“Muğanımız - tariximiz, sərvətimiz”





Əlverişli coğrafi şəraitə və göz oxşayan təbiətə malik olan Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Muğan düzü Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə isə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyaraq Muğan düzünün bir hissəsini suya qərq edib. Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınıb və Araz öz yatağına qaytarılıb.

Düzənlikdəki bir çox göl və bataqlıq da (Ağçala, Mahmudçala) həmin daşqın zamanı əmələ gəlib. Çox hissəsi dəniz səviyyəsindən aşağı olan Muğan düzü Azərbaycanın ən qədim əkinçilik bölgəsi hesab olunur. Burada qədim zamanlarda istifadə edilən arxların izləri hələ də durur..

Muğanın dastanlaşmış tarixi...

"Muğan” sözünün mənası barədə müxtəlif fikirlər var. Tanınmış dilçi-alim, professor Qara Məşədiyevin fikrincə, Muğan "Muğal” sözünün birinci komponenti olan "Muğ”dan əmələ gəlib. "Muğ” şöhrət, fəxr mənasına gələn qədim türk sözüdür. Muğanın təbii sərvəti, çox gözəl iqlimi və münbit şəraiti diqqəti cəlb etdiyindən bu məkan zaman-zaman əldən-ələ keçib. Dillər əzbərinə çevrilən Muğan düzünün gözəlliyinə şeirlər həsr olunub, mahnılar qoşulub.

Muğanın təbiəti barədə orta əsr yazılı mənbələrində xeyli məlumat var. Həmdullah Qəzvinin "Hüzhət əl-Qülüb” əsərinin dördüncü bölməsi Muğan və Aran əyalətlərinin təsvirinə həsr edilib. Həmidullah Qəzvini yazırdı ki, "bu əyalətlərin havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə sərhədlənir. Payızda Savalan dağları görünməz olanda bütün ərazidə ot quruyur və zəhərli olur. Yazda onun zəhərliyi aradan qalxır. Savalan göründüyü vaxt otlaq tamamilə təhlükəsiz olur”. Mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyektdən bəhs olunur. Deyilənə görə, orta əsrlərdə Qəbələ ilə həmsərhəd olan və Girdiman çayının aşağı axarında yerləşən ərazi Muğaniyyə adlanıb.

Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunub. Məşhur ərəb tarixçisi İbn Xordabeh Muğan hakimi Şəklə haqqında, digər ərəb tarixçisi Əl-Müqəddəsi başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə ətraflı məlumat veriblər. Bir fikrə görə, şəhər XIII əsrdə monqol yürüşləri, digər fikrə görə isə XV əsrdə Teymuri sultanı Əbu Səidlə Ağqoyunlu Uzun Həsən arasında baş vermiş vuruşma zamanı dağıdılıb. Tarixçilər Qərnati və Zəkəriyyə Qəzvini Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanın başqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verib, yerli əhalini türkmənlər adlandırıblar. Antik müəlliflər, Hekatey, Herodot isə tarixi Muğan (Mukan) ərazisində mik, muk tayfasının yaşaması haqqında məlumat veriblər. Ümumilikdə Azərbaycanda Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcud olub.

Muğan düzünün gözü - Saatlı rayonu

Saatlı rayonu Muğan torpağının güzgüsü sayılır. Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il may ayının 25-də inzibati rayon kimi təşkil edilib. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı 1965-ci ildən yenidən müstəqil rayon statusu alıb. "Saatlı” etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçüblər. Saatlıların bir qismi Qazax zonasında, digər hissəsi isə Qarabağda məskunlaşıblar. Saatlı tayfasının adı qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilib. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılıb. Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaradıb. Rayonun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası” adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olub. Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Qədim tarixə malik olan Saatlı rayonu torpağa qəlbən bağlılığı, dövlətçiliyimizə sonsuz sədaqəti, sadə və zəhmətsevər adamları ilə şöhrət qazanıb.

Qəhrəman Saatlı camaatı..

Saatlı rayonunun təşkil edilməsi 1941-1945-ci illər müharibəsi dövrünə düşdüyündən həmin illərdə rayondan 1600 nəfər cəbhəyə göndərilib. Döyüşə gedənlər 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə vuruşublar. 533 saatlı faşistlərlə ağır savaşlarda qəhrəmancasına həlak olub. Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə də Saatlı rayonunun gəncləri qəhrəmancasına döyüşüblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən savaşda Saatlı rayonu 116 nəfər şəhid verib. 1995-ci ilin mart hadisələrində igidcəsinə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Saatlı əhalisi öz qonaqpərvərliyi, insanlara qucaq açması ilə də hər zaman öndə olub. 1949-cu ildə Ermənistandan zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958 və 1989-cu illərdə Orta Asiyadan sürgün edilən Axıska türklərinin müəyyən hissəsi Saatlı rayonunda məskunlaşıblar.

Saatlının sosial-iqtisadi inkişafı digər rayonlara örnəkdir

Saatlı rayonunun sosial-iqtisadi, mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev rəhbərliyə gəldiyi dövrdən etibarən 4 dəfə Saatlı rayonuna səfər edib. Ulu Öndər rayon əhalisinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün ciddi tapşırıq və tövsiyələrini verib. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə XX əsrin 70-80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilib. Çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra rayonda tikinti-quruculuq, abadlıq işləri daha geniş vüsət alıb. Prezident İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, bu rayon da sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar əldə edib. Hazırda düzgün müəyyənləşdirilmiş səmərəli idarəetmə təcrübəsi və yerli sakinlərin özlərinin zəhmətsevərliyi nəticəsində rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, aqrar sahə və infrastruktur dinamik inkişaf etməkdədir. Rayonda qısa müddət ərzində Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 nəfərlik "Came” məscidi, 8 yeni məktəb binası, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər” parkı, "Muğan” və "Fəvvarələr” istirahət yeri, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilib. 2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılıb.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir

Araz çayının bol suyu Saatlı ərazisində taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Hazırda əhali bu imkanlardan istifadə edərək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verir. Son illər Saatlı rayonunda görülmüş işlərin təhlili və statistik məlumatlar da göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və uğurlu nəticələr əldə olunub. Təkcə 2015-ci ildəki sosial-iqtisadi göstəricilər də bunu təsdiqləyir. Rayonun ümumi məhsul istehsalının həcmi 2,8 faiz artıb, ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil edib. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınıb.

Dövlət rəhbərliyinin Saatlıya xüsusi qayğısı...

Dövlət başçısı İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək, görülən işlərlə yaxından tanış olub. Prezident Saatlıda regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının şahidi olaraq, əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Rayonda görülən işlərin sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Prezidentin rayona səfəri hər dəfə yeni obyektlərin açılışı ilə yaddaşlara həkk olunub. Ölkə rəhbəri müxtəlif vaxtlarda Saatlıya səfəri zamanı Heydər Əliyev Mərkəzinin, yeni salınmış Novruzlu qəsəbəsinin, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Rəsm Qalereyası və əsaslı şəkildə yenidən qurulan, beynəlxalq standartlara cavab verən Saatlı Mərkəzi Rayon Xəstəxanasının və Olimpiya İdman Kompleksinin açılışlarında iştirak edib. Şəhərin giriş hissəsində yerləşən Bayraq Meydanı kompleksi respublikada ən baxımlı guşələrdəndir. Açılışında dövlət başçısının da iştirak etdiyi bu kompleks Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən "Şəhidlər” və "31 Mart Azərbaycanlıların Soyqırımı” abidələrinin ərazisi ilə birləşdirilərək, iki hektar sahəni əhatə edir. Azərbaycan Prezidenti rayonun yenidən qurulmuş avtomobil yollarının açılışında da iştirak edib. Onu da xüsusi vurğulayaq ki, Saatlı respublikada yeganə rayondur ki, bütün kəndlərin yolu müasir tələblər səviyyəsində qurulub və asfaltlaşdırılıb. Bütün bu işlər son 8 ildə həyata keçirilib. Bu gün Saatlı rayonu barəsində ölkə rəhbərliyi və yerli əhali yalnız xoş təəssüratlara malikdir. Təbii ki, bu təəssüratları son illər həyata keçirilən uğurlu işlər yaradıb. Əminliklə demək olar ki, Saatlı rayonunda qərb standartlarına cavab verən infrastruktur formalaşıb.

İsmayıl Qocayev

Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon
İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.