"...Müharibəyə başlayaq, başqa yol yoxdur ! " - DEPUTAT




"Dağlıq Qarabağ münaqişəsini vaxtilə biz özümüz beynəlxalq səviyyəyə çıxarmışıq”.

Bunu Sherg.az-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlamalarına münasibət bildirərkən millət vəkili Elmira Axundova deyib. 

Onun sözlərinə görə, 1993-1994-cü illərdə Ümummilli lider Heydər Əliyev elə bilirdi ki, böyük dövlətlər bu məsələdə Azərbaycana kömək ola bilər:

"Mənə elə gəlir ki, ATƏT-in Minsk qrupu uğurlu format deyildi. Çünki bu təşkilatın həmsədrləri arasında Rusiya, Fransa və Amerika yer aldı. Hər üç dövlətdə erməni lobbisi yetərincə güclüdür. Nəyə görə həmin qrupa bizə bir qədər yaxın olan dövlətləri, məsələn Ukrayna və Türkiyəni daxil etmirdilər? Ona görə də ATƏT-in Minsk qrupuna inanmıram. Həmsədrlər həmişə yalan deyir və sadəcə məsələni uzadırlar.

Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma Ermənistan bunu istəmir, lakin bu işğalçıya heç bir böyük dövlət təzyiq göstərmir. Qəbul olunmuş heç bir qətnaməni işə salmırlarsa, onda sülh yolu ilə münaqişə necə həll oluna bilər? İşğalçı tərəfə təzyiq olunmalıdır ki, sülh yolu ilə münaqişə həll olunsun. Bu mənada mən özüm də buna ümidsiz baxıram. Beynəlxalq qurumlardan heç nə gözləməyə dəyməz. Ya gərək biz erməni tərəfi ilə necə olur-olsun bir danışığa gedək, müxtəlif üsullarla həll etməyə çalışaq, ya da ki müharibəyə başlayaq, başqa yol yoxdur. Böyük dövlətlərin Qatar, Suriya və Livan kimi problemləri var”.

Qeyd edək ki, M. Brayzanın sözlərinə görə Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil. Keçmiş həmsədr bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı.

Aysel Aslan