Metro intiharları: maşinistlərin də həyatını təhlükəyə atırlar

Metropoliten rəhbərliyinin xalqa müraciəti müsbət dəyərləndirilməlidir
Əliməmməd Nuriyev: “Axı maşinist hardan bilsin ki, kimsə intihar məqsədi ilə özünü qatarın altına atacaq?”



Bakı metrosunda daha bir insident olub. Hadisə Bakı Metropoliteninin "Nəriman Nərimanov”
stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı
vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb. Qeyd edək ki, srağagün də analoji hadisə baş verib.
Bir kişi özünü "İçərişəhər” - "Həzi Aslanov” istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən
qatarın altına atıb. İntihara cəhd edən 1951-ci il təvəllüdlü Əhmədov Nəsir maşinistin sayıqlığı
nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Şübhəsiz ki, insanların gözü önündə intihara cəhd
başqalarını da bu yola təhrik edir. Xüsusən də, metro kimi əhəmiyyətli məkanlarda bu cür
hadisələrin yaşanması cəmiyyət üçün təhlükəli tendensiyadır. Məhz bu səbəbdən də Bakı
Metropoliteni metroda intihar cəhdləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Qurumun mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında deyib ki, son iki gündə metroda ikinci intihar
cəhdinin qeydə alınması narahatlıq yaratmaya bilməz: "Hər iki hal yalnız və yalnız
maşinistlərimizin sayıqlığı nəticəsində faciə ilə nəticələnməyib. Vətəndaşlar öz həyatları ilə bərabər,
maşinistlərin həyatı üçün də təhlükə yaradırlar. Eyni zamanda belə hadisə zamanı metrodan istifadə
edən yüzminlərlə sərnişin də böyük narahatlıq keçirir, gecikmələr yaranır. Vətəndaşlardan öz
həyatlarına və ətrafdakı insanların həyatlarına diqqətlə yanaşmağı xahiş edirik”.

Bakı Metropoliteninin son zamanlar metroda intihara cəhdlərin artması fonunda vətəndaşlara
müraciət etməsini müsbət dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun prezidenti,
hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, onsuz da özünü qatarın altına atan adam həyatını
itirsə belə, buna görə nə metropoliten rəhbərliyi, nə də maşinistlər məsuliyyətə cəlb olunur: "Axı
maşinist hardan bilsin ki, qatar platformaya yaxınlaşanda kimsə intihar məqsədi ilə özünü qatarın
altına atacaq? Bu, maşinistin iradəsindən asılı olmadığı üçün qarşısını almaq imkanına da sahib
deyil. Təbii ki, ayıq-sayıq davranan maşinistlər mümkün olduğu halda ölüm faktının qarşısını ala
bilər. Amma ala bilməsə belə, buna görə onu təqsirləndirmək doğru yanaşma deyil”.
Fond prezidentinin sözlərinə görə, metroda intihara təşəbbüs edən insanlar öz həyatları ilə yanaşı,
digər vətəndaşların həyatını təhlükəyə atır, maşinistlərin gərgin anlar yaşamasına səbəb olur:
"Kiminsə özünü qatarın altına atdığını görən maşinist ölüm baş verməsin deyə qəfildən əyləci
basanda istər-istəməz qatarda çaxnaşma yaranır. Sərnişinlər biri-birinin üzərinə yıxılır və bu da sonnəticədə yaşlı adamlar, uşaqlar üçün ciddi problemlər yarada bilər. Belə olan hallarda maşinistlər də
gərgin anlar yaşayıb, ciddi psixoloji stress keçirə bilir”. Bəzən intihar edən şəxslərin affekt
vəziyyətində olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, Bakı Metropoliteninin
müraciəti məhz bu cür insanları intihar fikrindən daşındırmağa və vətəndaşların biri-birinə olan
diqqətini artırmağa hesablanıb: "Düzdür, bəzi hallarda hansısa bir ciddi xəstəliyi, psixoloji
çatışmazlıqları olan insanlar da qəfildən qatar tunelinə düşə bilirlər. Amma vətəndaşlar konkret
olaraq intihar haqqında qərar qəbul edir və bu addımı atırlar. Metropoliten rəhbərliyinin bu bəyanatı
da məhz bu şəxsləri intihar fikrindən uzaqlaşdırmağa hesablanıb. Bir nəfərin özünə qəsdi çoxsaylı
insanların həyatı üçün təhlükə yaradır, ən azından vaxtlarını alır. Metropolitenin də iş rejimini
pozur, qatarların qrafikasında müəyyən ləngimələr olur. Ən önəmlisi də öz həyatları bahasına başa
gəlir. Hesab edirəm ki, sərnişinlər də biri-birinə qarşı laqeyd olmamalı və imkanları varsa, insanların
özlərini qatarın altına atmasına mane olmalıdırlar”.

Şəymən