Müsavatın Suraxanıdan namizədi Vurğun Əyyubdur

Rayon təşkilatı bununla bağlı rəhbər orqanlara müraciət edib



Müsavat Partiyası 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədlərini müəyyən edib. Lakin seçkilərdə iştirak etmək niyyətində olan partiyanın Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısından çıxarılıb. Bu da qarşı tərəfin ciddi etirazına səbəb olub.

Müsavat Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib ki, qərəzli şəkildə müəyyən şəxslərin adları deputatlığa namizədlər siyahısına salınmayıb: "Belə olan halda müstəqil şəkildə deputatlığa namizəd olmaq daha yaxşıdır. Müsavatın nə resursu var ki? Mən partiya xətti ilə sonuncu parlament seçkilərində iştirak edərkən bunun şahidi oldum. Partiyanın resurslarını elə də şişirtmək lazım deyil. Müsavat başqanının müavini, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə partiyada narazıları təmsil edən V.Əyyubun namizədliklə bağlı müraciətinin olmadığını açıqlayıb: "Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır. 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədlərin siyahısı Məclisin növbəti iclasında müzakirəyə çıxarılaraq təsdiqlənəcək. Namizəd olmaq istəyən partiya üzvlərinin istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələri məqsədəuyğundur”.
Məsələyə münasibət bildirən Vurğun Əyyub bildirib ki, Suraxanı rayon təşkilatı 30 saylı birinci seçki dairəsi üzrə onun namizədliyini irəli sürüb: "Suraxanı rayon təşkilatı bu barədə məndən soruşub, münasibətimi öyrənib. Hələ ki, deputatlığa namizəd olmaq fikrindəyəm. Mənim fikrimi öyrənəndən sonra rayon təşkilatı bununla bağlı Müsavat Partiyasının rəhbər orqanlarına müraciət 
edib”. Şəxsən partiyaya müraciət edib-etməyəcəyi barədə sualı cavablandıran V.Əyyub rayon təşkilatının onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyini bir daha təkrarlayıb: "Mənim cavabım bundan ibarətdir”.

İsmayıl