Narkoman qadınların sayı artır

Mehriban Zeynalova: “Narkotik asılılıqdan qurtarmaq üçün pulsuz, nəticə etibarilə effektiv olan reabilitasiya mərkəzləri mövcud deyil”
Adil Qeybulla: “Nə qədər ki, cəmiyyətdə narkomana xəstə insan kimi baxılmayıb, bu şəkildə ona qarşı mübarizə aparmaq da mümkün deyil”



Narkomaniya bəlası Azərbaycanda da dəhşət saçmağa davam edir. Ölkədə narkotik maddələrdən istifadə edənlərin sayı artan xətt üzrə inkişaf edir. Respublika boyunca həm dövlət orqanları, həm vətəndaş cəmiyyəti və ayrı-ayrı yerli təşkilatlar tərəfindən qabaqlayıcı tədbirlər görülsə də, real vəziyyət yenə də acınacaqlıdır.

Həyata keçirilən müvafiq qabaqlayıcı tədbirlərin əksinə olaraq narkotik bəlasına mübtəla olanların sayı ildən-ilə artır. Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin rəsmi statistikasına əsasən Azərbaycanda narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyevanın sözlərinə görə, 28656 narkomandan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir. Ofis səlahiyyətlisinin sözlərinə görə, onlardan 666 nəfəri isə anonim müalicə alanlardır. L.Yolçiyeva narkomanların 554 nəfərini ötən ilin statistikasına görə, qadınların təşkil etdiyini söyləyib: "Toksimanların sayı isə 52 nəfərdir. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi hər il olduğu kimi bu il də müxtəlif maarifləndirmə təbliğat xarakterli tədbirlər həyata keçirilməsini nəzərdə tutur”. L.Yolçiyeva bunun rəsmi statistika olduğunu, ölkədə narkomanların qeyri-rəsmi sayının bundan çox olduğunu qeyd edib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, narkotik maddələrin aludəçisinə çevrilən insanların sayı statistikada göstərilən rəqəmlərdən daha
artıqdır. Narkomanlara qarşı cəmiyyətdə normal yanaşılmadığını vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, onların cəmiyyətdən tədric olunmuş, atılmış, lazımsız biri olduğunu düşünürlər: "Ötən illərə nisbətən bu gün narkomanlar arasında qadınlara daha çox rast gəlmək olur. Bəzən ər narkoman olduğu üçün arvadını da bu yola təhrik edir ki, onu qınamasın. Bu, bütün dünyada baş verən prosesdir. Bəzən isə qadın depressiyada olanda hansısa çevrəsi onu narkotik aludəçisi olmağa təhrik edir. Qadının əhvalı pis olanda bir neçə dəfə pulsuz təklif edirlər ki, kefin düzələcək. Qadında narkotikə tələbat yarananda isə "yoxdur” deyib gedib almalı olduğunu bildirirlər. Bu, narkodilerlərin metodlarından biridir. Hansı ki, bundan istifadə edib pul qazanırlar. Ümumiyyətlə, müxtəlif çevrələr olur ki, insanlara orada narkotiki bir dəfə təklif edirlər. O da fikirləşir ki, "bir dəfə ilə heç nə olmaz, amma əhvalım yaxşı olacaq”. Bu və ya müxtəlif yollarla da adamlar narkotik istifadəçisinə çevrilirlər”.

Təşkilat sədrinin sözlərinə görə, narkotik maddələrin aludəçisinə çevrilən insanların bu asılılıqdan qurtulmaları üçün reabilitasiya mərkəzləri olmalıdır: "Azərbaycanda belə reabilitasiya mərkəzləri demək olar ki, yoxdur. Bir-iki belə özəl mərkəzlər var. Ümumilikdə narkotik asılılıqdan qurtarmaq üçün pulsuz, nəticə etibarilə effektiv olan reabilitasiya mərkəzləri mövcud deyil. Belə reabilitasiya mərkəzlərinin açılmasına dair müzakirələr gedir, amma şəxsin özünün prosesə qoşulması və bu məsələyə müqavimət göstərməsi çox vacibdir. Əgər asılılıqdan xilas olmaq istəyirlərsə, mühit dəyişməlidir. Narkotik asılılığı olan şəxsi bu asılılıqdan qurtarıb olduğu mühitdə saxlayacaqsansa, effektiv olmayacaq. Həmin mühitə qayıdacaqsa, yenidən istifadə edə bilər”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, ölkədə narkomanların qeyri-rəsmi sayı statistikada göstərilənlərdən daha çoxdur.

Azərbaycanda narkomanların dəqiq qeydiyyatının olmadığını deyən professor bildirib ki, statistikaya düşməyən anonim müalicələr də var ki, onlar da narkomanların sayını artırır: "Ölkədə narkomanların sayı ildən-ilə artır. Televiziya proqramlarında dəfələrlə verilən proqramlar da sübut edir ki, hazırda ölkəmizdə narkomanların sayı çoxdur. Ancaq buna qarşı mübarizə o qədər də ciddi aparılmır. Çox təəssüflənərək qeyd etməliyəm ki, bu da əsasən gənclərin hesabına baş verir. Bu isə birmənalı olaraq sosial bəladır. Azərbaycan müsəlman ölkəsidir və bu prosesin ildən-ilə belə inkişaf etməyi çox pisdir”. A.Qeybulla deyib ki, narkomanların anonimliyi saxlanmaq şərtilə onlara nəzarət edilməli və bu, ciddi şəkildə aparılmalıdır: "Nə qədər ki, cəmiyyətdə narkomana xəstə insan kimi baxılmayıb, bu şəkildə ona qarşı mübarizə aparmaq da mümkün deyil. Belə insanlar xəstə kimi qəbul edilməli və onların müalicəsində də cəmiyyətin hər bir fərdi iştirak etməlidir”. Professorun qənaətincə, narkomaniya ilə mübarizə təkcə hüquq-mühafizə orqanlarının onları təqib etməsi ilə yekunlaşmır. Adil Qeybullanın fikrincə, narkomanlar cəmiyyətdə xəstə insan kimi qəbul edilmədikcə, problemlə mübarizə də çətinləşəcək: "Azərbaycanda bu tip insanlar cinayətkar kimi qarşılanır və onlar ancaq təqib olunur. Təqib olunan insanın isə bu bəladan xilas olması müşkül məsələdir. Yəni hazırda Azərbaycanda narkomanlarla mübarizə üsulu o qədər də effektli deyil. Narkomaniya ilə mübarizə həm də narkomanların sosial reabilitasiyası ilə bağlı ciddi tədbirlər deməkdir. İlk növbədə narkomanların müəyyən proqramlara cəlb olunmasına çalışılmalıdır. Onlar sosial təhlükəli formadan, sosial faydalılığı əmsalı olan formaya keçirilməlidir. Bundan başqa, bütün dünyada həyata keçirilən müəyyən proqramlar var ki, Azərbaycan da buna qoşulmalıdır”.

Şəymən