“Müəllimlərin etiraz etməyə haqqı yoxdur”

Vurğun Əyyub: “Attestasiyadan keçən pedaqoji kadrlara yüksək maaş verilməlidir”



Bakı şəhərindən sonra Azərbaycanın daha 7 rayon və şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparıla bilər. Bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. O qeyd edib ki, həmin şəhər və rayonlarla bağlı hökumətə müraciət olunub və müsbət cavab alınarsa, yay ayı ərzində orada dərhal müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq:

"Ümumiyyətlə, bütün respublika müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Həmin rayonların adları bəllidir, qərarın verilməsini gözləyirik”. İ.Nağıyev diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqlarının necə artırılacağını da açıqlayıb: "Keçən il Bakı şəhərində diaqnostik qiymətləndirmə zamanı müəllimlərin əmək haqlarında kifayət qədər artım oldu. Burada müəllimin dərs yükü və stajı böyük rol oynayır. Məsələn, Bakı şəhərində 18 ildən artıq stajı olanlarda ən çox əmək haqqı artımı müşahidə edilib. Amma ali məktəbləri yeni bitirib işə başlayanların maaşında 15-20 faiz artım olacaq. Yəni əmək haqqının artımı staj, dərs yükündən asılı olaraq dəyişəcək. Fərmanda da qeyd edilib ki, dərs yükü 1,5 dəfə və ona müvafiq olaraq əmək haqqı da 2 dəfə artırılacaq”. Şöbə müdiri deyib ki, qiymətləndirmədən sonra aşağı nəticə göstərən müəllimlər üçün ixtisasartırma tədbirləri görüləcək: "Qiymətləndirmə attestasiya deyil ki, aşağı nəticə göstərənləri işdən çıxaraq. Aşağı nəticə göstərən müəllimlər ixtisasartırma kurslarına cəlb olunacaqlar”.

Müəllimlərin qiymətləndirilməsinə münasibət bildirən təhsil eksperti Vurğun Əyyub "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan müəllim ordusunun böyük bir hissəsi heç bir müasir tələbə cavab vermir: "Bunun üçün ciddi şəkildə attestasiya keçirilməlidir. Müəllimlik kriteriyalarına cavab verən insanlar müəllim olaraq xidmət göstərməlidir. Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmənin mahiyyəti, mənası və meyarları bəlli deyil. Bilmək olmur ki, nazirlik qiymətləndirməni niyə və nəyə əsasən aparır. Azərbaycanda orta təhsil sahəsində mövcud olan acınacaqlı vəziyyəti düzəltmək üçün başqa işlər görülməlidir. Diaqnostik qiymətləndirmə gözdən pərdə asmaq naminə həyata keçirilir, bununla problemlər ört-basdır edilir. Müəllimlərin bilik səviyyəsi ancaq attestasiya ilə ölçülməlidir. Attestasiyadan keçən pedaqoji kadrlara isə yüksək maaş verilməlidir. Heç bir müəllimin buna etiraz etməyə haqqı yoxdur. Çünki insanlar bilgisinə uyğun qiymətləndirilməlidir. Çox bilən, çox çalışan müəllimin aldığı məvacib də digərlərinə nisbətən yüksək olmalıdır”.

Vurğun Əyyubun sözlərinə görə, yoxlamalarda aşağı nəticə göstərən müəllimlər bu peşədən birdəfəlik uzaqlaşdırılmalıdır: "Təbii ki, onları ixtisasartırma kursuna da göndərmək olar, amma bu, daha sonrakı prosesdir. Əslində təcrübə göstərir ki, Azərbaycanda ixtisasartırma kursları da gözdən pərdə asmaq üçün fəaliyyət göstərir. Həmin kurslar tamamilə formal xarakter daşıyır”.

İsmayıl