Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı yazıçının dostu Kəramət Böyükçöl öncə təqdimata təşrif buyuran hər kəsə təşəkkürünü bildirib və Mövlud haqqında bir neçə xatirəsini bölüşdü:
"Dəqiq yadımdadır ki, o, hekayələr kitabının çapını 30 yaşına saxlayırdı. Ondan bir müsahibə də götürmüşdüm. Həmin müsahibəsində qeyd etmişdi ki, kitabımı 30 yaşımda çıxardacam. Kitab çıxdı, Mövlüd isə 30 yaşına çata bilmədi. Həqiqətən də müasir Azərbaycan ədəbiyyatında yeganə təqdimatdır ki, müəllif aramızda yoxdur. Üzrlü səbəblərə görə, müəllif gələ bilmədi. Mövludun kitabında yer alan hekayələrin hamısını oxumuşdum. Həmin hekayələrdə qeydlərimi gördüm. Və həmin o günlərin hamısı yadıma düşdü. Mövlüd haqqında bir film çəkilir. Orada da dedim ki, Mövluddan sonra inandım ki, insan ölə bilərmiş. Mövlud mənim ilk itkimdim. Yəni daim toxunduğum adam əllərimdən, ovcumun içindən sanki yoxa çıxır. Burada Mövludun yaxın dostlarını görürüəm. Qəribə hisslər keçirirəm. Səfər müəllim buradadır. O, səfər müəllimi o qədər yaxından tanıyırdı ki, hətta Səfər müəllim olmayan məclislərdə onun qəribə əl-qol hərəkətlərini nümayiş etdirirdi. ".
Bundan sonra hər kəsi salamlayan yazıçı Səfər Alışarlı Mövluddan və onun həyatından danışıb:"Onun özü də, həyatı da bir parlaq ulduz kimi alışıb yandı və susub söndü. Demək olar ki, hər birimizin onunla bağlı müəyyən xatirələri var. Bu xatirələrin hər biri bizimlə ömrümüzün sonuna qədər yaşayacaq. Əsas Mövludu bizə bağlayan cəhəti onun ədəbiyyata olan sevgisi və sözə olan həssas münasibətidir. Mövlud ədəbiyyatdan ötrü hər bir hərəkəti etməyə qadir idi. Hətta xuliqanlığı belə etməyə qadir idi. Onun ədəbiyyata o qədər böyük sevgisi vardı. Təssüf ki, Mövlud bütün yazmaq istədiklərini yaza bilmədi. Mövludla bağlı çoxumuz yazmışıq. Amma mən daha bir məsələni qeyd etmək istəyirəm ki, biz bu günkü tədbirdə yalnız Mövludu yad etmirik. Biz həm də intiara "yox" demək istəyirik. Hər bir yazıçı implusivdir, hiss adamıdır. Amma məqam gələndə o hissləri cilovlamağı da bacarmalıyıq. Bəzilərinə intihar asan gələ bilər. Əslində isə bu cətin bir işdir, çətin prosesdir. Mən arzu etmirəm ki, kimsə bu halı yaşasın. Biz Mövludu həmişə xatırlayanda intihara "yox" deyəcəyik. Onun 40 mərasimi günü Qazaxda məzarını ziyarət etdik. O daşda həkk olunduğu qədər həyatda parlaq deyildi. Onun oradakı baxışlarının ifadəsi hər birmizə yaşayın yaradın, Azərbaycanı sevin, ədəbiyyatı sevin deyirdi. Açığı mən Qazaxdan bu nəticələrlə geri döndüm. Hərçənd ki Mövlud yaşamağa, öz yaradıcılğını yaşatmağa layiq oğlan idi. Sağolun, Allah ona rəhmət eləsin!
Kəramət Böyükçöl Mövludla bağlı daha bir xatirəsini ərz edir:
Mövludun kitabını açanda, ilk yazıda Qismətin bir şeir epiqraf kimi verilib. Bununla bağlı qəribə bir hadisə yadıma düşdü.
Bir dəfə Mövlud mənə dedi ki, Qismətin bu şeirində səncə, ən gözəl misra hansıdır? Bu şeiri sizin üçün oxuyuram
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə ,
Balıqlar evinə yosun aparsın,
Burada birinci misranı çıxmaq şərtilə bütün misralar obrazlıdır. Məntiqlə mən qalan üçündən birini deməli idim. Mən də bu üç misradan birini dedim. Dedi yox düz demədin. Soruşdum ki, bəs ən gözəl misra hansıdır? Dedi elə birinci misra: Yağış səhərəcən yağsın şəhərə. Yəni Mövlud o qədər yetişmiş, özünün o qədər yetişdirmiş bir adam idi ki, adi parıltılı, obrazlı misralara qaçmırdı. Həyatın özündə olan, adi bir cümləni görə bilən mətnləri həmişə dəyərləndirirdi.
Ardınca çıxış edən Mövlüdün ən çox ünsiyyətdə olduğu və daim görüşdüyü yazıçı həmkarı Şərif Ağayar söylədi ki, Mövlud haqqında danışmaq onun üçün çox çətindir:"Ona görə də mən qısaca olaraq Yaradıcılıq Fonduna təşəkkürümü bildirirəm. Mövludun övladı və kitabı bizm çün böyük təsəllidir. Sağolsunlar ki, bu təsəllini bizə yaşatdılar. Heç olmasa, o hekayələrdən və sözün bütün mənalarında uca hisslər hopmuş cümlələrindən onun ürəyinin döyüntüsünü hiss edəcəyik.. O, çox böyük yazıçı ola bilərdi. Azərbaycan ədəbiyyatı üçün çox qənimət imza ola bilərdi. Təssüf ki, tale onu bizə qismət eləmədi. İstəyim odur ki, onu həmişə işıqla xatırlayaq. Bir dəfə yazıçı Ramiz Rövşən demişdi ki, mənə elə gəlir ki, Hüseyn Cavidin adını çəkəndə az qala adamın üstündən tank keçir. Ancaq Mikayıl Müşfiq deyəndə adama elə gəlir ki, qanadlanıb, göyə uçacaqsan. Hətta adamda belə bir təəssürat yaranır ki, Mövlud ölməyib, uçub. Mən də Mövludu 17-ci mərtəbədən yıxılan deyil, uçub, göyün ənginliklərinə gedən bir obraz kimi təsəvvür edirəm və həmişə işıqla yad olunmasını arzulayıram".
K.Böyükçöl Mövludun qəribə xüsusiyyətlərindən də söz açır:
Görüşəndə, çatan kimi deyirdi: Kim nə deyir? Mən o saat onun nə demək istədiyini bilirdim. Tez deyirdim ki, Əkrəm Əylisli "Qara bayramı" tərifləyir. Gülüb deyirdi ki, doğrudan? "Qara bayram" onun ən çox sevdiyi hekayəsi idi.
Mövludun ömrünün son günlərində görüşmək istədiyi Əlisəmid Kür də onunla bağlı xatirəsini bölüşüb:
"Bir dəfə 28 mayda yerləşən daim oturduğumuz kafedə otururduq. Mövlud öləndən 3 gün qabaq onunla görüşmüşdük Qəribə məsələ odur ki, Nüsrət Kəsəmənlinin mənə dediyi sözü mən ona qaytardım. Mövluda dedim ki sən heç vaxt uşaq olmamısan. Qəribə gəldi. 3 gündən sonra hadisəni eşidəndə qabaq dişlərimdən biri düşdü. O dişi evdəki banan ağacının dibinə atmışam. Onun adını Mövlud ağacı qoymuşam. O ağac elə pöhrə verib ki. Ağacla yovuşan adam deyiləm, amma hər səhər durub onun dibinə su tökürəm. Həyat mübarizədir. Əgər özünə qəsd edirsənsə, sən sağını, solunu satmış olursan. Bilirsən nə qədər intihar halları görmüşük. Mənim Mövlud haqqında şeirim var, amma çapa verməmişəm. Mən intiara "yox"deyirəm . Oğula görə, qıza görə, dostlara görə yaşamaq lazımdır. Sən özünü həmişə güclü hesab eləməlisən.
Kəramət Böyükçöl Əlisəmid Kürün Mövluda yazdığı şeirdən bəhs edir:
Əlisəmid müəllim Mövluda bir şeir yazıb, şeirin sonunda qeyd edib ki, növbə Kəramətindir. İndi mən də zarafatnan Əlisəmid müəllimə deyirəm ki, gərək sənin şeirini yalan çıxarmamaq üçün nəysə düşünəm.
Bu əsnada Şərif Ağayar replika atır : Sən qocalanda intihar edərsən. (Hər kəsin dodağı qaçır)
Kəramət Böyükçöl Mövlud haqqında daha bir xatirəni diqqətə çatdırıb:
Bir gün səhər-səhər zəng etdi ki, haradasan? Dedim evdə. Dedi ki, dur tez Bakı Slavyan Universitetinə gəl. Mən də durub, getdim. Onda universitetin rektoru görkəmli yazıçımız Kamal Abdulla idi.Mənə dedi ki, işlə bağlı olaraq dərsə gələ bilməmişəm, problemlərim var. Sən də Kamal müəllimə məndən bir köynək yaxınsan. Xahiş edirəm get, Kamal müəllimə de ki, dostumun belə problemi var. Gördüm ki, Mövlud çox həyacanlıdır. Getdib Kamal müəllimlə görüşdük. O da sağolsun əlindən gələn köməkliyi göstərdi. Aşağı düşəndən sonra gördüm ki, Mövlud məni univerisitetin qabağında gözləyir. Azərbaycan Dillərin Universitetinin yanındakı bankamata kart salıb, 50 manat çıxardı. Dedi nəzərdə tutmuşdum ki, Kəramət gedib desin, bu 50 manatı ona verəcəm. Dedim Mövlud mənim bu 50 manat ehtiyacım var. 1 saatın içində yoxa çıxacaq. Amma sənin yanında ömür boyu gözükölgəli olacam ki, dostumun işini pulla həll etdim. O da pulu qaytarıb cibində qoyub dedi: Səni bu mənəvi ucalıqda gördüyümə çox şadam. (hamı gülür..) Onun belə sözləri çox idi.
Mövludun adını çəkərkən göz yaşlarına hakim çıxa bilməyən onun rəhbəri olmuş "Teleqraf" Holdinqin direktoru Aynur Camalqızına göz yaşları fikirlərini ifadə etməyə imkan vermədi. Daha sonra özünü toparlayan Aynur xanım titrək səslə Mövludun ölümündən çox sarsıldığını söylədi:
" Əziz dostlar, (yenə kövrəlir) Mövludun ölümü hamı üçün çox böyük sarsıntıdır. (yenə kövrəlir) Çox istərdim ki, onun haqqında həmişə xoş sözlər danışılsın. Bilirsiniz o, çox işqlı oğlandı. O, öz ölümü ilə bu qədər insanı bir araya gətirib. Bu qədər insanı birləşdirib. Bu, çox çətin bir işdir. O qədər istedadlı insanlar var ki , ətrafımızda, amma onlar Mövlud qədər istənmir, arzulanmır. Elə bir gün, saat yoxdur ki, mən Mövludu xatırlamayım. Hər gün mən onu xilas etməyin yollarını düşünürəm. Hər gün ürəyimdə planlar qururam.Düşünürəm ki, görəsən belə olsaydı, belə olardımı. Təssüflər olsun ki, çox gecdir. O, artıq sıralarımızda, həyatda yoxdur. Onu hec kim bizə qaytarmayacaq. Mövlud kimi bir istedadın yetişməsi üçün 28 il vaxt lazımdır. İkinci bir Mövlud yetişəcəkmi, ikinci bir Mövlud olacaqmı? Çox böyük faciədir. Bura yığışan insanları Mövludun dostları olaraq uduzmuş insanlar hesab edirəm. Bu qədər insan bir oğulu, insanı, bir istedadı saxlaya bilmədi. Bu həyatda biz uduzmuşuq və bu məğlubiyyətə görə, sarsıntı keçirirəm. Keşkə, bir möcüzə baş verəydi və bu hadisə olmamaydı. Mövludda yaşaya idi, yazıb yaradaydı. Demək olar ki, redaksiyada hər gün Mövlud haqqında söhbət edirdik. Mövlud yazmaq istədiklərini yaza bilmədi. Ən ağırılı olan da budur. Puşkin də cavan öldü, Lermontov da. Amma böyük bir yaradıcılıq qoyub getdilər. Təssüflər olsun ki, Mövludun buna vaxtı olmadı. Bir az həyat, bir az tale, bir az psixoloji zədələr ona imkan vemədi ki, istədiklərini etsin. Mövludun yerini həmişə yüksəkdə görmüşəm. Təssüf ki, o yüksəklik onun ölümünə səbə oldu. Keşkə olmayaydı. Bu gün Mövludun ən böyük arzusu həyata keçib. Bu kitabı çap edənlərə, əziyyəti olanlara dərin minnətdarlığımı bildirəm. Təşəkkür edirəm. Mövlüdün ən böyük arzusu o idi ki, onun da kitabı olsun. Gəlin Mövludü ürəkdən alqışlayaq.
(Hamı əl çalır)
Mövlüd, səni çoz istəyirik. Sən bizi görürsən. Çox heyif ki, bu tədbirdə iştirak etmədin. Bu işlər sənin sağlığında da ola bilərdi. O dünyadakı yerinin cənnət olmasını arzulayıram, sağol, əzizim!
Mövludun faciəsindən dərin sarsıntı keçirən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bu kitabın ərsəyə gəlməsində rolu olan hər bir kəsə, məxsusi olaraq onun kitabının çapı üçün çalışan və bu istiqamətdə öz yaradıcı kollektivinə göstəriş verən Kamal Abdullaya, Yaradıcılıq Fondunun əməkdaşlarına minnətdaralığını bildirib:" Bu kitabda zərrə qədər əməyi olan hər bir kəsə minnətdaram. Təbii ki, Mövlud fərqli bir insan idi. Burada da fərqli danışmaq gərəkir. Ancaq mənim fərqli danışmaq imkanlarım yoxdur. Çünki hamımızın bildiyi çox həqiqətlər var. O həqiqətin biri odur ki, Mövlud çox istedadlı adam idi. Mövlud fərqli düşünürdü. Mövludun fərqli baxışı vardı. Bunu hamımız bilirik. Mövlud intihar etməməli idi. Bunu hamımız bir həqiqət kmi qəbul edirik. Səfər müəllimin qeyd etdiyi kimi, biz qələm insanları, ziyalılar birmənalı olaraq intihar hadisələrinə "yox" deməliyik. Cəmiyyətdə bu istiqamətdə maarifçilik işləri aparmalıyıq. Mövludun özü, düşüncələri, həyata baxışları fərqli olduğu kimi, görünür, intihara da fərqli baxışı vardı. Mövludun balası Ucal bura gələndə sanki Mövludu gördük. İnanıram ki, tanrı onun istedad payından balaca övladına da qismət edər, edəcəkdə. Arzu edirəm ki, biz gələcəkdə Ucalı Mövluda layiq, onun yaradıclıq yolunu davam edəcək, atasının dostlarına dəyər verə biləcək bir oğul kimi görək. Ailəsinə səbr diləyirəm. Arzu edirəm ki, Mövludla bağlı bu tədbirlər davamlı olsun. Bir daha təşəkkür edirəm".
Millət vəkili Fazil Mustafa bildirib ki, bu gün ağır bir gün olsa da, gözəl bir gündür:
"Burada fikirlər səsləndi ki, biz onu qoruya bilmədik. Amma heç bir cəmiyyətin istedadlı adamları qorumaq deyə bir missiyası yoxdur. Lermontovu da cəmiyyət qorumadı, Kafkanı da, Kamyunu da. Əslinə baxsaq, tarix boyu istedadlı və dərin insanları böyük yazarları cəmiyyət qorumayıb. Amma cəmiyyətin həmin istedadlı insanların yazısını, sözünü yaşatması deyə bir missiyası var. Əgər cəmiyyət onu yaşadırsa, onda qədirbilən cəmiyyət olur. Hər bir insanla maraqlanmaq, onun taleyinə enmək cəmiyyətin laqeyd ortamında çətin məsələdir. Bir istedadın xatırlanması, bir istedadlı dəyərin itirilməsi çətin işdir. Azərbaycan xalqının , Azərbaycan cəmiyyətinin istedadlı adamlarının sayı çox deyil. İstedadlı zabitlərimizin də sayı azdır. Onu da şəhid verəndə acıyırıq. İstedadlı mühədisin də sayı azdır. Onu da itirəndə, istedadlı yazarı və söz adamını, musiqiçini də itirəndə acıyırıq. Bu cəmiyyət say çoxluğu ilə nəyisə dəyişməyəcək. Nələrisə irəliyə apara bilməyəcək. Cəmiyyət istedadların açdığı yolla nələrisə irəli aparmaq imkanı qazanacaq. Ona görə də Mövludun itkisi bir boşluğun yaranmasıdır. Bundan sonra onun görşülərini yaşatmaq, az sayda da olsa, yaradıcılıq məshullarını yaşatmaq borcumuzdur. Bu tədbirin təşkil edənlərə dərin təşəkkürümü bildirirəm. Bunu ənənəyə çevirmək lazımdır. Azərbaycanı yaşatmaq lazımdır. Onu güclü bir ölkə və cəmiyyətə çevirmək gərəkir ki, bu cəmiyyət insanlara laqeyd olmasın".
Daha sonra tədbirdə Mövlud Mövludun qələm dostları, tanışları çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.
Mövlud Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü yaşayış binasının 17-ci mərtəbəsindən ataraq intihar edib.
"Çətirsiz” mərhum yazıçının ilk kitabıdır. Bu onun ilk kitabıdır. Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.
Hazırladı: Ayyət ƏHMƏD