Müalicə müəssisəsində ölüm faktı var, kim araşdıracaq?

Elçin Behbudova monitorinq aparmağa icazə vermirlər, Səadət Bənənyarlı isə heç bir problem yoxdur deyir



Cəzaçəkmə müəssisələrindən qara xəbərlər gəlir. Bəzi həbsxanalarda baş vermiş bıçaqlanma, intihar hadisələrinin ardınca bu dəfə Məhkumların Müalicə Müəssisəsində bir məhkumun vəfat etdiyi xəbəri yayıldı. Onun ölümünə səbəb kimi dərman prepartlarından həddindən artıq istifadə göstərilir. Lakin digər məlumatlarda buna şübhə ilə yanaşılır və məhkumun ölümü "müəmmalı” adlandırılır.

Qeyd edək ki, Penitensiar Xidmət hadisə ilə bağlı açıqlama verməyib.

Bir neçə gün əvvəlsə Şüvəlandakı 3 saylı istintaq təcridxanasında intihar hadisəsi baş vermişdi. Təqsirləndirilən şəxs Rauf İsmayılov özünü asaraq intihar etmişdi. Cəzaçəkmə müəssisələrində də, istintaq təcridxanasında da ölüm, intihar hadisələrinin artmasına baxmayaraq hüquq müdafiəçilərinin monitorinq aparmasına şərait yaradılmır. Belə bir iradla Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çıxış edib. E.Behbudov bildirib ki, bir neçə gün əvvəl komitəyə Rauf İsmayılovun intiharının səbəblərinin araşdırılması xahişi ilə yaxınları tərəfindən müraciət daxil olub. Lakin E.Behbudova istintaq təcridxanasında monitorinq keçirməyə icazə verilmir:

- Biz təcridxanada monitorinq keçirə bilmirik, çünki buna icazə verilmir. Penitensiar Xidmətin müəssisələrində monitorinq keçirilməsinə şərait yaradılmır.

E.Behbudov sözügedən intihar hadisəsinin komitənin illik hesabatında yer alacağını da deyib.

Ədliyyə naziri yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı isə "Şərq”ə açıqlamasında komitənin cəzaçəkmə müəssisələrində mütəmadi monitorinqlər apardığını bildirdi:

- Komitə monitorinqləri istənilən zaman aparmaq səlahiyyətinə malikdir. Monitorinqlər də bir neçə amilə söykənərək aparılır; ya çoxdandır getmədiyimiz cəzaçəkmə müəssisələrinə gedirik, ya hansısa cəzaçəkmə müəssisəsində dəyişikliklər olduqda ora təkrar səfər edirik, yaxud da məhkumlardan və onların ailələrindən müraciətlər daxil olduqda. Bu, bizim ictimai əsaslarla apardığımız işdir. Ancaq heç bir vaxt hansı cəzaçəkmə müəssisəsinə səfər edəcəyimizi əvvəlcədən bildirmirik. Qrafik tutmuruq, əvvəlcədən planlaşdırmırıq. Harada monitorinq aparılmasına ehtiyac olduğu müəyyənləşirsə, ora da səfər edirik. Məhkumların Müalicə Müəssisəsində vəfat etmiş məhkumla bağlı məlumat almışıq. Bununla bağlı araşdırma aparacağıq. Bildiyim qədər məhbusların sağlıq durumu ağırlaşdıqda müəssisəyə köçürülürlər. Lakin məhbusun səhhətində ağırlaşma yoxdursa, cəzaçəkmə müəssisəsinin daxili ambulator mərkəzinə yerləşdirilir. Bütün cəzaçəkmə müəssisələrində belə mərkəzlər var. Şüvəlan istintaq təcridxanasındakı intihar hadisəsinə gəlincə, komitənin istintaq təcridxanasına səfər etmək səlahiyyəti yoxdur. Bunun üçün xüsusi müraciət edilməsi lazımdır. Yəni biz istənilən vaxt istintaq təcridxanasına gedib-gələ bilmirik. İstintaq təcridxanasında belə bir hadisə baş veribsə, əlbəttə, ciddi araşdırılmalıdır. İstintaq təcridxanasında saxlanılan şəxslərin həyatına orada çalışan əməkdaşlar məsuldur. Yəqin ki, biz nazirlə görüşümüzdə bu məsələni qaldıracağıq.

Məlahət Rzayeva