Milli mətbuatımız 140 illik tarixi bir yol keçib

Baş yazarlar bu gün dövlətin jurnalistikaya qayğısından razılıq edirlər




Hər bir xalqın milli mətbuatı daima milli və dövlət maraqlarına xidmət etməlidir. Əlbəttə ki, mətbuatın ilk növbədə funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumi xalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər.

Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Bildiyimiz kimi, 1875-ci il iyul ayının 22-də Azərbaycan mətbu tarixinin əsasını qoyan "Əkinçi” qəzetinin nəşrinə başlanıb.

Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edirdi.

Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.

Bu il 140 illik yubileyini qeyd edən Azərbaycan milli mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

Maraqlıdır, milli mətbuatımızın140 illik yubileyi ilə bağlı media nümayəndələri, ölkə ictimaiyyəti nə düşünür? Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı ölkə başçısının Sərəncamı necə dəyərləndirilir?

"Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı yüksək qiymətləndirən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bu qayğı ümummilli lider Heydər Əliyev siyasətinə söykənir: "Azərbaycanda milli mətbuat 140 illik tarixi bir yol keçib. Həmin illər həm çətin, həm də şərəfli olub. 1990-cı illərdə Azərbaycanda mətbuat işçilərinə təzyiqlər, təqiblər mövcud olub. Mətbuat işçiləri də bu çətin vəziyyətin, anların şahidi olub. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi mətbuat sahəsinə də xüsusi önəm verilib. Mətbuatla bağlı çox dəyərli və bütün beynəlxalq prinsipləri gözləyən zəngin qanunvericilik bazası yaradıldı. İstər Azərbaycanın ilk 1995-ci ildə qəbul olunmuş milli Konstitusiyasında, istər 1999-cu ildə qəbul olunmuş "KİV haqqında” qanun (2002-ci ildə yenidən əlavə olunan "KİV haqqında” qanun) mütərəqqi qanunlardan biridir. Ulu öndər tərəfindən xüsusi sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın ləğv olunması ölkə mətbuatı tarixində çox tarixi və əlamətdar bir hadisədir. Bu gün Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarət mexanizmi yoxdur. Mətbuat tam sərbəst, müstəqil öz fəaliyyətini qurub və bu prinsiplərlə də inkişaf edir. Hesab edirəm ki, çox uğurlu inkişaf dövrünü yaşayıb və başa çatdırıb.

2005-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 130 illiyində dövlət başçısının xüsusi sərəncamı ilə Azərbaycanda Əməkdar jurnalist adının bərpa olunması, ölkənin aparıcı media orqanlarının əməkdaşlarının dövlətin ali mükafatları ilə təltif olunması, qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması və s. müstəqil ölkə mətbuatının inkişafına yönəlmiş qərarlar və töhfələrdir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq olunması, 2009-cu ildə isə belə bir Fondun yaradılması Azərbaycan mətbuat tarixində çox əlamətdar hadisədir. Fond müstəqil mətbuatın inkişafı yönümündə çox uğurlu layihələr həyata keçirir. Redaksiyaların maddi-texniki bazasının, jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması və bütövlükdə onların peşəkarlıqlarının artırılması istiqamətində və s. uğurlu işlər həyata keçirir. 2010-cu ildə Mətbuat Şurasının inzibati binasının açılışında cənab Prezident MŞ-nin İdarə Heyətinin üzvləri ilə görüşdə bir çox məsələlərə toxundu. Orada jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də aydınlıq gətirildi. Sonra elə həmin ildə ölkə rəhbəri tərəfindən jurnalistlər üçün yeni binanın tikintisinə başlanılması haqqında sərəncam verildi. Həmin mənzillər 2013-cü ildə jurnalistlərin ixtiyarına verildi. Bununla belə yeni binanın tikintisinin təməli qoyuldu. Bu hadisə dünyada analoqu olmayan bir hadisədir. Bu il isə Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzaladı. Sərəncamda da qeyd olunduğu kimi, ölkənin aparıcı media orqanlarının əməkdaşlarının dövlətin ali mükafatları ilə təmin olunması məsələsi yer alıb. Hesab edirəm ki, ölkə başçısı bu ənənəni ümummilli lider Heydər Əliyev siyasətinə söykənərək daha da inkişaf etdirir”.

"Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov da deyib ki, ölkə başçısının mətbuatı daim diqqət mərkəzində saxlaması müsbət tendensiyadır: "Mən bir jurnalist təşkilatının rəhbəri kimi ölkə başçısının Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamını yüksək dəyərləndirirəm. Sərəncama əsasən, milli mətbuatımızın 140 illik yubileyinin Bakıda və respublikanın bölgələrində geniş qeyd olunması, fikrimcə, ölkə başçısının Azərbaycan mətbuatına göstərdiyi diqqətin, qayğının təzahürüdür və bu, bütün jurnalistlərin ürəyincədir. Əslində bu sərəncam yenilik sayılmamalıdır. Çünki Prezident hər zaman mətbuatın, jurnalistlərin problemlərinə həssaslıqla yanaşıb. Cənab İlham Əliyevin beş il əvvəl milli mətbuatımızın yaranmasının 135 illiyi münasibətilə ölkə jurnalistlərinin mənzil probleminin həllinə yönəlik sərəncam imzalaması hamımızın xatirindədir və bu hadisə böyük sevincimizə səbəb oldu. Artıq jurnalistlər üçün tikilmiş binada onlarla həmkarımız öz rahatlığını tapıblar. Biz bu humanist addımı təqdir etməklə yanaşı, jurnalistlərin mənzil, eləcə də, müalicə və digər problemlərinin həllində Prezidentin böyük zəhmətinin olduğunu bilir və dəyərləndiririk”.

X.Əhmədov onu da nəzərə çatdırıb ki, bu gün artıq reallığa çevrilən mətbuatın inkişafına dəstəklə bağlı Dövlət Proqramının qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi müstəqil mətbuatımızın inkişafında çox mühüm rol oynayır: "Prezident tərəfindən atılan addımlar, təşəbbüslər təbii ki, Azərbaycanda söz azadlığının, fikir müxtəlifliyinin inkişafına müsbət təsir edən başlıca amillərdən hesab olunmalıdır”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFN) sədri Azər Həsrət isə bildirib ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkə mətbuatına xüsusi diqqət və qayğısı ilə seçilib. Azərbaycan mətbuatının tarixinə də dövlətimizin hər zaman hörmətlə yanaşdığını qeyd edən A.Həsrət müxtəlif tədbirlər vasitəsilə bu tarixin təbliğ olunması, öyrənilməsi üçün müəyyən addımların atıldığını da qeyd edib: "Azərbaycan mətbuatının 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam da bu qəbildəndir. Azərbaycan dövlətinin və cənab Prezidentimiz İlham Əliyevin şəxsən özünün Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabiyə, onun təməlini qoyduğu və mətbuatımızın ilk nümunəsi olan "Əkinçi” qəzetinə münasibəti, eyni zamanda, bu timsalda bütövlükdə Azərbaycan mətbuatına münasibəti baxımından bu Sərəncam olduqca yerinə düşür. Biz çox sevinirik ki, Azərbaycan mətbuatının 140 illiyi ən yüksək səviyyədə dövlət tərəfindən qeyd ediləcək”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ölkə Prezidenti İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının istər Azərbaycan ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə məlum olduğunu deyib. 2010-cu ildə ölkə Prezidentinin Mətbuat Şurasının binasının açılışı zamanı söylədiyi nitqini, o cümlədən, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasını ehtiva edən müvafiq Sərəncamını Azərbaycanın mətbuat tarixində müstəsna bir hadisə kimi dəyərləndirən R.Məcid 2013-cü ildə 156 jurnalistə dövlət tərəfindən ev verildiyini diqqətə çatdırıb: "Məhz bu diqqət və qayğının nəticəsi idi ki, Prezident İlham Əliyev iki dəfə jurnalistlərin dostu mükafatına layiq görülüb. Eyni zamanda, ölkə başçısı yazılı mətbuatın iqtisadi çətinliklərini nəzərə alaraq KİVDF-nin yaradılması ilə bağlı müvafiq addım atdı. Bu il də mətbuatımızın 140 illik yubileyi dövlət tərəfindən qeyd ediləcək. Baxmayaraq, bu yay ölkəmizdə mühüm idman yarışları - Avropa Oyunları keçirildi, milli mətbuatımız yenə də ölkə başçısının diqqətindədir. Biz də qəzetimizin kollektivi adından Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, jurnalistlər də bu etimadı doğruldacaqlar. Belə sərəncamlar həm jurnalistlər, həm də jurnalist olmaq istəyən gənclər üçün mühüm stimuldur”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb