Millət vəkilləri Rusiyanı “topa tutdular”, Rasim Musabəyov etiraz etdi

“Mən Qarabağ danışıqları prosesindən Rusiyanın kənarlaşdırılması fikri ilə razı deyiləm”



Ötən gün Milli Məclisin növbəti iclası keçirilib. Toplantıda spiker Oqtay Əsədov cari məsələlərə yer ayırıb. İclasın gündəliyinə 37 məsələ daxil edilib. Yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında” qanun layihəsi isə gündəlikdən çıxarılıb. Qanun layihəsi növbəti iclasda gündəliyə daxil ediləcək.

"Sarkisyan aprel döyüşlərində gizlənmək üçün siçan dəliyini Moskvada tapdı”

İclas son vaxtlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə deputatların etirazı ilə başlayıb. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksləri verməsi, düşmən ölkə Prezidenti Serj Sarkisyanın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir: "Sarkisyan aprel döyüşlərində gizlənmək üçün özünə siçan dəliyi axtarırdı. Amma Moskvada siçan dəliyi tapandan sonra bizə meydan oxumağa başlayıb. Arxasında Rusiyanın ona verdiyi "İsgəndər” raketini hiss edib, belə "cəsarətlə” çıxış etməkdədir. Azərbaycan Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır və mən də dəfələrlə bəyan etmişəm ki, Rusiya ilə münasibətlərimizi inkişaf etdirməliyik. Amma o da bəllidir ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır. Rusiya-Ermənistan münasibətlərinin bu səviyyəsi Rusiya-Azərbaycan münasibətlərinə uyğun gəlmir. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğu bəyan edilsə də, reallıq bunun əksini sübut edir. Artıq buna göz yummaq olmaz. Rusiyaya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik. Əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, o zaman Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir. Belə olmayacaqsa, Azərbaycan-Rusiya münasibətlərinə yenidən baxılmalıdır. Rusiya Azərbaycana qarşı münasibətini dəyişməzsə, o zaman Azərbaycan İsrail, Pakistan və digər ölkələrlə daha çox yaxınlıq etməlidir”.

"Sanki görünməyən bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir”

Deputat Fazil Mustafa rusdilli media ilə bağlı kəskin narazılığını bildirib. O, ilk öncə "MİR” telekompaniyası ilə bağlı iradlarını səsləndirib: "MİR” telekanalı Azərbaycanda yayımlansa da, bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Əksinə, ermənilərin qondarma soyqırımı haqqında reportajlar, verilişlər hazırlayırlar. Belə olan halda, bu telekanalın yayımlanmasına nə ehtiyac var? Niyə biz onlara pul ödəyirik? İmtina edib, başqa telekanallarla əməkdaşlıq etsək olmazmı? Eyni zamanda "Bakinski raboçi” qəzeti illərdir Azərbaycanda çap olunur. Hansı ki, onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, bu qəzet iki erməninin redaktorluğu ilə nəşr edilib. Onlardan biri də xalqımızın qatı düşməni olan Stepan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanın irsini niyə davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”. Millət vəkili son günlər Azərbaycana gələn ermənilərin səfərlərinə də etiraz edib: "Sanki görünməyən bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların bura sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Hesab edirəm ki, xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər”.

"Bu qəddar Sarkisyan rejimindən canınızı qurtarmaq istəyirsizsə...”

"Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”. Bu sözləri isə deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, Qarabağla bağlı bütün mümkün olan və olmayan addımları atmalıyıq: "Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Bu qəddar Sarkisyan rejimindən canınızı qurtarmaq istəyirsizsə, Azərbaycanın tərkibində yaşamaq istədiyinizi tələb edin”. Z.Oruc onu da söyləyib ki, Azərbaycan Xocalı qatilləri olan erməniləri bağışlamayacaq: "Onlara belə bir mesaj göndərməliyik ki, əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

"Azərbaycan NATO-ya bərabərhüquqlu üzvlük üçün müraciət etməlidir”

Millət vəkili Fərəc Quliyev Rusiyanın ünvanına kəskin ittiham səsləndirərək deyib ki, Ermənistana rəsmi Moskvanın hərbi dəstək verməsi, onun Minsk Qrupundakı mövqeyinə xələl gətirir: "Bu çox təhlükəli bir məsələdir. Rusiyanın Ermənistanla hərbi birləşmə yaratması çox ciddi problemdir. Biz mümkün qədər Rusiya ilə əməkdaşlıqda maraqlı olduğumuzu əməldə ortaya qoymuşuq. Amma Moskvanın addımları ikrah doğurur. Ermənistanla hərbi birləşmənin bizimlə bağlı olmadığı deyilir. Amma biz 366-cı motoatıcı alayı unutmamışıq. Həmçinin bu iki ölkə arasındakı hərbi birləşmənin dislokasiya yeri haradır? Naxçıvanla Qarabağ arasındakı ərazidir. Bu bizim təhlükəsizliyimiz üçün ciddi problemdir. Hesab edirəm ki, Azərbaycan da NATO-ya bərabərhüquqlu üzvlük üçün müraciət etməlidir. Ermənistan qorunmaq üçün müttəfiq kimi Rusiyanı görürsə, o zaman bir də NATO əməkdaşlığına üstünlük verməliyik”.

"Biz Qarabağ danışıqlarını əyalətə dönən Ermənistanla deyil, bu əyalətin ağası Rusiya ilə aparmalıyıq”

Deputat Asim Mollazadə də Kremlin ünvanına sərt ittihamlar səsləndirib. O deyib ki, Ermənistanın bütün strateji sahələri Rusiya tərəfindən özəlləşdirilib: "Ermənistan bu gün faktiki olaraq Rusiyanın bir hərbi əyaləti olduğundan müstəqil ölkə deyil. Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənilərin həqiqi ağası, sahibi olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır”. Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizləndiyini deyən millət vəkili təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqırımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən ermənilərin Azərbaycana təhvil verilməsini istəməlidir: "Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisiyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqırımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina edilməlidir”.

"Sarkisyanın lovğalanması Rusiyaya güvəndən irəli gəlir”

Millət vəkili Rasim Musabəyov isə Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb: "Bayaqdan həmkarlarım Rusiya ilə münasibətlərlə bağlı müxtəlif fikirlər səsləndirdilər, təkliflər verdilər. Mən razıyam, Rusiya Azərbaycanla bağlı heç də yaxşı mövqe tutmur. Aprel döyüşlərində Sarkisyan qorxusundan bilmirdi nə etsin. Rusiyanın təkidi ilə əməliyyatlar dayandırıldı. Biz gözlədik ki, Rusiya Ermənistanı yola gətirəcək. Amma indi əksini müşahidə edirik. Faktiki olaraq Ermənistan Qarabağ danışıqlarından yayınır. Sarkisyan isə lovğalanmaqla məşğuldur. Bu lovğalıq da Rusiyaya güvəndən irəli gəlir. Bununla bağlı Moskvaya etirazımızı bildirməliyik. Amma mən Qarabağ danışıqları prosesindən Rusiyanın kənarlaşdırılması fikri ilə razı deyiləm. Rusiya Minsk Qrupunun həmsədri olmaqla yanaşı, Qarabağ münaqişəsində önəmli rola malikdir. Buna görə də, Rusiya ilə münasibətləri pozmaq yox, əksinə, genişləndirmək lazımdır. İndi Rusiyanın Ermənistanla hərbi birləşmə yaratdığını deyirik. Bizim Türkiyə ilə belə bir birləşmə yaratmamıza kim əngəl törədir? Heç kim. Sadəcə bu birləşmələr sülhdən yox, bölgədəki hərbi toqquşmalara zəmin yaradar ki, bu da bölgə üçün lazımsızdır”.

"Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə qoyulmalıdır”

Xanım millət vəkili Qənirə Paşayeva isə Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını və işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib: "Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda ölkəmizə gələn turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə və ya monument qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş olacaq”. Deputat eyni zamanda deyib ki, Fransa parlamentinin 2 deputatı Ermənistanın işğalı altında olan Xankəndi bölgəmizə Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərək cinayətkar rejimin rəhbəri Bako Saakyanla görüşüblər: "Biz bunu qətiyyətlə pisləyirik. Məsələ burasındadır ki, son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirakçı olurlar. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın, qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər”.

Anar Bayramoğlu