Zeynəb Xanlarova: “Mən həmişə ANS-in tərəfindəyəm”
Müstəqil ölkənin müstəqil telekanalı 24 yaşında...
Nizami Cəfərov: “Burada çalışan jurnalistlər hər işi ləyaqətlə görüblər”
Zeynəb Xanlarova: “Mən həmişə ANS-in tərəfindəyəm”
Zeynəb Xanlarova: “Mən həmişə ANS-in tərəfindəyəm”
Fazil Mustafa: "Uzun illər monoton bir televiziya anlayışını Azərbaycanda dəyişmək ANS-ə qismət olub”
Sabir Rüstəmxanlı: "Bu günə qədər çox çətinliklər, məhrumiyyətlər görüblər”
Dünən Azərbaycanın, eyni zamanda keçmiş SSRİ məkanının ilk müstəqil telekanalı olan ANS-in 24 yaşı tamam olur. 1991-ci ildə 3 nəfər gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Əməkdar jurnalist Mirşahin Ağayev ANS-in 24 yaşı münasibətilə "Salam, Azərbaycan”ın qonağı olub və televiziyanın yaradıcıları Vahid və Seyfulla Mustafayevləri, Azərbaycan tamaşaçılarını və bütün işçiləri təbrik edib.
ANS-in ən çətin dövrləri ilə bağlı danışan Mirşahin ilk olaraq müstəqilliyi qorumağın çox çətin bir məsələ olduğunu deyib: "Dövlət müstəqilliyi qazanır. Müstəqilliyi qazanmaq ilk baxışda o qədər də çətin deyil, amma onu qoruyub, saxlamaq çox çətindir. Bu gün Azərbaycan dövləti hər gün bu müstəqilliyi qoruyur. Bunu ANS-ə də şamil etmək olar. Çünki ANS də hər gün öz müstəqilliyini qoruyur. Biz hər gün öz müstəqilliyimizi qoruyuruqsa, deməli, bizim üçün elə hər gün də çətindi. Müstəqilliyi qorumaq, qazanmaqdan qat-qat çətindir”. Əməkdar jurnalistin sözlərinə görə, insanların yaratdıqlarının ömrü artdıqca, onu yaradanların ömrü qısalır: "Mən xatırlayıram, 1991-ci il, noyabr ayının bu günlərini. Yadımdadır, bizim birinci çəkilişlərimiz parlamentin foyesində idi. Vahid və Seyfulla Mustafayevlər və mən idim. İlk dəfə idi ki, televiziyaya çıxmağa hazırlaşırdım. Mənim üçün o vaxt problemlər var idi. Asan danışmırdım, bəzi hərflərlə problemlərim var idi. Amma onlar soyuqqanlılıqla mənə bunu başa salırdılar. İkinci məsələ isə ondan ibarət idi ki, bizim oturduğumuz yerdən deputatlar çox gəlib keçirdi. Onlar gələndə məcbur olurduq ki, çəkilişi saxlayaq. Beləliklə, mənim çıxışım uzanırdı. Çəkiliş zamanı 20-yə yaxın insan gözləyirdi ki, bu niyə cümlələri deyə bilmir, çıxışını yekunlaşdırmır? Onda indiki kimi çətin sözlər və ya cümlələr demirdim. Sadə cümlələr demək istəyirdim, o da alınmırdı. İlk efir vaxtımız 7-8 dəqiqə idi. Axırıncı cümləm səhv etmirəmsə, hansısa xarici ölkədə delfinlərin QİÇS xəstəliyinə yoluxması idi. 1991-dən bu yana hesablayanda ANS-in tamaşaçıları arasında kimlər var idi: Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Nəsibə Zeynalova və başqaları. Əsas etibar və etimaddır. Mən bu gün qürur hissi ilə bunu sizinlə bölürəm ki, Azərbaycan tamaşaçısının 24 il bundan qabaq da, ən etimad göstərdiyi kanal biz idik. Bu gün də tamaşaçıların etimad göstərdiyi iki kanal varsa, ondan biri mütləq ANS-dir”.
İnformasiya almağın çətinliyindən danışan vitse-spikerin sözlərinə görə, elə yerlər var ki, informasiyanı almaq asan olmalı idi, amma çox təəssüf ki, asan deyil. Elə informasiyalar da var ki, əslində bu gün onları əldə etmək çox çətin olmalı idi, amma asandır: "Məsələn, biz 1991 və 92-nin əvvəllərində, fəaliyyət göstərəndə ölkədə sovet ənənələri var idi. Bizim qanunlarımız sovet qanunları ilə müəyyənləşdirilirdi. İlk dəfə "Dalğa” proqramı ilə efirə çıxdıq. Yadımdadır, Vahid Mustafayevlə mağazaların birində apardığımız müsahibədə suallardan biri "Azərbaycan sovet bayrağının qiymətinin neçəyə olması” idi. Bu bizim üçün çox inqilabi bir addım idi. Çünki biz Azərbaycan xalqına sovet bayrağının qiymətinin nə qədər ucuz olduğunu çatdırırdıq. Biz bunu ləzzətlə edirdik. Çünki içimizdə müstəqilliyə cəhd yanğısı var idi və buna doğru da gedirdik. O zamanlar Azərbaycan bayrağının ucuz olduğunu demək bizdən cəsarət tələb edirdi. O vaxt Qarabağda fəal döyüş hərəkətləri gedirdi. Həftənin 3-cü, 4-cü günü Vahid və Seyfulla Mustafayevlərlə mən bir sıralarda cəbhəyə gedirdik. Həftənin əvvəlini orada olurduq, 4-cü gün Bakıya gəlirdik, 4, 5 və 6-cı gün gecə veriliş hazırlayır, montaj edirdik. Çünki bizə gündüz vaxt vermirdilər. O vaxt dövlət məmurları ilə işləmək daha asan olurdu. Onların bir qrupunda "toxunulmazlıq sindromu” yaranmamışdır. Onlarla söhbət etmək, hətta onlara əl də vurmaq olurdu”.
Qeyd edək ki, ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi xalq arasında geniş nüfuza malikdir. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına köçürən jurnalistlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar. Görəsən, Azərbaycanın ictimai xadimləri üçün ANS telekanalı nə deməkdir? Onlar ad günündə ANS-ə nə arzulayırlar?
Millət vəkili Nizami Cəfərov: "ANS ölkənin ilk müstəqil kanalıdır. ANS çox mürəkkəb tarixi şəraitdə yaranıb. Burada çalışan jurnalistlər hər işi ləyaqətlə görüblər. Müəyyən dövrlərdə qalmaqallı hadisələrin müşahidəçisi olub. Polemikalarda iştirak edib. ANS ölkə jurnalistikasına yeniliklər gətirib. Yeni elementlər gətirib. ANS-in apardığı eksperimentlər mətbuatın inkişafına səbəb olub. Mən ANS-in ad gününü təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan dövlətçiliyinin, dilinin, ədəbiyyatının mövqeyində dayansınlar”.
SSRİ və Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarova da ANS-in fəaliyyətini yüksək qiymətləndirən insanlardan biridir. Hələ Milli Televiziya və Radio Şurasının telekanalla bağlı qəbul etdiyi qərarla bağlı ANS-in mövqeyini müdafiə edən Xanlarova Şuraya sual etmişdi ki, tarix yaradan bir kanalın üzərindən xətt çəkmək, ucuz və əxlaqsız sözlər demək olar?: "ANS kişi kanalıdır. ANS millətin kanalıdır, mən insanlar görmüşəm ki, başqa kanalları söndürüb, ANS-ə keçirirlər. Başa düşmürəm, sataşmağa yer tapmadılar? Azərbaycanda ən çox baxılan verilişləri bağlayırlar. Mən ANS-in tarixinə dərindən bələdəm. ANS-in tarixi müstəqil Azərbaycanın tarixidir! Bu tarixin əsas qayəsində müstəqillik uğrunda tökülən qanlar dayanır. Şəhidlərimizin torpaq uğrunda apardığı haqq mübarizəsi dayanır. Mən Azərbaycanın qeyrətli oğlu Çingiz Mustafayevi xatırlayıram. Məgər bu tarixi yaradan bir kanalın üzərindən xətt çəkmək, ucuz və əxlaqsız sözlər demək olar? Necə yəni pornoqrafiya? Ən birincisi, dövlət məmuru pornoqrafiya sözünü dilə gətirməməlidir. Bu sözü ANS-ə yaraşdırmaq olmaz. Pornoqrafiya biədəb sözdür. Adam onu dilinə gətirməyə belə utanır”.
Telekanala qarşı MTRŞ tərəfindən göstərilən təzyiqləri pisləyən xanım millət vəkili deyib ki, ANS-in siması xalqın simasıdır, xalqın birliyidir. Haqq səsidir. ANS-in uğurları Azərbaycanın uğurlarıdır. İnsanlar ANS-ə ümid yeri kimi üz tuturlar. İndi gəlin görək bu cür sözün əsl mənasında xalqsevər və vətənpərvər bir kanala ilişmək nəyə lazımdır? Və bu kimlərə sərfəlidir? Milli Teleradio Şurası "Salam Azərbaycan” səhər informasiya kanalını da bağlayıb. Səbəb də bunu gətirir ki, insanların guya şərəf və ləyaqətinə toxunublar. Bir foto ilə məgər şərəf və ləyaqət təhqir olunur?
Belə çıxır ki, bu minvalla polis də, həkim də, müəllim də öz şəklini görüb şərəf və ləyaqətinin təhqir olunduğunu söyləməlidir. Məntiqsiz düşüncədir. ANS həmişə səhvləri ona görə tənqid edir ki, insanlar o səhvləri etməsinlər və o səhvlərdən başqaları əziyyət çəkməsin. Hər bir verilişdə müsbət və mənfi tərəflər var. Axı sizin kanaldakı verilişlərdə doğrudan da müsbət tərəflər mənfi tərəfləri üstələyir. Mən həmişə ANS-in tərəfindəyəm, həmişə onu dəstəkləyirəm.
Çünki ANS sözü bütöv, namuslu və haqqın kanalıdır. Bu kanal haqqında söz deyənlərin nəsə deməyə ilk növbədə haqqı olmalıdır. ANS Azərbaycanın milli sərvətidir və onu qorumaq hər bir azərbaycanlının, o cümlədən Milli Televiziya və Radio Şurasının borcudur. Əgər Şura öz borcunu dərk eləmirsə, onda ziyalılar bu işdə ona yardımçı olmalıdır”.
Millət vəkili Fazil Mustafa da ANS-lə bağlı arzularını bölüşüb: "ANS Azərbaycan televiziya məkanında öz orijinallığını qoruyan və müəyyən dərəcədə də ictimai rəyə təsir edən bir telekanal olaraq tariximizdə özünəməxsus yeri var. Zamanın bütün keşməkeşlərinə rəğmən bu cür ayaqda qalmaq və bir sıra yeniliklərə rəvac vermək hər telekanalın işi deyil. Bu da təbii ki, ANS yaradıcılarının yaradıcı xarakterə sahib olmasından qaynaqlanan bir məsələdir. Uzun illər monoton bir televiziya anlayışını Azərbaycanda dəyişmək ANS-ə qismət olub. ANS-in efirində uğurlu verilişlərin sayı kifayət qədər çoxdur. Müəyyən uğursuz verilişləri də ola bilər, amma əsas olan odur ki, ANS bütövlükdə televiziya məkanına tamam fərqli bir üslub gətirib. Dilimizin imkanları səviyyəsində informasiya məkanında bir yenilik ortaya qoyub. ANS-in bundan sonra da ictimai-siyasi efir mədəniyyətinin inkişafına öz töhfələrini verəcəyini düşünürəm. Ümid edirəm ki, ANS-in potensialı daha çox cəmiyyət üçün faydalı olan işlərdə rol oynayacaq”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı isə ANS-in gözünün qabağında böyüdüyünü deyib və onunla bağlı xatirələrindən danışıb: "ANS mənim doğma televiziyamdır. Onun yaranması, formalaşması mənim gözümün qabağında olub və hətta deyərdim ki, ANS-in yaranmasında mənim də az-çox xidmətlərim var. ANS üçün ilk kameranı ölkənin ilk müstəqil, demokratik qəzeti olan "Azərbaycan” qəzetinin hesabına almışdıq. Çünki ANS-in qurucuları o vaxtları "Azərbaycan” qəzetinin nəzdində "Koroğlu kəşfiyyatı” səhifəsini yaratmışdılar və özlərinin videoroliklərini də hazırlayırdılar. Deməyim odur ki, ANS-çilərin televiziya istedadları və veriliş hazırlamaq qabiliyyətləri ilk olaraq həmin "Azərbaycan” qəzetində bizim birgə işlədiyimiz vaxtlarda özünü göstərib. Sonradan isə öz mövqelərini möhkəmləndirən ANS bu gün ölkəmizdə və respublikamızın hüdudlarından çox-çox kənarlarında tanınan və sevilən bir televiziyaya çevrilib. Hər halda ANS-in yubileyi münasibəti ilə bütün bunları xatırlamaq mənim üçün çox gözəldir. Bizim ANS-lə hər zaman əlaqələrimiz və əməkdaşlığımız olub. Düzdür, əməkdaşlığımız olmayan, əlaqələrimizin soyuq olduğu dövrlər də olub. Amma bu, bir o qədər də önəmli deyil. Əsas olan odur ki, ANS bu gün Azərbaycanın televiziya məktəbinin yaranmasında əvəzedilməz rol oynayıb. Bu gün müstəqil televiziyaların sayı hər nə qədər artsa da, ANS yenə ANS-di. Onlar bu günə qədər çox çətinliklər, məhrumiyyətlər görüblər. Bir sıra təzyiqlərə məruz qalıb, sıxışdırılıblar. Amma yenə də öz yollarından dönməyiblər. 24 yaşları münasibəti ilə başda Vahid, Seyfulla Mustafayevlər və Mirşahin Ağayev olmaqla bütün ANS-çiləri təbrik edirəm. İnanıram ki, ANS rəqabət mühitində hər zaman qaliblərdən olacaq”.
Şəymən