“NATO-Azərbaycan münasibətlərinin inkişafı təsadüfi deyil” – Səməd Seyidov

“Şərqi və qərbi qısa, səmərəli və təhlükəsiz formada birləşdirən yol Bakı-Tbilisi-Qars dəmir yoludur. Bundan NATO da, Avropa Birliyi də istifadə edəcək”



"Bu günə qədər gerçəkləşən bütün layihələr Azərbaycanı dünyada tanıdır”.

Bu barədə "Sherg.az”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

Parlamentarinin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Qars layihəsi əslində qitələri birləşdirən bir layihədir:

"Heç kimə sirr deyil ki, Azərbaycan beynəlxalq anti-terror əməliyyatlarında çox aktiv iştirak edən dövlətlərdən biridir. Müasir Azərbaycan infrasturukturundan istifadə olunaraq bu məsələlər yüksək səviyyədə qeyd olunur, dəstəklənir və qiymətləndirilir. Hesab edirəm ki, Azərbaycanın hansısa geostrateji seçiminin dəyişdirilməsi ilə bağlı sübut olundu ki, bizim öz dəst-xəttimiz var.

NATO-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı təsadüfi deyil. Azərbaycanın layihələri şərqi, qərbi, şimalı və cənubi özündə birləşdirən və əlaqələndirən bir fəlsəfə daşıyır. Bundan sonra da ölkəmizin ifrasturuktur layihələri bütün beynəlxalq ölkələr tərəfindən çox səmərəli istifadə edilməyə başlayacaq. Ona görə ki, bu gün şərqi və qərbi qısa, səmərəli və təhlükəsiz formada birləşdirən yol Bakı-Tbilisi-Qars dəmir yoludur. Bundan NATO da, Avropa Birliyi də istifadə edəcək”.

Qeyd edək ki, Cari ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Yeganə Bayramova