Narkomanlar təkcə özlərini deyil, ailəni, bütöv nəsli məhv edirlər

Bu bəlaya qarşı mübarizədə cəmiyyət bütün gücünü birləşdirməlidir




Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların arasında qadınların sayı artıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2016-cı ildə ölkədəki bütün narkotik istifadəçilərinin isə 612-si qadın olub. Halbuki 2013-cü ildə 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə isə 592-si qadın idi.

Ötən il yeni qeydiyyata alınan 2142 narkomanın 29-nun qadın olduğu qeyd olunan məlumata görə, narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.

Millət vəkili Jalə Əliyeva isə "Şərq”ə açıqlamasında deyib ki, qadın və ya kişi olmasından asılı olmayaraq narkotik maddələrin aludəçisi olan insanlar öz həyatları və ətrafdakı insanlar üçün ciddi təhlükə mənbəyidirlər. Narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biri olduğunu vurğulayan xanım millət vəkili Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərinin qənaətbəxş olduğunu hesab edir: 

"Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Azərbaycanda narkomanlığa qarşı mübarizə istiqamətində böyük işlər görülür. Bununla bağlı MM-də qanun qəbul olunub, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. "Ancaq təcrübələr göstərir ki, təkcə qanun qəbul etmək, narkotik vasitələrin dövriyyəsi ilə bağlı mübarizə idarəsi yaratmaq azdır. Bu, bütöv cəmiyyətin problemidir. Hamılıqla mübarizə aparmalıyıq və bu mübarizə geniş maarifləndirmədən başlamalıdır”.

Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən ölkədə narkomaniya ilə bağlı durumun son dərəcə təhlükəli hal aldığını deyən J.Əliyeva narkomaniyaya qarşı mübarizənin daha da artırılması və narkomaniyadan əziyyət çəkənlərin bu bəladan xilası istiqamətində tədbirlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, narkomaniyaya qarşı mübarizə üçün atılması zəruri olan addımlardan ən birincisi isə maarifləndirmədir. 

O, bu mənada Kütləvi İnformasiya Vasitələrinin, xüsusən də televiziyaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib: "Maarifləndirmə tədbirləri ailə, məktəb səviyyəsində aparılmalıdır. İnsanlara izah etmək lazımdır ki, narkomaniyaya aludə olanda onlar təkcə özlərinin deyil, ailəni, bütöv nəsli məhv edirlər. Hazırlanan video-çarxlar vasitəsilə narkomaniyanın insanlıq üçün nə dərəcədə təhlükəli olduğu insanlara göstərilməlidir. Dövlət və cəmiyyət bütün gücünü birləşdirib, narkomaniyaya qarşı mübarizədə kompleks tədbirlər görməlidir. Sadəcə qanunvericilik bazasını təkmilləşdirməklə problemin həllinə nail olmaq mümkün deyil”.

Şəymən