstərə bilirmi” sualına gəlincə, ekspert söyləyib ki, Azərbaycan cəmiyyəti ilə bağlı bu gün mediamızda ictimai qınağa yer ayrılsa da, bu, kifayət qədər deyil: "Bəlkə də bu, ictimai qınağın cəmiyyətə az təsirindən irəli gəlir. İnsanların düşüncə tərzini, ictimai davranış qaydalarını dəyişdirmək üçün media indikindən qat-qat daha çox ictimai qınaq məsələsinə fikir verməlidir. Digər bir tərəfdən də ictimai qınağın daha təsirli olması üçün medianın özü saflaşmalıdır. Təəssüfləndirici haldır ki, bu günə qədər hələ də "reket jurnalistikası” öz aktuallığını saxlamaqdadır. Digər tərəfdən qərəzli, sifarişli yazılar yox dərəcəsində deyil. Mediada bu cür hallar olduqca, onun cəmiyyətə ictimai qınaq vasitəsilə təsiri minimuma enəcək. Hesab edirəm ki, media nümayəndələri bu məsələyə də həssas yanaşmalıdır. Bir sözlə, mediada ictimai qınağın təsir imkanları olsa da, bu, yetərincə deyil”.
Tanınmış jurnalist İlham Tumas bildirib ki, bizim düşüncəmizdə ictimai qınaq daha çox kimisə linc eləməkdir:
"Biz həm mətbuatda, həm də sosial şəbəkələrdə ictimai qınaqla yox, daha çox, dediyim kimi, insanları hansısa səhvi üzündən sındırmağa, təhqir eləməyə meyilliyik. Bu baxımdan, düşünürəm ki, əvvəlcə ictimai qınağın heç də ictimai linc olmadığını anlamalıyıq. Deməli, indiki durumda ictimai qınaqla kimisə düz yola gətirmək əvəzinə, həmin kimsəni daha da hamıdan uzaqlaşdırırıq”.
Jurnalist Əli Zülfüqaroğlu isə hesab edir ki, mediada ictimai qınaq məsələsinə o qədər də yer ayrılmır: "Demək olar ki, bu tipli mövzulara rast gəlinmir. Daha çox sosial şəbəkələrdə belə məsələlərlə bağlı statuslara və müzakirələrə rast gəlinir”.
Həmkarımızın qənaətincə, təəssüf ki, mediada ictimai qınaq olmadığına görə bu özünü heç nədə göstərmir: "Hazırda sosial şəbəkələr televiziya, radio, qəzet və saytları üstələyir. Burada xüsusilə feysbuku qeyd edə bilərik. Ona görə də hesab edirəm ki, sosial şəbəkələrdə bu tipli məsələlərə daha çox yer verilməsi cəmiyyətə az da olsa təsir edə bilər, nəinki ənənəvi mediada. İctimai qınaq yaradan problemlərin kökü müxtəlifdir və buna görə də məsələyə kompleks yanaşılması zəruridir. Təkcə media vasitəsilə bunu aradan qaldırmaq qeyri-mümkündür. Burada ailə tərbiyəsindən tutmuş, təhsilə qədər məsələlər rol oynayır. Təhsil sistemindəki bərbad durum, gənclərin təhsildən yayınması, sosial problemlər, işsizlik, mütaliəyə marağın olmaması və bir sıra səbəblər cəmiyyətimizdə arzuolunmaz mənzərə yaradır. Nəticədə biz elə paytaxt Bakıda tez-tez aşağı səviyyəli, düşüncəsiz hərəkətlərin şahidi oluruq. Ona görə də ictimai qınağın mediaya daha çox daşınması və bunun cəmiyyətə təsiri ilə bu tipli problemləri həll edə bilmərik. Sadaladığım məsələlərin hər birini yaradan dərin kökləri var və araşdırılması zəruridir. Götürək elə təhsili. Təhsilə niyə maraq azdır? Bu sualın arxasında araşdırılması uzun zaman alan problemlər var... Ona görə də məsələ düşündüyümüz qədər sadə deyil və bunu media vasitəsilə cəmiyyətə təsir etməklə aradan qaldırmaq olmaz”.
Jurnalist Mənsur Rəğbətoğlu qeyd edib ki, günümüzü məşğul edən məsələlərin əksəriyyətinin müzakirəsi məhz ictimai qınaq üzərindən aparılır: "Məsələn, bir neçə ay əvvəl müğənni Vasif Məhərrəmli onun kəmərini tənqid edənləri sosial şəbəkələrdə təhqir etdi. Haqlı olaraq, media onun üzərinə getdi. Oxuya bilmədikləri halda populyar edib, baş tərəfdə oturtduğumuz digər manıslar da Vasif Məhərrəmli kimi tez-tez söyüşlərlə, etdiyi tərbiyəsizliklərlə gündəmə gəlirlər. Cəmiyyət tərəfindən belələri qınanılır və məsələ medianın müzakirəsinə çıxarılır. Əlbəttə, media qurumları üçün belə qınaqlar daha yaxşıdır, nəinki ağır yükü olan problemləri gündəmə çıxarmaq. Görünən budur ki, media qurumları belə məsələlərdən, daha doğrusu, ictimai rəyin yaratdığı fikirləri şaxələndirməkdən daha çox gəlir əldə edirlər. Sırf gəlir məsələsinə görə, əksər qurumlar ictimai qınağa yer verməkdə maraqlıdırlar. Aralarında məsələnin maarifləndirmə tərəfini görənlər də az deyil. Amma burada cəmiyyətin nə istədiyi məsələsi də var. Bizim insanlar mübahisə yaradan məsələləri çox sevirlər və buna görə də oxunma sayını artırmaq istəyən media cəmiyyətin arxasınca gedir. Yenə də buradan qazanan media və tənqid olunanlar olur, biri pul qazanır, biri özünü reklamla populyarlıq”.
Həmkarımızın sözlərinə görə, media daha çox populyar insanların, nüfuzlu şəxslərin təhqirlərini gündəmə gətirir. Çünki insanlar belə istəyirlər: "Düzdür, dəfələrlə ermənilərin Azərbaycana qarşı apardıqları kampaniyaların da gündəmə çıxarılmasının şahidi olmuşuq, amma bu, çox az hallarda baş verir. Çünki günümüzün tələbatı həzmi asan məsələlərlə müəyyən olunur. Bu, şüur və dünyagörüşü məsələsidir. Günümüzdə cəmiyyətlərin ağırlığı həm də onun mediasının hansı işlə məşğul olması ilə də ölçülür. Təkcə Azərbaycanda belə deyil, dünyanın əksər ölkələrində eyni problem var. Bir qadın müğənninin soyunmasının yaratdığı ictimai qınaq və medianın məsələnin üzərinə bu qədər getməsi, digər problemlərdə özünü o qədər də qabarıq göstərmir”.
M.Rəğbətoğlu hesab edir ki, sosial şəbəkələrin təsirləri mediadan daha güclüdür: "Mediadan fərqli olaraq, insanlar sosial şəbəkələrdə öz fikirlərini açıq-saçıqlığıyla ifadə edə bilirlər. Medianın isə öz şərtləri və müəyyən etdiyi kodekslər var. Medianın müzakirə etdiyi ictimai qınaq yaradan məsələlər cəmiyyətə mənfi təsir göstərir, onun fərdlərini bayağılaşdırır.
Mövzuların daha çox eyni səpkili olması düşüncələri də məhdudlaşdırır. Müzakirələr demək olar ki, eyni məsələlər ətrafında təşkil olunur. Buna görə də, insanlarımızın düşüncə qəliblərinin daralmasında bir sıra media qurumlarının əvəzsiz xidmətləri var. Mövzuların ağırlığını bir qədər artırmaq lazımdır, insanlara öyrətmək lazımdır ki, dünya təkcə Aygün Kazımovanın paltar qarderobu boyda deyil. Bunun Suriyası, Dağlıq Qarabağı, Ukraynası, Türkiyəsi, Yaxın Şərqi var”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb