"Metro stansiyalarından birinə Mübariz İbrahimovun adı verilsin !"-Nazirlər Kabinetinə müraciət edilə bilər





Son zamanlar sosial şəbəkə və eləcə də cəmiyyətdə metro stansiyalarından birinə böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız Mübariz İbrahimovun adının verilməsi təklifi gündəmə gəlib. Və əksəriyyət bunu müsbət dəyərləndirərək qeyd edib ki, məsələ reallaşarsa, bu, ölkədə milli vətənpərvərlik ruhunun aşılanması istiqamətində böyük örnək olar.

Biz də "Sherg.az" olaraq təklifin nə dərəcədə real olması ilə bağlı "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.

O diqqətə çatdırdı ki, metro stansiyalarının adını Metropoliten vermir:

"Metrostansiyalar açılmağa yaxın Nazirlər Kabineti tərəfindən adı müəyyən olunur. Ümumiyyətlə, bu cür əhəmiyyətli obyektlərə adı təsisçi qurumlar vermir. Bu yuxarı strukturların dəqiqləşdirdiyi məsələdir”.

N.Paşayev onu da əlavə edib ki, ehtiyac olarsa, vətəndaşların bu təklifləri nəzərə alınaraq, Metropoliten tərəfindən Nazirlər Kabinetinə müraciət edilə bilər:

"Həmçinin ayrı-ayrı təşkilatlar və fərdi şəxslər səviyyəsində də müraciət edilib, təkliflər səsləndirilə bilər. İstənilən halda yekun qərarı Nazirlər Kabineti verəcək”.

Aysel Aslan