Son illərdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli və qardaşlıq əlaqələrində görünməmiş səviyyədə yüksək dinamika müşahidə olunur.
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
Diplomat iki ölkə arasında ən yüksək səviyyəli diplomatik təmasların intensiv xarakter aldığını diqqətə çatdırıb. Səfir xatırladıb ki, ötən ilin noyabrında Azərbaycanın Qələbə Gününün 5-ci ildönümü paradı çərçivəsində möhtərəm Prezident İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri və feldmarşalı Bakıda səfərdə olublar.
O, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin oktyabr ayında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sammitində iştirak edəcəyini diqqətə çatdırıb.
Səfirin sözlərinə görə, ticarət, investisiya, müdafiə, enerji və xalqlararası əlaqələr sahəsində əməkdaşlıq sürətlə genişlənir: "Ötən il Azərbaycana 90 mindən çox pakistanlı turist səfər edib. Biz münasibətlərimizdə çox həyəcanlı və görünməmiş bir mərhələdəyik. İnşallah, bundan sonra da ikitərəfli əlaqələrimiz üçün yeni zirvələr müəyyənləşdirəcəyik".
Pakistanın Qarabağın bərpasında iştirak planlarına toxunan Qasım Mohiuddin ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb:
"Biz çətin relyefə malik ərazilərdə yollar və binalar inşasında zəngin təcrübəyə malik beynəlxalq standartlı tikinti şirkətlərimizlə Qarabağdakı yenidənqurma prosesinə qoşulmağa tam hazırıq. Eyni zamanda, həkimlərimizin və müəllimlərimizin bölgəyə gəlişini təmin etməyə şadıq. İnşallah, yeni fəaliyyətə başlayan Qarabağ Universitetində pakistanlı tələbələr də təhsil alacaqlar. Azərbaycan və Pakistan bir ölkə, bir qardaşdır və biz istənilən sahədə dəstək verməyə hazırıq".