Müraciət edən hər kəs əfv edilməyəcək

“Əsasnaməyə baxılır, əgər uyğunsa həmin şəxsin adı siyahıya salınır”




İki gün öncə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib. Ümumilikdə, 400-dən artıq müraciətə baxılıb, onların 140-dan çoxuna müsbət qərar verildiyi açıqlanıb.

Siyahıda tanınmış şəxslərin adlarının olub-olmamasına gəlincə, Komissiyanın üzvü, millət vəkili Məlahət İbrahimqızı açıqlamasında bildirib ki, əfv siyahısına düşənlər cəzasının çox hisssini çəkmiş, ölkə Prezidentinə əfv üçün müraciət edən şəxslərdir. Eyni zamanda, törətdiyi cinayətlə bağlı qarşı tərəf şikayətçi deyilsə, yaxud zərər ödənilibsə və cəmiyyət üçün heç bir təhlükəsi yoxdursa, o şəxslər əfv olunmaları üçün Prezidentə təqdim edilir: "Yüzlərlə insan əfv üçün müraciət edir. Təəssüf ki, mətbuat konkret müəyyən şəxslərin adını çəkir. Orada heç kimin ad, soyadına baxılmır. Biz hər kəsə məhbus kimi baxırıq. Əsasnaməyə baxılır, əgər uyğunsa həmin şəxsin adı siyahıya salınır. Lakin bu o demək deyil ki, müraciət edən hər kəs əfv edilə bilər. Əgər biri mənim evimə oğurluğa gəlibsə və mənə vurduğu maddi ziyan ödənilməyibsə, o şəxs əfv edilə bilməz”.

Əfv Məsələləri Komissiyasının digər üzvü Mehdi Mehdiyev də qeyd edib ki, keçirilən iclaslar zamanı Komissiyaya daxil olan 400 müraciətə baxılıb və rəylər verilib: "Tərəfimizdən həmin müraciətlərin 140-a qədərinə müsbət rəy verilib. Ümid edirik ki, Novruz bayramı ilə əlaqədar yaxın günlərdə əfv sərəncamı imzalayaraq çoxsaylı ailələri sevindirəcək. Biz üzərimizə düşən missiyanı yerinə yetirərək əfvə düşə biləcək insanların siyahısını hazırladıq. Son sözü isə Prezident deyəcək. Təbii ki, müraciətlər arasında ağır və təkrar cinayətləri olan şəxslər vardı ki, onların adı siyahıya salınmayıb”.

Siyasi məhbuslar məsələsinin ayrıca müzakirə olunmadığını vurğulayan Komissiya üzvü deyib ki, siyahı konkret maddələr üzrə hazırlanıb.

İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, Komissiyaya əvvəlki siyahı ilə müraciət ediblər və Prezidentə təqdim edilən siyahıda həmin şəxslərin adlarının olacağına, hamısının əfv olunacağına ümid edirlər.

Şəymən