Mübarizə daha effektli olacaq

Artıq “reket jurnalistika”nın qarşısını almaq üçün mexanizmlər hazırdır
Həm Azərbaycan qanunvericiliyində, həm “KİV haqqında” qanunda, həm də cinayət məcəlləsində və informasiya təhlükəsizliyi məsələsində kifayət qədər dəyişikliklər edilib








(Əvvəli ötən sayımızda)

Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabrda keçirilən iclasından sonra adları tam haqlı əsaslarla "qara siyahı”ya salınan saytlar tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniya başladılıb. Bu barədə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, adları "qara siyahı”da yer alan bəzi informasiya orqanları MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır, sosial şəbəkələrdə paylaşılır. Real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilir.

Mətbuat Şurasının bəyanatında bildirilib ki, "qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır.
Buna görə də "reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Komissiya rəyə gələrkən, həmçinin, peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayətlər doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları da əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir.
Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və s. yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində "reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır. Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır. Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək və layiqli cəzasını alacaq. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə, reket jurnalistikaya qarşı uzun zamandır mübarizə aparılır. Buna baxmayaraq, sözügedən təbəqənin neqativ əməllərinin qarşısını almaq mümkün olmur. Bu baxımdan bir sıra media nümayəndələri "reketçiliklə” məşğul olan "jurnalistlərə” ciddi hüquqi cəzaların verilməsini təklif edirlər. Lakin fərqli üsulları məsləhət görənlər də var.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, Mətbuat Şurası yarandığı gündən "reket jurnalistlərə” və "reket redaksiyalara” qarşı kəskin mübarizə aparır. Onun sözlərinə görə, bu mübarizə 2008-ci ildən etibarən sistemli şəklə düşüb və Şuranın tərkibində reketçiliklə mübarizə Komissiyası yaradılıb: 

"Bununla yanaşı, Şikayətlər Komissiyası da fəaliyyətə başlayıb. Hər iki komissiya və bütövlükdə Mətbuat Şurası neqativ xəbərlərlə məşğul olan "xəbər istehsalçıları”nın qarşısını almağa çalışır. Uzun illərdir, bu mübarizə davam edir. Ötən müddət ərzində MŞ olaraq kifayət qədər nailiyyət əldə etmişik, mediada səliqə-səhman yarada bilmişik. Ənənəvi mediamızda, yəni çap mətbuatında mübarizənin nəticələri öz əksini tapıb. Təəssüflər olsun ki, əvvəl çap mediasında olan "reketlər” onlayn mediaya transfer olaraq orada öz bildiklərini etməyə başlayıblar və çox ciddi şəkildə pozuntulara yol veriblər. Sevindirici hal odur ki, artıq bu cür fəaliyyətin qarşısını almaq üçün mexanizmlər hazırdır. Həm Azərbaycan qanunvericiliyində, həm "KİV haqqında” qanunda, həm də cinayət məcəlləsində və informasiya təhlükəsizliyi məsələsində kifayət qədər dəyişikliklər edilib. Bunlar onlayn media sferasında neqativ amilləri tənzimləmək üçün kifayət qədər əsas verir. Hesab edirəm ki, bundan sonra mübarizə daha effektiv olacaq”. M.Ələsgərli bildirib ki, Mətbuat Şurası öz işini daha da təkmilləşdirib: "Bilirsiz ki, "Reket jurnalistikaya” qarşı mübarizə Komissiyasının tərkibi bəzi dövlət qurumlarının nümayəndələri ilə genişləndirilib. Bura prokurorluq orqanı, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları daxil ediliblər. Həmin şəxslər KİV-lərdə mütəşəkkil fəaliyyət göstərən cinayətkar dəstənin fəaliyyətini zərərsizləşdirməyə kömək edəcəklər. Ola bilsin, kimlərsə bundan nəticə çıxaracaq, kimlərsə düzəlməyəcək. Lakin bu cür əməllərlə məşğul olan şəxslər 5-10 il geriyə baxsınlar. Əgər ağılla və təhlillə keçmişə baxsalar, görərlər ki, onların yolu ilə getmiş bütün şəxslərin sonu pis olub. Mətbuat Şurası 2008-2009-cu illərdə bəzi qəzetlərin adını "reket jurnalistlər” siyahısına saldı və onlara xəbərdarlıq etdi ki, öz əməllərində dönüş etsinlər. Lakin onlar bu iradlardan nəticə çıxartmaq əvəzinə neqativ əməllərinə davam etdilər. Həmin şəxslərin aqibəti hamıya məlumdur. Əməllərindən dolayı indi hamısı həbsdədirlər. 2010-cu ildə bizim xəbərdarlığımızı nəzərə alsaydılar, indi azadlıqdan məhrum olmazdılar. Bu gün onların yolunu davam etdirənlər vəziyyəti çox yaxşı dəyərləndirsinlər. Bilsinlər ki, əgər sələfləri öz istəklərinə nail ola bilməyiblərsə, onlar da arzularına çata bilməyəcəklər”.
MŞ sədr müavini bəyan edib ki, Şura üzvlərinin neqativ əməllərlə məşğul olan "jurnalistlər”lə nə şəxsi kontaktı, nə də onlara qarşı şəxsi qərəzi var: "Biz sadəcə onların yazdıqları yalana, böhtana görə, paylaşdıqları dezinformasiyalara görə rəy bildiririk, əməllərini pisləyirik. Çünki onlar jurnalistika adından istifadə edirlər, amma fəaliyyətləri jurnalistika prinsiplərinə uyğun deyil. Bununla da vətəndaşları, yazılarında hədəf seçdikləri şəxsləri və bütövlükdə Azərbaycan mətbuatını narahat edirlər. Peşəni gözdən salırlar. Öz əməyi, qələmi və intellekti ilə jurnalistikaya gələn layiqli media nümayəndələrinə zərbə vururlar. Ona görə də MŞ olaraq bu cür hallara qarşı barışmaz mövqe tuturuq. Amma biz onlara neynirik ki? Sadəcə deyirik ki, yazdıqlarınız yazıları etik prinsiplər çərçivəsində yazın. Dünyanın hər yerində bizim qoyduğumuz tələblər var. Təəssüf ki, onlar bundan nəticə çıxartmırlar. Özlərinin haqsız mövqelərini əsaslandırmaq üçün əllərindən gələni edirlər. Eyni zamanda Azərbaycan auditoriyasını çaşdırmaq üçün müəyyən vasitələrə əl atırlar. MŞ-nin üzvlərini ləkələməyə çalışırlar. Lakin bilsinlər ki, onlar və onların sələfələri uzun illər bu cür vasitələrdən istifadə etsələr də, Mətbuat Şurasına heç bir təsir göstərə bilməyiblər. Çünki MŞ-nin həm sədri, həm də İdarə Heyətinin üzvləri elə şəxslərdirlər ki, onlar xarakter baxımından, peşəkarlıq baxımından ən yetkin şəkildə formalaşmış insanlardır. Onları yüngül hədələrlə, şantajlarla öz yollarından döndərmək mümkün deyil. MŞ üzvlərinin yolu haqq yoludur və bu yolu Azərbaycan dövləti də, ictimaiyyəti də dəstəkləyir. Bu cür qarayaxma ilə məşğul olanlar pis vəziyyətə düşəcəklər. Əlbəttə, istəmirik ki, hansısa vətəndaşımız, özünə jurnalist deyən adam ağır şəkildə cəzalandırılsın. İstəyimiz onların əməllərində dönüş etməkdir. Amma xoş niyyətli münasibətimizdən nəticə çıxartmayanların aqibəti yaxşı olmayacaq. Onların hansı çətinliklərlə üzləşdikləri az-çox bəllidir. Zaman və Azərbaycan ictimaiyyəti hər kəsin layiqli qiymətini verir”.
Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə də "Şərq”ə deyib ki, "reket jurnalistikaya” qarşı mübarizə həmişə aktualdır. Çünki bu kateqoriyaya daxil olan şəxslər əvvəllər olduğu kimi, bu gün də mətbu sferanı zibilləməklə məşğuldurlar: "Sevindirici haldır ki, "reket jurnalistlərlə” mübarizəyə hüquq-mühafizə orqanları da qoşulub. Dövlət Təhlükəsizlik Xidmətinin reket jurnalistlərə qarşı sərt tədbirlər görməsini ürəkdən alqışlayıram. Həmin adamların bizimlə eyni şəhərdə yaşamağa, eyni havanı udmağa haqları yoxdur. Onların yeri həbsxanadır. Aydın məsələdir ki, əl-qollarının bağlanması, meydanlarının daralması reket jurnalistləri qıcıqlandırır. Zaman keçdikcə onlar daha aqressiv olurlar. Güc strukturlarına gücləri çatmadığı üçün içlərindəki kini ictimai təşkilatların, ilk növbədə isə Mətbuat Şurasının üzvlərinin üstünə qusmaq istəyirlər. Başda Əflatun Amaşov olmaqla MŞ rəhbərliyi dəfələrlə reket jurnalistlərin hücumuna məruz qalıblar. Amma onların qələmə aldıqları cızma-qaralar Əflatun müəllimin və MŞ-nin İdarə Heyətinin üzvlərinin ictimai nüfuzuna zərrə qədər də təsir göstərməyib. Çünki bu adamların heç bir ictimai çəkisi yoxdur”. Ekspert bildirib ki, reket jurnalistlərin alnında damğa var. Azərbaycan cəmiyyəti bu "damğa”lıları yaxşı görür, onların sözünü bir qulağından alıb, o biri qulağından verir: "Hesab etmirəm ki, MŞ rəhbərliyi reket jurnalistlərin hücumundan qorxub, geri çəkiləcək. Azərbaycanın tərəqqipərvər qüvvələri MŞ-nin apardığı bu mübarizəni ürəkdən dəstəkləyir. Belə həssas məqamda hamılıqla Mətbuat Şurasının rəhbərliyinin yanında olmalıyıq. Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Gəlin etiraf edək ki, reket jurnalistikasının "çiçəklənməsində” işinin öhdəsindən layiqincə gələ bilməyən məmurların da rolu var. Əgər bəzi orta və aşağı ranqlı məmurlar reket jurnalistləri "yemləməsələr”, onlar daha faydalı işlə məşğul olarlar. Hesab edirəm ki, reket jurnalistlərlə mübarizədə çoxminli məmur ordusu da iştirak etməlidir”.

(Davamı var)

İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb