Müşfiq Ələsgərli "Şərq”ə dəstək ifadə etdi: "Ümummilli sərvətdirlər, dəstək olmalıyıq"

Dünən 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.
Belə aydınlarımızdan biri də Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlidir
O öz "Facebook" səhifəsində "Şərq”i oxu" abunə kampaniyasına dəstək üçün bunları qeyd edib:
"Şərq" qəzeti redaksiyasına da gedəcəm. Ardınca, önəm verdiyim digər qəzetlərə də baş çəkəcəm. Bəzi qəzetlər var ki, ölkəmiz, milətimiz üçün dəyərdirlər, yaşamalıdırlar.
 Bu KİV-lərin yaşadılmasını yalnız redaksiyanın öhdəsinə buraxmaq, onlara yalnız kommersiya qurumu kimi baxmaq olmaz. Ümummilli sərvətdirlər, yaşamaları üçün hamımız dəstək olmalıyıq".
Qeyd edək ki, "Şərq” qəzetinə abunə olmaq istəyən şəxslər qəzetin Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan” Nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyasına gəlib abunə yazılaraq, öz dəstəyini göstərə bilər. Abunə yazılaraq həm qəzetçiliyin yaşamasına öz töhfənizi verər, həm də ölkədə oxu mədəniyyətinin inkişafına yardımçı olarsınız.
Ayyət Əhməd