Meyitdən donor kimi istifadə asan deyil

Zamanla cəmiyyət də buna alışacaq, insanlar da faydalanacaqlar
Musa Quliyev: “Donor orqan plantasiyası yalnız zəruri hallarda müqavilə ilə bağlanmış ölkələr arasında həyata keçiriləcək”


Sevindik Arazov: "Hər hansı bir orqanı xəstə olan insanın qohum-əqrəbasında ona orqan verəcək bir şəxs yoxdur, amma pulu var. Bu insan nəyə görə hansısa dünyasını dəyişmiş insanın orqanları hesabına
yenidən ayağa qalxmasın”





Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək. Bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir. Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı da müəyyənləşib. Dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Xaricdən donorun gətirilməsinə dair qanunda nəzərdə tutulan dəyişikliyi "Sherg.az”a şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, xaricdən ölkəmizə və ya ölkəmizdən xaricə donor orqanlarının aparılıb, gətirilməsi bu səhənin inkişafına zəmin yaradacaq.
Onun sözlərinə görə, bütün bunlar orqan transplantasiyası haqqında qanununa əlavə və dəyişikliklərin olunması ilə əlaqədardır:

"Təxminən qanunun 16 maddəsinə 40-dan çox əlavə-dəyişiklik edilib. O cümlədən səkkiz yeni maddə əlavə olunub. Ümumilikdə müzakirələr yenə davam edəcək. Bu ancaq komitə səviyyəsində keçirilən müzakirələrdir. Xaricdən orqan gətirilməsi və yaxud xaricə donor orqanının nəqli məsələsi böyük bir sualdır. Bu, Azərbaycanda və dünyanın hər hansı bir ölkəsində donorluğun inkişafında müsbət bir istiqamətdir. Sadəcə icazə verirlər ki, bir insana təcili şəkildə donor orqan lazımdırsa, müqavilədə olan ölkələrin birindən donor orqanı gətirilsin.

Əsas məsələ buradakı donorçuluğun inkişafı üçün həmin ölkənin özündə meyitdən donor orqanının götürülməsi məsələsinin təşkil olunmasıdır. Bu qanunda dəyişikliyin əsas istiqaməti meyitdən orqan götürülməsinin hüquqi bazasının yaradılmasıdır. Bu sahədə əsas məsələlərdən biri beyin ölümünün kriteriyalarının müəyyənləşdirilməsi, bununla bağlı klinikaların açılması və bu sahələrdə hüquqi münasibətlərin tənzimlənməsidir”.

Orqanların transplantasiyasının bütün dünyada pulsuz olduğunu vurğulayan M.Quliyevin sözlərinə görə, donorlar dövlət tərəfindən alınmayacaq. Bu, humanist əsaslara, insanlığa söykənən bir proses olduğu üçün burada xaricdən çoxlu sayda və davamlı şəkildə donor orqan gətirilməsindən, ya da Azərbaycandan xaricə aparılmasından söhbət getmir: "Xaricdən orqanların gətirilməsi yalnız ölkələrarası birgə müqavilələr olduqda və təcili hallarda həyata keçiriləcək. Yoxsa, sistemli şəkildə bunu etmək mümkün deyil. Çünki orqan alınıb- satılacaq bir şey deyil. Onun ticarətinin hüquqi tərəfləri yoxdur. Donor orqan plantasiyası yalnız zəruri hallarda müqavilə ilə bağlanmış ölkələr arasında həyata keçiriləcək”.

Azərbaycan vətəndaşlarının orqan köçürülməsi prosesinə hazır olduğunu deyən "Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazovun sözlərinə görə, bu proses elə bir ciddi problem yaratmayacaq:

"İlk dönəmlərdə şimal qonşumuz Rusiyanın bir subyekti olan Çeçenistanda 90-cı illərdə fərqli bir üsuli-idarə yaranmışdı və aborta icazə verilmirdi. Yeni-yeni ciddi ginekoloji problemlər yaşandı, amma sonradan cəmiyyət bu qadağalara riayət etməyə başladı. Türkiyənin özündə belə meyitdən orqan köçürülməsi məsələsi kifayət qədər çətinliklər yaradır”.

Həkimin sözlərinə görə, hər hansı bir orqanı xəstə olan insanın qohum-əqrəbasında ona orqan verəcək bir şəxs yoxdur, amma pulu var. Bu insan nəyə görə hansısa dünyasını dəyişmiş insanın orqanları hesabına yenidən ayağa qalxmasın: "Mənim fikrimcə, Azərbaycanda meyitdən orqan köçürülməsinin geniş yayılması tibbin inkişafına stimul verəcək. Ola bilsin ki, ilk başlarda cəmiyyətimiz buna isti münasibət göstərməsin, mentalitet gərəyi müəyyən çətinliklər yaşansın. Unutmayaq ki, işi başlamaq onun yarısını həll etmək deməkdir. Əvvəllər Azərbaycanda yaxınını itirən heç kəs meyiti yarıb, ekspertiza etməyə icazə vermirdi. Dünyasını dəyişən şəxsin ölüm səbəbi sirr olaraq qalırdı, təbabətimiz də axsayırdı. Bu gün isə artıq bu məsələ problem olmaqdan çıxıb”.
S.Arazovun sözlərinə görə, Azərbaycanda meyitdən orqan köçürmək potensialına sahib kifayət qədər mütəxəssis var: "Tanıdığım, bildiyim həkimlər arasında meyitdən orqan köçürə biləcək çox yaxşı mütəxəssislər var, hansı ki hər biri Türkiyədə, Avropada təhsil alıb. Sadəcə onlara şərait yaradılmalıdır. Şərait də ondan ibarətdir ki, qanunla icazə verilməli və müvafiq tibbi avadanlıqlarla təmin edilməlidir”. Meyitdən götürülən orqanların rayonlara çatdırılmasına gəldikdə isə həkim deyib ki, bu cür əməliyyatlar ancaq Bakıda və Naxçıvanda həyata keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycanın bir ucundan o biri ucuna 4 saat ərzində getmək mümkün olmadığı üçün rayonlarda orqan köçürülməsi əməliyyatını həyata keçirmək düzgün deyil. Tibb Universitetinin Cərrahiyə Klinikası və Neftçilər Xəstəxanasında, Gömrük Hospitalında orqan köçürülməsi üçün şərait var. Faktiki olaraq bu tibb ocaqlarında xəstələrə orqan köçürülür. Müvafiq qərardan sonra meyitdən də orqan köçürülməsini problemsiz həyata keçirə bilərlər.

Şəymən