Namiq Mənadan yazarlara cavab: "Kiməsə deməmişəm ki, məni ora təyin etsin”

“Mən ziyalı insanam, təhsilim var, ədəbiyyatı bilən insanam”
“Yaradıcılığım kiməsə maraqlıdırsa, gəlsin yazılı yaradıcılığımı da öyrənsin”


Meyxanaçı Namiq Mənanın Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinə sədr seçilməsi ciddi müzakirələrə səbəb olub. Hətta Namiq Mənanın bu vəzifəyə gəlişindən rüşvət qoxusunun gəldiyini iddia edən yazarlar var. Yazarların iddialarına Namiq Məna "Şərq”də cavab verdi.

- Qətiyyən bu iddialarla razılaşa bilmərəm. Adımın rüşvət olayında hallanması yalandı. Mənə bu barədə məsləhət versələr, açıqlama verəcəm. Amma mən rüşvətlə ora təyin edilməmişəm.

- Deyirlər ki, ölkədə bu qədər yazar, şair qala-qala niyə meyxanaçı, sizin deyimlə desək, bədiyəçi Yazıçılar Birliyində vəzifəyə təyin edilib?

- Klassiklərimizdən tutmuş şifahi xalq ədəbiyyatına qədər yaradıcılıqlarını diqqətlə araşdıranda görərsiz ki, onlar da bədahətən şeir deyiblər. Bədahətən şeir söyləmək məgər qəbahətdi? Bunun meyxanaçı deyə-deyə niyə mahiyyətini aşağı səviyyəyə salırlar? Şair bədahətən şeir deyirsə, günahdı? Böyük Nizami Gəncəvidən tutmuş digər klassiklərimizə qədər bədahətən şeir deyiblər. Qaldı mənim yaradıcılığım kiməsə maraqlıdırsa, gəlsin yazılı yaradıcılığımı da öyrənsin.

- Deyirsiz ki, yaradıcılığınız ittihamlara cavab verəcək çəkidədi.

- Mənim yaradıcılığım göz önündədi. Yenə qeyd edirəm, bədahətən şeir demək qəbahətdirsə, bunu desinlər, biz də bilək.

- Yazarlarımızın sizin təyinatınız barədə söylədiklərindən xəbəriniz varmı? Yazılanlarla tanış olmusuzmu?

- Təəssüf ki, oxumamışam. Oxusaydım, daha dəqiq açıqlama verə bilərdim. Amma ittihamlara cavab vermək üçün zamana ehtiyac var. Kimsə mənim təyinatımı qəbul edə bilmirsə, bu, onların problemidi. Mənə göstərilən etimad var. Mən o etimadı doğrultmağa çalışaram. Mən az-çox tanınmış insanam. Məni dəvət ediblər, etimad göstəriblər. Mən kiməsə deməmişəm ki, məni ora təyin etsin. 

Mənim əxlaqım da ona yol vermir ki, mən birinin münasibətini dəqiqləşdirmədən ona cavab verim. Mənə zaman verilməliydi, işimi yerinə yetirə bilməsəm, məni suçlaya bilərdilər. Mən ziyalı insanam, təhsilim var, ədəbiyyatı bilən insanam. 

Bədiyə janrı barədə də aşağılanmış fikir söyləyəndə yaradıcı insan kimi bu mənə təsir edir. İstənilən insanla da ədəbi mühitdə, "dəyirmi masa”da, efirdə bu məsələ ilə bağlı debata, diskussiyaya hazıram.

Tahirə