Naşı jurnalistlər dindən yazanda problemlər olur
Halbuki, media dini dəyərlərin təbliği və dini maarifləndirmənin aparılmasında ən böyük yardımçı ola bilər
Din və media mövzusu həmişə aktual olub. Media söz və fikir azadlığının, sərbəstliyin, azad düşüncə tərzinin geniş meydanı olaraq sosial həyatın mühafizəkar sahəsi hesab edilən dinə də həmişə yer ayırıb. Aralarındakı fərqliliyə baxmayaraq hər iki sahənin ümumi maraqları daha böyük və keçilməzdir. Bu da milli-mənəvi dəyərlərdir. Media da milli dəyərlərin bəzən görməzdən gəlinməsi səbəbi ilə zaman-zaman tənqid olunur, eyni hal, aşırı radikallıq, yad ideologiyaların milli dəyərlər pərdəsi arxasında gizlədilməsinə cəhdlər edildikdə dinə münasibətdə yaşanır. Halbuki, media dini dəyərlərin təbliği və dini maarifləndirmənin aparılmasında ən böyük yardımçı ola bilər. Məsələni qəlizləşdirən və bu iki sahənin bəzən biri-birindən uzaqlaşdırılmasına gətirib çıxaran amillər var. Onlardan biri də naşı jurnalistlərin dindən yazması, dini dəyərlərə bələd olmadıqları halda, ittiham tonunda məqalələr işləməsidir.
«Mənəvi Dəyərlərin Təbliği Fondu əhəmiyyətli rola malikdir»
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, "Space" telekanalında yayımlanan «İnam» verilişinin ideya müəllifi və aparıcısı, şərqşünas Seyid Camal Əzimbəyli «Şərq»ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun media və din, dini maarifləndirmə sahəsində əməli fəaliyyət göstərdiyini bildirdi:
- Məlumdur ki, cənab Prezident 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda da bildirilirdi ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir.
Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Bu mənada Dövlət Komitəsi tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun üzərinə böyük iş düşür. Fond nə etməlidir; mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərməlidir. Bu dəstəklərdən biri də birbaşa media ilə bağlıdır. Xatırlayırsınızsa, ötən il Fond media təmsilçiləri arasında "Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan etdi. Müsabiqənin məqsədi bu idi ki, mediada mənəvi dəyərlərin təbliği, qorunması, inkişafı, eləcə də azərbaycançılıq ideologiyasının tərənnümü ilə bağlı məqalələrin yazılması stimullaşdırılsın.
Gördük ki, nə qədər məqalələr yazıldı, jurnalistlər müsabiqəyə qoşuldular, mediada canlanma hiss olundu. Bütün bunlar jurnalistlərin dini sahədə maariflənməsinə də faydalıdır, həmçinin milli-mənəiv dəyərlərimizin bir daha təbliği, ictimaiyyətə düzgün tanıdılması istiqamətində də böyük əhəmiyyətə malikdir.
"Space" telekanalında mənim ideya müəllifi və aparıcısı olduğum «İnam» verilişi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yayımlanır. Bilsəniz, verilişə nə qədər böyük maraq var. İnanın, özüm müəllif və aparıcı olduğum üçün demirəm. Əsla. Hər buraxılışda din sahəsini mükəmməl bilən qonaqlarımız olur. Günün aktual məsələləri müzakirəyə çıxarılır, ictimaiyyətin bilmək, öyrənmək istədiyi mövzular qoyulur, tamaşaçıların çoxsaylı sualları cavablandırılır. Bir verilişdə bütün sualları cavablandırmaq vaxt baxımından qeyri-mümkündür.
Müraciət edənlərin suallarını bəzən cavablandıra bilmirik. Buna zaman etibarilə imkanımız çatmır. Müraciətlərin çoxluğu onu göstərir ki, vətəndaşlarımızın din, dini dəyərlərlə bağlı öyrənmək istədikləri məsələlər var. Verilişə dəvət edilən ilahiyyatçılar sual yaranan mövzuları izah edir, vətəndaşları maarifləndirməyə çalışırlar. İctimai Televiziyanın da efirində «Din və Cəmiyyət» verilişi hər həftə yayımlanır. Bu da çox baxılan, izlənilən verilişdir.
Bu verilişin də təşəbbüskarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Həmin verilişdə də cəmiyyəti, insanları narahat edən mövzular ətrafında müzakirələr aparılır. Bütün bunlar cəmiyyətimizin dini sahədə maariflənməsinə, bilgi əldə etməsinə səbəb olan hallardır və media da, istər qəzet, istərsə internet saytları, istərsə də telekanalların timsalında, bu vacib məsələdə dövlətə dəstəyini ifadə edir. Bu da hesab edirəm ki, medianın dini maarifləndirməyə verdiyi güclü təkandır.
«Radikalizmin aradan qalxmasında media güclü vasitədir»
S.C.Əzimbəyli bildirdi ki, müəllifi olduğu «İnam» verilişi radikal düşüncəli insanların təfəkkür tərzinin müsbətə doğru dəyişməsində rol oynayıb:
- İnsanların doğru yola yönəlməsində maariflənmənin rolu həqiqətən danılmazdır. Əminəm ki, «İnam» verilişi radikal düşüncəli yüzlərlə insanın düşüncələrinə müsbət mənada təsir edib, onların dövlətə və dövlətçiliyə bağlılığının yaranması baxımından əhəmiyyətli iş görüb. Bunu verilişə edilən zənglər, ictimaiyyət arasında şahidi olduğum söhbətlərin əsasında deyirəm. Hesab edirəm ki, Azərbaycanın dini mühitində birlik və bərabərliyin, tolerantlığın davamlı olmasında Azərbaycan mediasının danılmaz xidmətləri var. Azərbaycan dövləti də bu sahədə mediaya lazımi dəstək göstərir. Mediada dini dəyərlərin qorunması çox əhəmiyyətlidir. Necə ki, ölkədə dini dəyərlərin müdafiəçisi və təbliğçisi olaraq ilk növbədə Azərbaycan dövləti və onun Prezidenti çıxış edir, eləcə də gərək media da bu dəyərlərin qorunması və təbliğində dövlətimizin əsas köməkçisi, yardımçısı olsun.
Bu vəzifəni şərəflə yerinə yetirən media quruluşları ilə yanaşı, təəssüf ki, bəzən problemlərin də şahidi oluruq. Dindən bixəbər olanların bu mövzuda yazması xoş olmayan hallara gətirib çıxarır. Hətta bəzən məzhəblərarası mübahisələr də media səhifələrinə, saytlara sızır. Xüsusən də, sosial şəbəkələrdə arzuolunmaz «məzhəb aktivliyi» müşahidə edilir. Həmişə bu fikirdə olmuşam ki, yetərincə dini bilikləri olmayan insanların əllərində olan internet resurslardan istifadə edərək öz səhv dini görüşlərini gündəmə daşımaları cəmiyyətdə arzuolunmaz təfriqəyə səbəb ola bilər.
Milli-mənəvi dəyərlərin həqiqi müdafiəçiləri olan media quruluşları belə hallara qarşı mübarizə aparmalıdır. Və dini biliklər sahəsində diletantlara yol verməməlidirlər.
Mətbuat, televiziyalarla yanaşı, radio dinləyiciləri auditoriyası üçün də maraqlı verilişlər var. «ASAN Radio»da hər cümə «Mənəvi dəyər» verilişi səslənir. Dinləyirəm bu verilişi və sanballı, din sahəsinə həqiqətən bələd insanların dəvət edildiyinin şahidi oluram. Azərbaycan dövləti, onun aidiyyətli qurumları, mətbuatımız, televiziyalarımız dini maarifləndirmə sahəsində çalışırlar, milli-mənəvi dəyərlərin təbliğinə hər kəs öz töhfəsini verməyə səy göstərir.
Dəstək görən təkcə media deyil
Azərbaycan dövləti Mənəvi Dəyərlərin Təbliği Fondu timsalında din xadimlərinin fəaliyyətini stimullaşdırmaq, dövlət-din münasibətlərinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasında din xadimlərinə də maddi dəstək verir. Yardımlar sayəsində dini icmalar sosial layihələr həyata keçirə, müxtəlif məzmunlu layihələrdə iştirak edə bilər. Maddi yardımlar din xadimlərinə öz fəaliyyətlərini daha da genişləndirmək üçün əlavə imkanlar yaradır. Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Lakin dövlətimiz məhz milli-mənəvi dəyərlərin qorunması prinsipini əsas tutaraq dini sahəyə daim dəstək verir. Eləcə də milli-mənəvi dəyərlərin təbliğinin həyata keçirilməsi üçün dövlətin dəstəyinə ciddi ehtiyac var.
Dini dəyərlərin təbliği, qorunması, həmçinin zərərli dini təmayüllər, radikalizmə qarşı mübarizədə əsas dayaq Azərbaycan dövlətidir.
Azərbaycanda «Cəmiyyət və din» adlı həftəlik qəzet nəşr olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxıb. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında bu mətbu orqanın rolu böyükdür.
Qəzetdə ölkədəki dini qurumların dövlət qeydiyyatı, dini icmalar haqqında məlumatlar, həmçinin cəmiyyəti narahat edən mövzular işıqlandırılır.
Məlahət Rzayeva