Qəşəm Nəcəfzadə: “Çünki bizim milli ədəbiyyatımız əruz vəzni üzərində qurulub”
Əsəd Cahangir: “İndiki halda konkret olaraq deyə bilmirəm ki, bu təyinat nə dərəcədə əsaslı və ya əsassızdır. Çünki Namiq Mənanın yaradıcılığı ilə tanış deyiləm”
Tanınmış meyxana ustası Namiq Məna Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinə sədr seçilib. Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi təsdiqləyib.
Qeyd edək ki, meyxanaçının Yazıçılar Birliyinə bölmə sədri təyin olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Meyxanaçının bu vəzifəyə təyin olunmasını alqışlayanlar da var.
Bəs, tanınmış ictimai şəxslər bu barədə hansı fikirdədir?
AYB-nin üzvü, şair Qəşəm Nəcəfzadə isə meyxanaçının bölmə sədri seçilməsinin lazımlı qərar olduğunu hesab edir. Şairin sözlərinə görə, Namiq Mənanın hansı səviyyədə şair olduğunu bilməsə də, meyxanaçı populyarlıq baxımından meyxana janrını Azərbaycan səviyyəsində yüksəkliyə qaldırıb. Bu baxımdan onun sədr seçilməsi təqdirəlayiqdir. Q.Nəcəfzadə həmçinin deyib ki, yeni təyinat həm də AYB-nin əruz vəzninə kömək durması deməkdir:
"Meyxana sənəti demək olar ki, "ölüb” getmişdi. Namiq Məna da bu sənəti ayağa qaldırıb, ciddi meyxanaçıları "əzib” keçdi. O, meyxananı köhnəlikdən, meyxanaya qarşı olan mənfi münasibətdən azad edib. Meyxanaçılar adətən Lənkəranda və Bakıətrafı kəndlərdə olur və onlar meyxananı inkişaf etdirə bilmirlər. Çünki qısqanclıqları var. Elə hesab edirlər ki, rayondan meyxanaçı çıxmaz, meyxana Bakı kəndlərinə məxsusdur, bakılılarındır. Həm qoruyurlar, həm sevirlər, həm də meyxananı "öldürürlər”. İmkan vermirlər ki, meyxana geniş arenaya çıxsın. Ona görə də meyxananı sevdiklərindən məhv edirlər. Namiq Məna isə meyxananı bu qısqanclıqdan xilas elədi. Onun yaratdığı meyxana keyfiyyətcə yüksək olmasa da, populyarlıq nöqteyi-nəzərdən ədəbiyyata bu janr lazımdır. Əruz vəzninin Yazıçılar Birliyində məşhur olan bir şöbəsi yoxdur və əruz vəzninin aparıcılarından bir nümunə olaraq Namiq Mənanın şöbə sədrliyinə gətirilməsi alqışalayiqdir. Çünki bizim milli ədəbiyyatımız əruz vəzni üzərində qurulub. AYB-nin Qubadlı şöbəsinin yaradılması Qubadlını özümüzküləşdirmək baxımından düzgün seçimdir. Namiq Məna da kifayət qədər tanınan bir adamdır və əruz vəznini yaxşı bilir. Onun sədr seçilməsi təbii haldır”.
Tanınmış tənqidçi Əsəd Cahangir "Şərq”ə açıqlamasında yeni təyinatın onun üçün gözlənilməz olduğunu deyib. Onun sözlərinə görə, yalnız N.Məna deyil, ümumilikdə hər hansı bir meyxana ustasının AYB-nin müvafiq bölməsinə sədr seçilməsi bir az gözlənilməz təyinatdır:
"Bəlkə Namiq Məna o vəzifəyə layiqdir, bəlkə gözəl yaradıcılığı var. Meyxana ustası həm də gözəl şair ola bilər. Amma indiki halda konkret olaraq deyə bilmirəm ki, bu təyinat nə dərəcədə əsaslı və ya əsassızdır. Çünki Namiq Mənanın yaradıcılığı ilə tanış deyiləm. Onun bir şeirini oxusaydım, bədii istedadının dərəcəsini görsəydim, fikrimi açıq şəkildə deyə bilərdim. Təəssüf ki, indi dəqiq fikir bildirə bilmirəm. O ki qaldı ümumilikdə meyxana janrında N.Mənanın istedadına, bu barədə də mənim bir fikrim yoxdur. Çünki mən ümumiyyətlə meyxanaya qulaq asmıram və meyxananı bir janr kimi qəbul etmirəm”.
Yeganə Bayramova