"Minimum aylıq əmək haqqının artırılması insanların sosial müdafiəsini gücləndirəcək"





Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əmək haqqının məbləği 130 manat təşkil edib.

Sərəncamı yüksək dəyərləndirən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli "Sherg.az”a açıqlamasında qeyd edib ki, əhalinin sosial rifahının daha da yüksəldilməsi daim dövlətimizin diqqət mərkəzindədir: 

"Azərbaycanda sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. 

Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. 

Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti dövlətimizin prioritetləri sırasındadır. Sosial ədalət Prezident İlham Əliyevin yeni islahatlar kursunun prioritetlərindəndir. Əlbəttə, minumum əmək haqının 130 manatdan 180 manata yüksəldilməsi çox müsbət qiymətləndirilməldir, qiymətləndirilir də. Şübhəsiz ki, bu artım insanların sosial rifah halının yaxşılaşmasına və sosial müdafiəsinin güclənməsinə səbəb olacaq. 

Ötənlərdə cənab Prezidentin Şamaxıda baş verən zəlzələ nəticəsində zərər çəkən vətəndaşlarla görüşməsi, onların məsələlərinin operativ həllinə dair göstəriş verməsi, şəhid ailələri ilə görüş, onların vərəsələrinə və aztəminatlı ailələrə birdəfəlik ödənişlərin edilməsi, qaçqın və məcburi köçkünlərə mənzillərin paylanması, Qarabağ müharibəsi əlillərinə avtomobillərin verilməsi və digər addımlar onu göstərir ki, Azərbaycanda yürüdülən siyasətin əsasında insan amili dayanır”.

Ayyət Əhməd