Müflis olan şirkətdən mənzil alan şəxslərin vəsaitləri risk altındadır

Təsisçilərin əmlakı da məhkəmənin qərarı ilə satışa çıxarıla bilər



Azərbaycanda tikinti şirkətlərindən biri müflis elan olunması üçün məhkəməyə müraciət edib.
Belə bir təcrübənin Azərbaycanda öncədən olmadığını vurğulayan əmlak ekspertləri bu addımın bir ilk olduğunu qeyd edib. Bu isə həmin şirkətdən mənzil alan şəxslərin vəsaitlərini böyük risk altında qoyur. Həmin şirkətin tikdiyi və yarımçıq qalan binalardan mənzil alan şəxslərin pulları necə qaytarılacaq?

Ekspert Emil Cəfərov bildirir ki, vətəndaşlar öz vəsaitlərini təhlükə altında qoymaq istəmirlərsə, o zaman mənzili hansı şirkətdən aldıqlarına əvvəlcədən xüsusi diqqət etməlidirlər.

Məsələnin ən maraqlı tərəfi isə əgər məhkəmə tikinti şirkətinin iflasa uğradığını təsdiq edərsə, bu şirkətdən mənzil alan, ancaq faktiki mənzili olmayan vətəndaşların hüquqları necə bərpa ediləcək? Hüquqşünas Xəyal Bəşirov bildirib ki, əgər məhkəmə şirkətin iddiasını qəbul edərsə, ləğvetmə komissiyası şirkətin bütün aktivlərinə əl qoyacaq. 

Və bu aktivlər əsasında da vətəndaşların borcları qaytarılacaq. Lakin şirkətin aktivləri vətəndaşlara olan borcdan az olarsa, onda vətəndaşlar mənzillərinə verdiyi pulun yalnız bir hissəsini ala biləcəklər. Buna görə mütəxəssislər maliyyə vəziyyəti yaxşı olmayan, əmlak bazarında özünü doğrultmayan şirkətlərdən mənzil almağı tövsiyə etmir.

"MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov da "Şərq”ə açıqlamasında deyib ki, məhkəmə şirkətin müflis olması ilə bağlı qərar çıxaracağı halda həmin şirkətin əmlakı dəyərləndirilir və açıq bazarda satılır. 

Əldə olunan məbləğ isə sözügedən şirkətdən mənzil alan vətəndaşlar arasında bölünür. Şirkətin əmlakı mövcud borcları ödəmədiyi təqdirdə təsisçilərinin əmlakı da məhkəmənin qərarı ilə satışa çıxarıla bilər. Amma bu barədə məhkəmə xüsusi qərar qəbul etməsə, təsisçilərin əmlakına toxunulmur.

Şəymən