“Müharibə etmək asandır...”

Sərhədlərdə xaos, dondurulmuş münaqişələr varBakıya toplaşan liderlər dünyanı bürüyən böhrandan çıxış yollarını sadaladılar
Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib. Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.
İki gün davam edəcək tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
"Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib ki, Yunanıstan böhranı bazar iqtisadiyyatının bir çox problemini ortaya çıxardı: "Çoxqütblü dünyaya doğru” şüarı ilə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalıb. "Əl-Qaidə” terror təşkilatı Qərbdə müsəlman əhaliyə qarşı münasibəti pisləşdirib. Bu, tək iqtisadi deyil, sosial, mədəni məsələlərdir. Ona görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması qərara alınıb. Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik”. Serageldin söyləyib ki, Forumda Suriya mövzusu ayrıca müzakirə olunacaq: "Biz İran və Əfqanıstan kimi ölkələrin özünəməxsusluğunu nəzərə almalıyıq. Başa düşməliyik ki, problemləri həll etmək üçün əməkdaşlıq etməliyik”.
"Biz daha qeyri-sabit dünya nizamına doğru gedirik”
Bolqarıstan Prezidenti Rosen Plevneliyev bildirib ki, dünya bölüşdürülməsi ilə bağlı Yalta konfransı ərəfəsindədir, buna imkan vermək olmaz. Onun sözlərinə görə, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: "Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruridir”. Bolqarıstan Prezidenti deyib ki, bu gün sərhədlərində xaos, dondurulmuş münaqişələr görür: "Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadır. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram”.
"Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik”
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili dost Azərbaycana, Bakıya gəlməyin həmişə xoş olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var: "Gürcüstanın müxtəlif işğalçı addımlardan əziyyət çəkdiyini deyən Marqvelaşvili bildirib ki, Rusiya ərazilərinin 20 faizini işğal edib, əhalinin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib: "Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır, Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir”. Gürcüstan Prezidenti Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayıb. O söyləyib ki, 3 ölkənin birgə həyata keçirdiyi layihələr daha çox dostların qazanılmasına gətirib çıxaracaq.
"Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik”
Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa deyib ki, bu gün telekanallardakı reportajlarda insanlara qarşı zorakılığı, qaçqınlara, qadınlara qarşı seksual zorakılıq təbliğ olunur: "İnsanlar öz cahilliklərindən təbiətə qarşı vəhşiliyə yol verirlər. Xalqlarımıza fayda verən məsələləri müzakirə etməliyik. Burada hazırda hakimiyyətdə olan şəxslər, eyni zamanda gənc liderlər var. Gənc liderlər təcrübəli şəxslərlə fikir mübadiləsi həyata keçirməlidirlər. Çünki sabahın uğurları sizdən asılıdır. Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik. Bunun üçün müxtəlif nöqteyi-nəzərləri bir araya gətirməli, bir-birimizi həvəsləndirməliyik”.
"Bir uşaq ölürsə, bu, insan dramasıdır”
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini tanınmayan, bilinməyən insanlara silah satmağın tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, İtaliya dövləti buna çox həssas yanaşır: "Avropa böhranın həll olunmasına töhfə verməkdən kənarda dayanıb. Türkiyə hakimiyyəti böyük sayda suriyalı qaçqınları qəbul etdi. Biz İtaliya olaraq səylərimizi birləşdirmişik. Məsələn, Avropa dənizi sərhədsiz keçənlərə qarşı hansı tədbirlər görür. Biz bu təcrübəni nəzərdən keçirməliyik. Bəşər Əsədin hakimiyyətdən getməsi bir səhv idi. Yekun məqsəd isə ondan ibarət olmalıdır ki, bütün təfərrüatları diqqətimizdən keçirməliyik. Əgər bir uşaq ölürsə, bu, insan dramasıdır”. Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger belə mötəbər tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin "Biz mövcud problemləri həll etməsək, gələcəkdə daha böyük çətinliklərlə qarşılaşacağıq” sözlərini xatırladan C.Bolger sessiyada bir neçə vacib məsələyə, xüsusən də qaçqınlarla bağlı problemlərə toxunulacağını diqqətə çatdırıb.
"Forumda Azərbaycan özünəməxsus inkişaf modelini nümayiş etdirəcək”
Millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, Bakı şəhəri çoxsaylı iqtisadi-mədəni, idman və intellektual tədbirlərin keçirildiyi bir mərkəzə çevirilib. Bunların sırasında artıq dördüncü dəfə keçirilən IV Qlobal Bakı Forumunun xüsusi yeri var. Deputat bildirib ki, qlobal iqtisadi müstəvidə Davos Forumu hazırkı mərhələdə beynəlxalq münasibətlər sistemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından eyni əhəmiyyətə malikdir: "Müzakirə olunacaq məsələlər isə iqtisadi, siyasi, mədəni, enerji və ekoloji təhlükəsizlik məsələlərini əhatə edən çoxsaylı bloklardan ibarətdir. Hazırkı məqamda dünya siyasətində ən aktual məsələlərdən hesab olunan qlobal idarəetmədə yaşanan böhran və qlobal etimadsızlıq məsələləri Forumda müzakirə obyekti olacaq. Eyni zamanda dinlərarası dialoq mühitinin yaxşılaşdırılması, multikultural dəyərlərin qlobal dəyər kimi əhəmiyyəti də tədbirin əsas mövzularından birini təşkil edəcək. Ən əhəmiyyətlisi isə odur ki, rəsmi Bakı bütün sadalanan istiqamətlər üzrə əldə etdiyi uğurları dünyanı idarə edən auditoriyaya təqdim edəcək. Dolayısıyla Azərbaycan özünəməxsus inkişaf modelini nümayiş etdirəcək. Bir daha Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğal edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq”. Hikmət Babaoğlu belə bir əhəmiyyətli forumun keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinin təsadüfi hal olmadığını da diqqətə çatdırıb.
İsmayıl