“Namizədliyimi verməklə bağlı tərəddüd içindəyəm”

Tahir Kərimli: “Çünki indiyə kimi Vəhdət Partiyası olaraq parlament seçkilərində 46 namizədlə iştirak etsək də, uğur əldə edə bilməmişik”




Parlament seçkiləri yaxınlaşdıqca, əksər siyasi partiyaların fəaliyyətində müəyyən aktivlik hiss olunur. Xüsusən, müxalifət partiyaları mərkəzdə və rayon təşkilatlarında seçki müzakirələri apararaq, hazırlığı intensivləşdirir və namizədləri müəyyən edirlər. Hətta bir sıra müxalif qurumlar seçkidə birlikdə iştirak etmək üçün siyasi bloklar da yaradıblar.

Amma müxalif düşərgədən fərqli olaraq iqtidaryönlü siyasi təşkilatlarda seçki hazırlığı özünü büruzə vermir. Belə çıxır ki, əksər seçkilərdə hakim partiyaya dəstək xarakterli çıxış edən iqtidaryönlü partiyalar qarşıdan gələn parlament seçkilərində də xüsusi aktivlik nümayiş etdirmək fikrində deyillər. Seçkiyə hazırlıq prosesi və digər məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Vəhdət Partiyasının sədri Tahir Kərimli partiyada müzakirələrin aparıldığını desə də, hələlik qəti qərara gəlmədiklərini bəyan edib.

- Tahir bəy, Vəhdət Partiyası parlament seçkilərinə necə hazırlaşır?

- Əvvəlcə onu deyim ki, parlament seçkiləri ilə yanaşı, siyasi partiyalara təsir edən başqa ictimai-siyasi proseslər də var. Məsələn, Azərbaycanda ilk dəfə olaraq Avropa oyunlarının keçirilməsi, məzənnə siyasətinin dəyişilməsi və s. seçkidən daha çox müzakirə olunur. Amma sözsüz ki, partiyalar üçün ən mühüm məsələ seçkilərdir. Vəhdət Partiyası olaraq biz də qarşıdan gələn parlament seçkilərini müzakirə edirik. Prezident Aparatının rəsmisi Əli Həsənovla ikinci görüşümüzdə də əsas seçki məsələləri müzakirə olundu. Biz həmin görüşdə proporsional seçki sisteminin bərpası, parlament sayının artırılması və başqa məsələləri qaldırdıq. Şəxsən mən də bunlarla bağlı çıxış etdim və fikirlərimi bildirdim. Hələlik, gözləmə mövqeyindəyik. Əgər hakimiyyət seçki ilə bağlı hansısa strateji və ya siyasi dəyişiklik edərsə, biz həmin məsələni müzakirə edərək yekun qərarımızı verəcəyik.

- Müxalifət partiyalarının əksəriyyəti seçkiyə blok şəklində qatılmağı məqsədəuyğun sayırlar. Ancaq bir-iki istisnanı çıxmaq şərtiylə iqtidaryönlü partiyaların hər hansı blok yaratmaq "ənənəsi” yoxdur. Niyə hakim partiyanı dəstəkləyən təşkilatlar siyasi birlik yaratmağı zəruri görmürlər?

- Düzdür, müxalifət partiyaları bir neçə siyasi blok yaradıblar. Onların necə nəticələndiyini də hamımız görmüşük. Əslində onların yaratdıqlarına blok demək də düzgün deyil. Çünki hazırda fəaliyyət göstərən müxalifət qrupları prezident seçkiləri ilə bağlı qarşılarına məqsəd qoymuş bir neçə sinfi düşüncə mərkəzləridir. Onların əsas qayəsi 2018-ci il prezident seçkisinə qədər kimin lider olması uğrunda mübarizədir. Müsavatın eks-başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin liderlik savaşı bu iki partiyanın bir araya gəlməsinə imkan vermir. Digər partiyaların bir araya gəlməsi də o qədər ciddi əhəmiyyət daşımır. Ancaq iqtidar düşərgəsində vəziyyət başqadır. Hakim partiya ölkədəki situasiyaya tam nəzarət edə bilir. Ona görə də YAP-ın hansısa siyasi blok yaratmasına və orada təmsil olunmasına ehtiyacı yoxdur. Əgər zərurət görülsə, əlbəttə ki, iqtidarı dəstəkləyən partiya kimi həmin blokda məmnuniyyətlə iştirak edərik.

- Gözlədiyiniz nəticə alınmazsa, Vəhdət Partiyası seçkidə müstəqil mövqe ortaya qoyacaq, yoxsa hər dəfə olduğu kimi yenə də YAP-a dəstək xarakterli çıxış edəcək?

- Biz hər bir halda ölkə başçısı cənab İlham Əliyevin siyasətini dəstəkləyirik. Çünki İlham Əliyevi müstəqil Azərbaycanın qarantı hesab edirik. Cənab Prezident eyni zamanda YAP-ın sədri olduğuna görə, paralel olaraq hakim partiyanın strateji mövqeyini də dəstəkləmiş oluruq. Bu baxımdan hər zaman olduğu kimi yenə də YAP-a gücümüz yetən qədər təşkilati yardım edəcəyik. Açığı, partiya rəhbərliyində və Siyasi Şurada bu məsələni müzakirə etsək də, qəti qərara gələ bilmədik. Çünki indiyə kimi Vəhdət Partiyası olaraq parlament seçkilərində 46 namizədlə iştirak etsək də, uğur əldə edə bilməmişik. Ancaq düşüncəmiz odur ki, nəyin bahasına olursa-olsun, Vəhdət Partiyası parlamentdə təmsil olunmalıdır. Başlıca məqsədimiz Vəhdət Partiyasının müstəqil şəkildə seçkiyə qatılmasıdır.

- Siz parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Sözün açığı, namizədliyimi verməklə bağlı tərəddüd içindəyəm. Çünki bir neçə dəfə namizədliyimi versəm də, parlamentə düşə bilməmişəm. Baxmayaraq ki, artıq özümü seçilmiş hesab edirdim. Ona görə də hələlik ən optimal variantlar üzərində düşünürük. Açıq danışmaq lazımdır, indi hakim partiyanın dəstəyi olmadan deputat seçilmək mümkün deyil. Əgər YAP-la qarşılıqlı yardımlaşma şəraitində seçkiyə qatılmaq imkanı yaranarsa və namizədliyimi verdiyim seçki dairəsi üzrə birgə fəaliyyətimiz təşkil olunarsa, o halda uğur əldə etmək şansımız olar. Yalnız o zaman seçkilərdə iştirak etmək qərarına gələrəm. Əks halda boş yerə vaxt itirməyə dəyməz. Amma partiyamız mütləq iştirak edəcək.

İsmayıl