“Müsavatın iki yerə parçalanmasını gizlətmək artıq mümkün deyil”

Adil Qeybulla: “Onsuz da cəmiyyət hər şeyi görür”



"Müsavat Partiyasının rəhbərliyi tərəfindən ünvanımıza deyilənləri qərəz kimi dəyərləndirirəm. Bizim fəaliyyətimizdə hər hansı anti-müsavatçılıqdan söhbət gedə bilməz. Sadəcə, rəhbərlik bir qrup müsavatçının ADR-də təmsil olunmasını həzm edə bilmir. Onların dedikləri emosiya kimi başa düşülməlidir”.

Bunu "Şərq”ə müsahibəsində Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini, professor Adil Qeybulla deyib. Müsavatla ADR arasındakı qarşıdurma və Vurğun Əyyubun partiya məclisindən çıxarılması ilə bağlı suallarımızı cavablandıran A.Qeybulla ilk olaraq təyin olunduğu vəzifənin icrasından və qurumun ümumi işindən danışıb.

- ADR-in fəaliyyət istiqaməti sizi qane edirmi? Qurum sədrinin müavini kimi hərəkatın işini necə qiymətləndirirsiniz?

- Azərbaycan Demokratiya və Rifah Hərəkatı xeyli fərqli standartlarla təşkilatlanır. Heç kim belə bir təşkilatlanma gözləmirdi. Çünki insanların siyasətə marağının azaldığı, siyasi partiyaların fəaliyyətinin sönük olduğu bir vaxtda bu, ciddi bir hadisə oldu. İndi də təşkilatlanma prosesi davam edir. Biz ADR Hərəkatının strukturlarını formalaşdırırıq. Məlum təyinatlar da bununla bağlıdır. Təsis konfransına qədər və ondan sonra iki mühüm tədbir həyata keçirmişik. Bu tədbirlərdə cəmiyyətimizin xeyli tanınmış insanları, aktiv siyasi şəxslər, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər iştirak edib. Təbii ki, ictimai həyatımızın ayrı-ayrı sahələri üzrə tədbirlərimiz də planlaşdırılır. Hesab edirəm ki, hələlik ictimai təşkilat qismində ADR öz fəaliyyətini indiki mühitdə uğurla davam etdirir.

- ADR sədri Qubad İbadoğlunun xaricdə olması hərəkatın fəaliyyətinə problem yaradırmı?

- Yox, hər şey öz qaydasında gedir. Q.İbadoğlu ABŞ-da çox mühüm və faydalı fəaliyyətlə məşğuldur. Hesab edirəm ki, həmin fəaliyyət Azərbaycanın mənafeyi naminədir. Bir iqtisadçı-alim kifayət qədər yüksək mövqedə, dünyanın aparıcı dövlətində, tanınmış şəxslər arasında siyasi görüşlər keçirirsə və tanınırsa, hesab edirəm ki, bu, nəinki tək bir təşkilatın, eyni zamanda Azərbaycanın uğurudur.

- Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması haqda nə deyə bilərsiz? Xüsusilə, eks-başqan İsa Qəmbərin onun barəsində dediklərinə münasibətiniz necədir?

- İsa Qəmbərin dediklərini müdaxilədən daha çox bunu bir təklif kimi qiymətləndirirəm. O, Vurğun Əyyubu köhnə dost adlandırıb və hörmətsizlik olmasın deyə səsverməyə ehtiyac görmədiyini deyib. Hər halda belə bir müdaxiləni başa düşmək olar. Çünki həqiqətən V.Əyyub məsələsinin səsə qoyulması ona qarşı ciddi hörmətsizlik olardı. Vurğun Əyyub Müsavat Partiyasının təsisçilərindəndir. Bərpa qurultayının azsaylı üzvlərindən biridir. O, Azərbaycanın xalq hərəkatında kifayət qədər xidmətləri olan lider şəxslərdəndir. Əslində bütün bu xidmətləri görməzdən gəlmək, arxa plana atmaq qarşı tərəfin mənliyini, şəxsi keyfiyyətlərini ortaya qoymağa kifayət edir. Fikrimcə, gələcəkdə tarixçilər məsələnin obyektiv qiymətini verəcək.

- Tərəflər arasında münasibət normallaşmaq əvəzinə, əksinə, getdikcə daha da gərginləşir. Mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Partiyanın iki yerə parçalanmasının konturları tamamilə üzdədir. Bunu gizlətmək mümkün deyil. Onsuz da cəmiyyət hər şeyi görür. Müsavat anlamalıdır ki, tutduğu indiki yol partiyanı zəiflədir. Bu işdə məsuliyyət isə birbaşa rəhbərliyin üzərinə düşür.

- Namizədlik məsələsinin gündəmə gəlməsi tərəflər arasında yeni bir qarşıdurma yaradıb. Əgər namizədlərlə bağlı partiyaya təqdim edilən sənəd təsdiqini tapmazsa, ADR-in növbəti addımı necə olacaq?

- Əvvəla deyim ki, ADR ictimai təşkilat olaraq yaranıb. Ona görə də seçkilərdə birbaşa iştirakımız nəzərdə tutulmur. Ancaq fərd olaraq hər bir üzvümüzə səlahiyyət verilib. Kim istəsə, majoritar qaydada parlament seçkilərində iştirak edə bilər. Hər kəs seçimini etməkdə sərbəstdir.
Əgər partiya Məclisi ADR-də olan Müsavat üzvlərinin namizədliyinin irəli sürülməsini təsdiq etməsə, bu, ümumi işin ziyanına olacaq. Qərar verməzdən əvvəl addımlarını ölçüb-biçməlidirlər.

- Müsavat rəhbərliyinin namizədlər qarşısında qoyduğu tələbləri necə dəyərləndirirsiniz?

- Müsavatın qoyduğu şərtlər, məsələn, öhdəlik götürmək, mütləq başqandan icazə alınacaq, onun adına fərdi ərizə yazmaq və s. bunların hamısı boş, mənasız bürokratik hərəkətlərdir. Yürüdülən bu xətt partiya Nizamnaməsinə tamamilə ziddir. İnsanlara sərbəst və demokratik seçim hüququ tanınmalıdır.

- Məclis sədri Nüşabə Sadıqlının sizi sərt formada tənqidinə necə cavab verərdiniz?

- Mən söz deyəndə sadəcə olanı söyləyirəm, heç vaxt kimisə tənqid və ya təhqir etmək fikrim olmayıb. Haqqımızda təhqiramiz söz deyənlər bilməlidirlər ki, onların ifadələrini insanlar oxuyur. Tövsiyəm odur ki, özlərini gülünc günə qoymasınlar. Yenə deyirəm, bizə verdikləri cavab onların mədəniyyətini göstərir.

- Partiyanın digər funksionerləri də fəaliyyətinizi ciddi şəkildə izləyir və tənqidi münasibətlər ortaya qoyurlar. Onlara sözünüz nədir?

- Mən onların narazılıqlarında ciddi bir əsas görmürəm. Narazılığı qısqanclıq kimi qiymətləndirirəm. Müsavat Partiyasının ayrı-ayrı funksionerlərinin məsələyə qeyri-adekvat münasibət sərgiləməsi təəccüb doğurur. Əvvəla, ictimai təşkilat olaraq fəaliyyət göstəririk. Müsavat Partiyasının nizamnaməsinə əsasən üzvlərin istənilən ictimai qurumda təmsil olunmaq hüququ var. Müsavatın rəhbərliyi də zaman-zaman ictimai qurumlarda təmsil olunub və indilikdə də təmsil olunurlar. ADR-in ünvanına aşağılayıcı, onun fəaliyyətini kiçiltmək məqsədilə müəyyən açıqlamalar vermək qarşı tərəfə başucalığı, hörmət gətirmir. Hesab edirəm, artıq bu cür vərdişlərdən əl çəkmək lazımdır. Elə danışmaq lazımdır ki, barışmağa üz qalsın.

- V.Əyyub və Ellada Məmmədlidən başqa namizədliyi müzakirə olunan digər şəxslər varmı? Məsələn, siz namizəd olmaq istəyirsinizmi?

- Yəqin ki, seçki vaxtı yaxınlaşdıqca, namizədliyini irəli sürən başqa şəxslər də ortaya çıxacaq. Amma hələlik öz adımdan danışsam, daha düzgün olar. Seçkidə iştirakla bağlı konkret qərarım yoxdur, lakin siyasi situasiyanı dəyərləndirəcəm və təxminən avqust-sentyabr aylarında yekun qərar qəbul edəcəm. Konkret olaraq onu qeyd edim ki, qəti şəkildə Müsavat Partiyasının namizədi olmayacağam, bu birmənalıdır. Bunun səbəbi də bayaq vurğuladığım, partiyanın qarşımıza qoyduğu şərtlərdir. Təbii ki, mən bu şərtləri qəbul etmirəm.

- ADR-də təmsil olunanlar Müsavatdan istefa verərək fəaliyyətlərini ictimai qurumda davam etdirsələr, necə olar?

- Əslində, bizim indiki durumumuz cəbhə hakimiyyətinin 1993-cü ildə vəzifələrin dondurulması situasiyasına oxşayır. Faktiki adımız Müsavatdadır, ancaq orada fəaliyyətimiz yoxdur. Bu da münasibətlə bağlıdır. Partiyaya gedib-gəlmək kimi məsələlərə aqressiv münasibət bəslənilir. Sonuncu dəfə Qubad İbadoğluya qərargahda iclas keçirməyə icazə vermədilər. Yəni bir tərəfdən üzvləri dışlamaq siyasəti yürüdürlər. Ancaq mənim fikrimcə, biz addımı elə atmalıyıq ki, mümkün qədər az günahlar və nöqsanlar olsun. Belə davam etsə, vəziyyət partiyanın bir qədər də zəifləməsinə gətirib çıxaracaq, partiyada bir qrupun idarəçiliyi yaranacaq. Mən şəxsən rəhbərlik tərəfindən aparılan bu tendensiyanı pisləyirəm. Lakin proseslər belə davam etsə, siz deyən hadisələrin yaşanması baş verə bilər.

- ADR-in siyasi partiyaya çevrilmə imkanları nə qədərdir?

- Bu gün üçün ciddi müzakirə mövzusu deyil. ADR ictimai təşkilat olaraq fəaliyyətini davam etdirir. Biz parlament seçkilərində fərdi şəkildə iştirak etmək niyyətindəyik. Artıq bununla bağlı hərəkat öz niyyətini açıqlayıb. Lakin yaxın gələcəkdə siz deyən prosesin baş verməsi daha çox situasiyadan asılı olacaq. Əgər ehtiyac olarsa, ADR siyasi quruma çevrilə bilər.

İsmayıl