İlqar Vəlizadə: "Biz qətnamələrin icrasını tələb edirik. Əsas narahatlığımız budur"
"Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir”. Bunu Avropa Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, geosiyasətçi İlan Sialomun deyib. Dağlıq Qarabağ münaqişəsindən danışan tədqiqatçı vurğulayıb ki, BMT-nin dörd qətnaməsinə baxmayaraq, rəsmi İrəvan işğal siyasətini davam etdirir. Status-kvonun qəbuledilməz olduğunu bildirən İ.Sialom münaqişəsinin həllinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Minsk Qrupunun yarıtmaz fəaliyyəti sadəcə Azərbaycan tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən də açıq şəkildə etiraf edilməkdədir.
Bu baxımdan dəfələrlə vasitəçilik institundan imtina edilməsi məsələsi gündəmə gətirilib. Bəzi ekspertlərin fikrincə, vasitəçilik missiyası başqa bir formatla əvəzlənməlidir. Ancaq bunun əksini düşünən analitiklər də var.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən siyasi şərhçi İlqar Vəlizadə Minsk Qrupu ideyasının yaranma dövrünə diqqət çəkib. Ekspert vurğulayıb ki, münaqişə tərəfləri ATƏT-in üzvü olduqlarına görə, təşkilat problemin həlli ilə məşğul olmağı öz üzərinə götürüb:
"Hamı məntiqə əsasən düşünürdü ki, Minsk Qrupu yaxın zamanda münaqişənin həllinə nail olacaq. Həmsədrlər mandatlarını BMT-dən almışdılar. Çünki ATƏT-in qəbul etdiyi bütün norma və prinsiplər BMT-nin nizamnaməsinə əsaslanır. Qrupa bir çox ölkələr daxil edilsə də, yalnız üç dövlət həmsədr seçildi. Bu seçim də məhz münaqişə tərəflərinin razılığı ilə olub. İndi düşünək, münaqişəni başqa hansı ölkə və ya qurum tənzimləyə bilər, yəni belə güc hansı ölkədə var? Bizim seçdiyimiz qərəzsiz ölkələr bu missiyanın öhdəsindən gələ biləcəkmi? Bu suallar açıq qalıb. Ona görə də indiki şəraitdə Minsk Qrupu şərti olaraq ən "mükəmməl” formul kimi dəyərləndirilir”.
Politoloqun fikrincə, əsas problem Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tətbiq edilməməsidir:
"Biz sadəcə olaraq qətnamələrin icrasını tələb edirik. Əsas narahatlığımız budur. Minsk Qrupunun formatı, tərkibi bizi maraqlandırmır. Öz mandatlarına uyğun fəaliyyət göstərsinlər, vəssalam. Mövcud prinsipləri, konkret standartları kənara qoyaraq, yeni format axtarmağın mənası olmayacaq. Çünki indiki şəraitdə istənilən formul nəticəsiz qalacaq”.
İsmayıl