Ermənistan Rusiyaya güvənərək işğal etdiyi torpaqları boşaltmaq niyyətində deyil
Müharibə olmaz, olsa pis olar
2016-cı ildə Qarabağ münaqişəsi həll olunmayacaq
Ermənistan Rusiyaya güvənərək işğal etdiyi torpaqları boşaltmaq niyyətində deyil
Ermənistan Rusiyaya güvənərək işğal etdiyi torpaqları boşaltmaq niyyətində deyil
Dünən "Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından 2015-ci ilin yekunlarına və 2016-cı ildəki perspektivlər” mövzusunda mətbuat konfransı keçirib.
Mərkəz sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 7-8 fevral tarixində Münhen təhlükəsizlik konfransının iki panelində iştirak edib: "Dövlət başçısı həmin toplantıya əsasən iki mesajla getmişdi. Birinci mesaj Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini beynəlxalq auditoriyanın diqqətinə çatdırmaq idi. İkinci mesaj isə Ukraynadakı müharibə ilə Dağlıq Qarabağ arasındakı paralellər aparmaq idi. Bu mesajların önəmi ondan ibarətdir ki, Qərb Ukraynanın ərazi bütövlüyünə ayırdığı diqqəti Azərbaycana da ayırmalıdır. Həqiqətdə isə Qərb Ukraynanın da ərazi bütövlüyünü təmin etməkdə acizdir”.
Lavrovun mesajları
Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Edvard Nalbandyanla görüşünə diqqət çəkən politoloq söyləyib ki, ötən il aprelin 8-də Moskvada baş tutan məlum görüşdə Lavrov Azərbaycana iki mesaj ünvanlayıb: "O, birinci mesajında bildirmişdi ki, Dağlıq Qarabağda müharibəni təsəvvür etmir. İkinci mesajda isə söyləmişdi ki, savaş başlayacağı halda Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtləri daxilində Ermənistana hər cür dəstək göstərəcək. Əslində bu, başdan da bəlli idi. Sadəcə o, Azərbaycanı növbəti dəfə hədələdi. Rəsmi Bakının diqqətinə çatdırdı ki, müharibə çıxış yolu deyil və bu, Azərbaycana ciddi təhlükələr yarada bilər”.
Ermənistana qarşı şikayət
Politoloqun qənaətincə, Dağlıq Qarabağla bağlı maraqlı hadisələrdən biri də keçən il iyunun 16-da baş verib: "Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzə çıxdı. Bu da çox önəmli qərar idi. Neçə müddət idi ki, həmin şikayətə baxılırdı. Bu şikayət əsasında Laçından qovulan insanların geri dönmək və mülkiyyətlərini geri almaq hüquqları tanındı. Həmin qətnamə Azərbaycan üçün BMT -nin 4 qətnaməsi qədər vacibdir. Düzdür, bu, münaqişənin həllini sürətləndirmir. Bütün hallarda istinad nöqtəsi sayıla bilər”.
Rusiya Ermənistanı sürətlə silahlandırır
Rusiyanın Ermənistana silah satması məsələsinə toxunan ekspert deyib ki, Moskva İrəvana müasir silahlar almaq üçün ötən ilin iyul ayında 2 yüz milyon dollar məbləğində kredit verdiyini açıqlayıb: "Açıqlamada bildirilirdi ki, saziş Ermənistan silahlı qüvvələrinin müasir silahlarının çeşidini xeyli genişləndirə bilər”.
Ermənistanın Azərbaycana qarşı 3 təxribatı
S.Lavrovun keçənilki Bakı səfərindən söz açan analitik vurğulayıb ki, bu səfərin də heç bir praktiki önəmi olmadı: "Sözügedən səfər əslində Ermənistanın Azərbaycana 3 təxribatı ilə yadda qaldı. Birinci təxribat o idi ki, Dağlıq Qarabağ separatçıları sentyabrın 13-də yeni seçkilər keçirəcəklərini elan etdilər. Azərbaycan XİN-i buna dərhal reaksiya verdi. Bu, "seçkilərin” hüquqa zidd olduğunu bildirdi. İkincisi, Ermənistan Prezidenti Dağlıq Qarabağa səfər etdi. Üçüncüsü isə, Ermənistan snayperləri sərhəddin Qazax istiqamətində Azərbaycanın iki hərbiçisini qətlə yetirdilər. Tərtər rayonunda toy maşınına atəş açdılar. Təəssüf ki, bu təxribatlara nə Qərbdən, nə də Moskvadan reaksiya gəldi”.
İran Gürcüstana qaz xətti çəkə bilər
E.Şahinoğlu hesab edir ki, 2015-ci ildə Dağlıq Qarabağ probleminə dair yaddaqalan hadisələrdən biri də İran İslam Respublikasının tanınmış din xadimi Şeyx Hüseyn Həmadinin 31 avqust-4 sentyabrda ölkəmizə səfər etməsi olub: "Səfəri zamanı bir açıqlaması oldu. Söylədi ki, mən Allaha dua edirəm ki, Azərbaycanın əzəli torpaqları olan Qarabağ yenidən Azərbaycana qaytarılsın. Bəli, bu fikir bizdə sevinclə qarşılandı. Bəziləri söylədi ki, İranın mövqeyində artıq dəyişikliklər var. Ancaq sonradan məlum oldu ki, Tehranın Ermənistana münasibətlərində heç bir yenilik yoxdur. Tam əksinə, son xəbərlərə görə, cənub qonşumuz Ermənistan üzərindən Gürcüstana qaz xətti çəkməyi qərarlaşdırıb”.
İrəvan torpaqlarımızı qaytarmayacaq
Eyni zamanda siyasi şərhçi ötən ilin sonunda Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşə də diqqət çəkib: "Dekabrın 19-da İsveçrənin paytaxtı Berndə görüş baş tutdu və bu danışıqlar nəticəsiz qaldı. Həmin danışıqlar bir daha təsdiq etdi ki, Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. İrəvan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazırlaşmır”.
Münaqişə 2016-cı ildə də həll olunmamış qalacaq
Münaqişə ilə bağlı 2016-cı ildəki perspektivlərdən söz açan politoloq vurğulayıb ki, bu il münaqişənin həllinə dair danışıqlarda müsbət nəticə qazanılacağını gözləmək problematikdir: "Birincisi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi buna imkan vermir: "İkincisi, Suriyadakı müharibəsində böyük dövlətlərin maraqlarının kəsişməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə əngəldir. Rusiyanın ABŞ-la, o cümlədən Türkiyə ilə maraqları Ukrayna və Suriya məsələlərində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarının üst-üstə düşəcəyini gözləmək çətindir”.
Ayyət Əhməd