Sülhəddin Əkbər: “Qərb dairələrinin, beynəlxalq strukturların münaqişə ilə bağlı narahatlığına səbəb Rusiyadır”
"Qarabağ münaqişəsinin yenidən gərginləşməsi təhlükəsi var”. Bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbərinin sözlərinə görə, regionda vəziyyət mürəkkəb olaraq qalır: "Hesab edirik ki, münaqişənin nizamlanması üçün dialoq prosesi strukturlaşdırılmalıdır. Lakin dialoq prosesi hələ ki, ciddi strukturlaşdırılmayıb və bunun üçün ciddi çalışmaq lazımdır”.
Britaniyalı jurnalist, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal da bildirib ki, nizamlanmamış münaqişələr arasında ən təhlükəlisi "mürgüləyən” Dağlıq Qarabağ problemidir. Vaalın fikrincə, fəlakət gətirən müharibə başlamamış münaqişə təcili sülh yolu ilə həllini tapmalıdır: "Dağlıq Qarabağda yeni gemişmiqyaslı münaqişə əsl dəhşət olar. Hər iki tərəfdə yeni silahlar var, böyük ehtimalla yüzlərlə gənc insan dünyasını dəyişəcək. Onsuz da münasibətləri gərgin olan Türkiyə və Rusiya regionda müharibəyə cəlb olunacaq. Regionda böyük
əməliyyatların başlaması Gürcüstan, İran və Şimali Qafqazda sabitliyi pozacaq. Eyni zamanda Xəzər dənizindən başlayan neft və qaz boru kəmərləri təhlükə altına düşəcək”. İddialarla bağlı "Şərq”ə danışan siyasi ekspert Sülhəddin Əkbər deyib ki, son günlər cəbhə xəttində baş verən olaylar, Ermənistanın qızışdırılması birbaşa Rusiyanın məkirli oyunudur: "Moskvanın məqsədi münaqişə tərəflərinə təsir göstərməklə "Lavrov planını” reallaşdırmaq, Dağlıq Qarabağda "sülhməramlı qüvvələr” adı altında rus qoşunlarını yerləşdirməkdir. Əgər bu baş verərsə, Ermənistanla yanaşı, Azərbaycan da Kremlin təsir dairəsi altına düşər. Cəbhədə yaşanan olaylardan aydın olur ki, Rusiya Azərbaycan vasitəsi ilə Ermənistanı sındırmaq istəyir. Moskva çalışır ki, rəsmi İrəvan prinsipcə 7 rayonun qaytarılmasına icazə versin. Azərbaycan da bunun müqabilində rus silahlılarının Qarabağda yerləşdirilməsinə razı olsun. Bunun baş verəcəyi təqdirdə Azərbaycan həm Qarabağı itirəcək, həm də suverenliyimiz təhlükə altına düşəcək. 1993-cü ildə çox ağır itkilər hesabına, hökumətin yıxılması bahasına rus ordusunun Azərbaycandan çıxarılmasına nail olduq. İndi yenidən rus qoşunlarının "sülhməramlı ordu” adı ilə ölkəmizə qayıtması müstəqilliyimizin üstündən xətt çəkmək olar. Azərbaycan sıfır nöqtəsinə qayıda bilməz. Təbii ki, heç bir hökumət qətiyyən buna razı olmaz”. Ekspertin sözlərinə görə, Moskvanın təklifləri ilə razılaşmadığımız müddətcə Rusiya Ermənistan tərəfini qızışdıraraq və şirnikləndirərək atəşkəsin pozulmasına şərait yaradacaq: "Ruslar sıxışdırılıb Cənubi Qafqazdan çıxarılana qədər Dağlıq Qarabağda gərginlik hökm sürəcək. Azərbaycan da daxil olmaqla regionun geopolitik taleyi həlledici mərhələyə qədəm qoyub. Ona görə də bu konflikt ətrafında vəziyyət kəskinləşməkdə davam edəcək. Qərb dairələrinin, beynəlxalq strukturların münaqişə ilə bağlı narahatlığına səbəb Rusiyadır. Çünki bütün Qərb dünyası yaxşı bilir ki, Qarabağ münaqişəsinin arxasında dayanan, atəşkəsin mütəmadi pozulmasına şərait yaradan məhz Moskva hökumətidir. Rusiyanın bölgədə söz sahibi olması Qərbin regionla bağlı planlarına ziddir”.
İsmayıl