Misirdə internet-resurslara nəzarəti sərtləşdirməyi təklif edirlər





Misirin Nümayəndələr Palatasının üzvü Məhəmməd Abdulla Zeyn Baş nazir Mustafa Madbulinin rəhbərlik etdiyi Nazirlər Kabinetinə region xalqlarını internetin mənfi təsirindən qorumaq məqsədi ilə internet saytlarına, o cümlədən sosial şəbəkələrə dövlət nəzarətini sərtləşdirməyi təklif edib.

AZƏRTAC-ın məlumatına görə, deputat qeyd edib ki, bir çox istifadəçilər internet və ya sosial şəbəkədə yayılan hər hansı informasiyanı "əsl həqiqət” kimi qəbul edirlər. O bildirib ki, internet cinayətkarlar və ekstremistlərin əlində vətəndaşlar və ölkələr arasında ədavət, etimadsızlıq toxumu yayan təhlükəli bir alətə çevrilib.

Misir parlamenti deputatının fikrincə, bununla bağlı elektron resurslar üzərində dövlət nəzarəti vacibdir. O, ekstremizmə, terrorizmə, dövlətin parçalanmasına səsləyən internet saytları və sosial şəbəkələrdəki hesabları bağlamağa çağırıb.