Stansiyaların tikilməsindən tutmuş avadanlıqların, qatarların alınmasına qədər bütün xərcləri dövlət çəkir
Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib. Yayılan məlumatlara görə, gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir. Məsələyə aydınlıq gətirən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bu məsələnin hazırda müzakirə edilmədiyini deyib:
"Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.
Zaman-zaman metroda gedişhaqlarının artacağına dair məlumatların mətbuatda yer aldığının vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, bu tipli xəbərlərlə bir növ ictimaiyyətdə rəy formalaşdırmağa çalışırlar:
"Bakı Metropoliteni QSC-dən zaman-zaman sərnişinlərin daşınma xərcinin hazırkı tarifdən 2-3 dəfə daha baha olması haqqında açıqlamalar gəlir. Guya ki, metroda daşınma xərcinin maya dəyəri daha çoxdur.
Amma heç bir açıqlama vermirlər ki, hansı hesablamalara əsasən bu qənaətə gəliblər. Axı, Bakı Metropoliteni dövlət büdcəsindən subsidiya alan ən böyük təşkilatlardan biridir. Əgər dövlət tərəfindən subsidiya ayrılırsa, deməli, metropolitendə sərnişin daşınmasının maya dəyəri bu qədər baha olmamalıdır. Təbii ki, dövlət Metropolitenə ayırdığı maliyyəni tamamilə kəssə və sözügedən qurum özünü maliyyələşdirmə sisteminə keçsə, normal standartlara uyğun audit olsa, xərclər hesablansa və bu xərclərin azaldılması yolunda müəyyən addımlar atılsa, gələcəkdə qiymət artımına gedilməsi istisna olunmur. Dövlət subsidiya ayırdığı müddətdə isə gedişhaqqının artırılmasını və əlavə xərclərə ehtiyac duyulduğunu qabartmaq absurddur. Yeni metro stansiyalarının tikilməsindən tutmuş avadanlıqların, qatarların alınmasına qədər bütün xərcləri dövlət çəkir. Metropoliten hansı səbəblərdən qiymətləri qaldırmaq istəyir, bunu izah etməlidir. Əgər məntiqli arqumentləri olmadığı üçün susurlarsa, deməli, qiymət artımını şərtləndirən iqtisadi zərurət də yoxdur”.
Avtobus marşrutları ilə bağlı vəziyyətin də aşağı-yuxarı eyni cür olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, xüsusən də Bakıda keçirilən beynəlxalq yarışlarla əlaqədar xeyli sayda avtobuslar alınıb. Bütün bunlar da dövlətin vəsaiti hesabına əldə olunub və nəqliyyat sahəsində çalışan şirkətlərə idarəetməyə verilib. Bu mənada ictimai nəqliyyatın bütün növlərində qiymətlərin artırılması məntiqli deyil: "Ümumiyyətlə, dünya praktikasına uyğun olaraq ictimai nəqliyyat bələdiyyələrin nəzdinə verilməsi daha məqsədəuyğun olardı. Ancaq hazırkı mərhələdə dövlət hesabına xərclənən vəsait əlavə yük kimi vətəndaşları çiyninə qiymət artımı kimi qayıtmamalıdır”.
Şəymən