“Müəllimlərin vahid formaya keçməsi, təhsildə şou xarakteri daşıyır”

Əjdər Ağayev: “Şagirdin eyniliyi məqbuldur. Amma müəllimin eyniliyi monotonluq yaradır”


Sumqayıt məktəblərindən birində qırmızı kofta geyinmiş müəllimənin dərsdən xaric edilməsi xəbəri təhsil sektorunda anormal hal kimi qiymətləndirilir. Məsələ burasındadır ki, ölkə üzrə bütün ümumtəhsil məktəblərinin şagirdləri üçün vahid məktəbli formasının rəsmi qərarla tətbiq edilməsinə baxmayaraq, hər bir insanın təhsil hüququnun tanınması baxımından heç şagirdlərə bu tip qadağalar məqbul sayılmır.

Belə olan halda, işini icra edən müəllim geyimə görə dərsdən azad etmək heyrətli görünür.

Qeyd edək ki, bu xəbəri "Axar.az” saytı yayıb və zərərçəkmiş tərəfin arzusu ilə nəinki müəllimin, həmçinin hadisənin hansı təhsil müəssisəsində baş verdiyini də məchul saxlayıb.

Sadəcə, bildirilib ki, müəllim məktəbə qırmızı kofta geyindiyi üçün dərsdən çıxarılıb. Saytın yazdığına görə, Sumqayıtdakı "Təfəkkür” liseyi və 1 saylı internat məktəbində müəllimlərdən vahid forma - tünd göy və ya qara rəngdə kostyum və ağ köynək geyinmək tələb olunur. Müəllimlərə dodaq boyasından, zinət əşyalarından istifadə etmək də yasaqdır.

Əslində, bu tip xəbərlər yenilik deyil. Paytaxtın bir neçə "bərkgedən” məktəbində nəinki vahid məktəbli, eləcə də vahid müəllim geyimi çoxdan tətbiq edilməyə başlamışdı, bir sıra məktəblər də sonradan bu axına qoşuldu. Elə məktəblər var ki, müəllimlər üçün xüsusi qalstuk, hansısa atribut sifariş edir. Bununla sanki vahid geyimə başqa bir çalar, rəng qatmaq, həm də biri-birindən fərqlənməyə çalışırlar. Bir sıra orta məktəblərdə müəllimələrdən məhz kostyum tərzli geyimlər tələb olunur.

Amma bu da məlumdur ki, müəllimlərin vahid geyimə keçməsi kimi bir rəsmi qərar, göstəriş yoxdur. Görünür, məktəb direktorları müəllimələrin "inkubatorlaşmasını” çay gəlməmiş çırmanmaq prinsipinə uyğun həyata keçirirlər. Və bəzən müəlliməni dərsdən kənarlaşdırmaqla, necə deyərlər, çayı sürətlə yarıb keçirlər.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında əgər həqiqətən də belə hal baş veribsə, müəllimin dərsdən kənarlaşdırılmasının qəbuledilməz olduğunu dedi:

- Üzr istəyirəm, müəllim içkili olmayıb, dərsdə nalayiq hərəkətlər etməyib, hələ biz bilmirik, ümumiyyətlə, belə hadisə həqiqətən də olubmu? Həmin müəllim hansı geyimlə dərsə gəlib ki, rəhbərliyi qıcıqlandırıb. Ümumiyyətlə isə, müəllim həm geyimi ilə, həm də davranışı, oturuşu-duruşu, danışığı ilə, rəftarı ilə yaxşı mənada seçilməlidir. Müəllim elə geyimdə olmalıdır ki, şagirdin fikri onun nə geyindiyində yox, nə danışdığında olsun. Müəllim sadə, tövazökar geyimi ilə fərqlənməlidir və nümunə olmalıdır. Amma hökm deyil ki, müəllimlərə vahid geyim forması tətbiq edilsin. Məncə, müasir təhsil sistemində bu, lazımsızdır. Çar Rusiyası dövründə belə hallar vardı. O zaman gimnaziya, seminariya müəllimləri vahid geyimdə olurdular. Lakin sonralar bu üsuldan imtina edildi. Müasir dövrdə müəllimlərə eyni geyim formasının tətbiq edilməsinin hansı üstün cəhəti ola bilər, bu, nə effekt verəcək, deyə bilmərəm. Onu deyə bilərəm ki, vahid müəllim geyimi bu gün üçün aktual deyil. Bu günün aktual məsələsi odur ki, məktəb direktoru müəllimi işə, şagirdi isə məktəbə qəbul edərkən heç bir təmənna ummasın. Tədris ili boyunca da təmənna ummasın. Zahiri görünüşə aldanmaqdansa, insanın daxilən saflaşmasına diqqət yetirilməlidir. Hazırda bizim cəmiyyətimizdə şouya meyillilik var. Müəllimlərin vahid formaya keçməsi də, məncə, təhsildə şou xarakteri daşıyır. Şagirdin eyniliyi məqbuldur, bu, bərabərlik prinsipinə uyğundur. Amma müəllimin eyniliyi monotonluq yaradır. Şagird bir dərsdən çıxıb digər dərsə gedir. Orada gördüyü "müəllimi”, burda da "görür”. Sifət başqa, saç başqa, baş başqa, səs başqa, amma geyim eyni. Sanki eyni paltarı bir adamdan çıxarıb bir başqasına geyindirirsən. Belə bir görüntü şagirdi yorur, yeknəsəklik yaradır. Vahid məktəbli formasına keçid yaxşıdır, bunun izahını da tapmaq mümkündür. Vahid müəllim geyiminə nə izah verirlər, mənim üçün maraqlıdır. Bunun heç bir elmi izahını tapmaq mümkün deyil. Müəllim müstəqil, ali

təhsilli insandır. Əgər hansısa müəllim geyimdə rəqabət barədə düşünürsə, deməli o, müəllim deyil. Müəllimin geyimi ziyalı geyimidir. Ciddi, səliqəli, təvazökar. Hamını eyni rəngə bürümək olmaz. Elə insan var, hansısa rəng onun çöhrəsinə uyğun gəlmir, birinin çöhrəsinə bir rəng uyğun gəlir, bir başqasına başqa rəng. Müəllimə eyni geyim lazım deyil. Müəllimin geyimi səliqəli, ciddi olsun, yetər. Belə görünür ki, təhsilimizə rəhbərlik edənlər uşaqla böyüyü ya səhv salıblar, ya da ikisini də eyni tuturlar. Bu da doğrudur ki, hazırda müəllimlərin, xüsusən də qadın müəllimlərin geyimi ilə bağlı bəzi problem var. Bəzən qadın müəllimlər doğru geyim seçə bilmir, açıq-saçıqlığa meyl edirlər. Amma bunu aradan qaldırmaq üçün vahid müəllim geyimi kimi heç bir izahı olmayan tendensiyanı məktəblərə ötürmək lazım deyil. Müəllimlərdə geyim, davranış, danışıq, ünsiyyət, insanlarla münasibət mədəniyyəti formalaşdırmaq lazımdır. Müəllim bilməlidir ki, işə gedir və uşaq - şagird önünə çıxacaq. Geyimini də buna uyğun seçməlidir. Əgər müəllim bunu düşünə bilmirsə, özünü idarə edə bilmirsə, ondan müəllim çıxmaz. Vahid geyimlə də onu dəyişmək mümkün olmayacaq.

Məlahət Rzayeva