Müsavat Kılıçdaroğlunu Bakıya dəvət edəcək?

Partiyadan, Türkiyənin ana müxalifəti ilə isti münasibətlərin olduğunu təsdiqlədilər



Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı, millət vəkili Kamal Kılıçdaroğlu "Yeni Müsavat”a müsahibəsində Azərbaycana səfərindən danışıb. Həmkarımızın "Yaxın zamanlarda sizi Azərbaycanda görə biləcəyikmi” sualına cavab olaraq təşkilat başqanı bunları deyib: "Əgər dəvət gələrsə, əlbəttə.” Qeyd edək ki, K.Kılıçdaroğlunun açıqlaması Türkiyə və Azərbaycan müxalifəti arasındakı münasibətlərə dair müzakirələri yenidən gündəmə gətirib.

Doğrudur, bəzi siyasilər bu iki ölkə müxalifəti arasındakı əlaqələrin sıx və qaynar olduğunu iddia edir. Buna rəğmən Azərbaycan müxalif düşərgəsini qardaş ölkə müxalifəti ilə intensiv əlaqələr qurmamaqda qınayanlar da az deyil.

Məsələyə münasibət bildirən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı "Şərq”ə söyləyib ki, Türkiyə müxalif düşərgəsi ilə münasibətləri var: "Həm MHP, həm də CHP ilə əlaqələrimiz mövcuddur. Açığı deyim ki, MHP ilə münasibətlərimiz daha yaxındır. Zaman-zaman əlaqələrimizi genişləndiririk. Şəxsən CHP-li millət vəkillərinin bir neçəsi ilə tanışam. Təşkilatımızın başqanı Arif Hacılı və partiyanın lideri İsa Qəmbər K.Kılıçdaroğlu və ətrafında olan bir sıra millət vəkilləri ilə isti münasibətdədirlər. Təsadüfi deyil ki, Müsavat Partiyasının Bakıda keçirilən tədbirlərində CHP-dən olan millət vəkilləri də iştirak edirlər”.

CHP başqanının ölkəmizə dəvət olunması məsələsinə gəlincə, qurum yetkilisi bunları söyləyib: "Biz o məsələyə hazırıq”.

Ayyət Əhməd