Belə olarsa, Silahlı Qüvvələr daha yaxşı inkişaf tempinə çatar
Qarabağda gedən son döyüşlərdən sonra Azərbaycanda peşəkar ordu quruculuğu məsələsi yenidən gündəmə gəlib. Qısa müddətli müharibədə əsgər və zabitlərimiz qəhrəmanlıq nümayiş etdirib, öz döyüş ruhları və bacarıqları ilə millətimizin başını uca etsə də, ordumuzun şəhid verməsi bizi dərindən sarsdı.
Xüsusən də şəhidlərimiz arasında 18-19 yaşlı çağırışçıların üstünlük təşkil etməsi ordu quruculuğunda ciddi islahatlar aparılmasını şərtləndirir. Ən azından gələcəkdə ola biləcək savaşlarda itkilərimizin az olması üçün bu istiqamətdə real addımlar atılmalıdır. Ekspertlər də hesab edir ki, parta arxasından yenicə qalxmış, müstəqil həyata uyğunlaşmamış 18 yaşlı gəncin hərbi xidmətə aparılması və bir çox hallarda cəbhənin ön xəttinə göndərilməsi istər psixoloji hazırlıq, istərsə də hərbi xidmətin keyfiyyəti baxımından səmərəli deyil.
Azərbaycanda peşəkar ordu sisteminə keçidə çoxdan ehtiyac olduğunu deyən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, indiki halda prosesə keçid sürətləndirilməlidir: "Bütün ordunun peşəkarlardan ibarət olması şərt deyil. Biz hələlik şəxsi heyətin böyük bir qisminin peşəkar hərbiçilərdən ibarət olmasına nail olmalıyıq. Ən azından sabah müharibə başlasa, çağırışçılarla peşəkarların sayı 50-nin 50-yə olmalı və ön cəbhədə peşəkarlar döyüşməlidir. Bilirik ki, müqaviləli ordu daha yüksək döyüş qabiliyyətli ordu sayılır. Çünki burada olanlar 1 il, il yarım deyil, daha çox müddətə xidmət edirlər. Hansı ki, peşəkarların həyat təcrübəsi digərlərinə nisbətən daha çox olur. Peşəkarlar döyüş zamanı da daha yaxşı uğurlara imza ata bilirlər. Peşəkar orduya keçidi sürətləndirməklə bu sahədə mövcud olan bir sıra problemlərin də qısa zamanda həllinə nail olacağıq. Müqaviləli ordu sistemində Silahlı Qüvvələr daha yaxşı inkişaf tempinə çatacaq. Peşəkar ordu sistemi qoşunların sayının azalması, amma bunun müqabilində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq. İkinci bir tərəfdən, ordumuzun döyüş qabiliyyəti qalxacaq”.
Azərbaycanda peşəkar ordunun formalaşması üçün bütün imkanların olduğunu vurğulayan ekspert deyib ki, müqaviləli hərbiçilər daha çox cəbhə xəttinə yaxın olan hərbi hissələrdə xidmət etməlidir: "Bu işin bir "əmma”sı var. Azərbaycan müharibə şəraitindədir və istənilən an döyüşlər bərpa oluna bilər. Belə təqdirdə Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlar keçirmək məcburiyyətində qalacaq. Müharibədə isə qələbəni təkcə ordu qazanmır. Cəmiyyətin də bu prosesdə iştirakı mühüm faktordur. Bu fonda arxa cəbhədə çağırışçılar arasında hərbi hazırlıq da
keçirilməlidir ki, səfərbərliyə ehtiyac olan halda onlardan istifadə olunsun. Hətta atəşkəs dövründə onlar arasında peşəkar orduya qoşulmaq istəyənlərlə müqavilə imzalamaq olar”.
A.İsazadənin sözlərinə görə, peşəkar orduya keçidi sürətləndirmək üçün struktur dəyişiklikləri baş verməlidir. Praktiki olaraq hazırda Azərbaycan ordusunun 90 faizi çağırışçılardan ibarət olduğundan bütün qanun və sənədlər də bunun üzərində qurulub. Deməli, müqaviləli orduya keçid zamanı ilk növbədə qanun və sənədləşdirmə prosesi dəyişdirilməlidir. Müqavilə ilə hərbi qulluğa götürməyin bəzi vəzifələri var. Amma bu vəzifə siyahısı genişlənməlidir. Ordumuzda əsas qüvvə çağırışçılardan ibarətdir. Düzdür, Hərbi Hava Qüvvələrində əsas qüvvə peşəkarlar sayılır və təyyarəni peşəkar zabitlər sürür. Amma təyyarələrə qulluq edən, təhlükəsizliyi təmin edənlər yenə də əsgərlərdir.
Ekspert qeyd edib ki, yarı peşəkar ordular NATO ölkələrində də mövcuddur: "Onlarda çağırış da var, müqavilə əsasında xidmət də. Bu, normal bir hal kimi qəbul olunur. Gürcüstan vaxtilə belə bir keçid dövrü keçirdi. Bir müddət onlarda çağırış da var idi, müqavilə ilə orduya hərbçilər cəlb olunurdu. İndi praktiki çağırışla Gürcüstanda orduya min, iki min adam ancaq çağırılır. Qalanlar isə müqavilə əsasında orduda qulluq edirlər. Bu, daha müasir sistemdir. Ordunun formalaşmasının müasir sistemi elə budur”.
Şəymən