NATO ilə yaxınlaşma mütləqdir

Bu əməkdaşlıq nüfuz və ölkənin tanınması baxımından çox önəmli addımdır




Azərbaycanda rəsmi səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini, general Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Hərbi Dəniz Qüvvələrinin bazasında olub. Qonaqlar ordu rəhbərliyi tərəfindən qarşılanaraq ərazini gəziblər. Nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib. Daha sonra general Zulianin Silahlı Qüvvələrinin sülhməramlı taboruna baş çəkib. Burada onlara şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi barədə məlumat çatdırılıb.

Ölkəmizin Qərb strukturları ilə əlaqələrindən danışan NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın qərbə inteqrasiyası zəruridir: "Ölkəmiz NATO ilə 22 ildir əməkdaşlıq edir. NATO çərçivəsində ölkəmizin hərbiçiləri beynəlxalq sülh missiyalarında iştirak ediblər və bu gün də ən qaynar nöqtələrdə birlikdə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq nüfuz və ölkənin tanınması baxımından çox önəmli addımdır. Digər tərəfdən hərbi alyans SSRİ-nin çökməsində və Avropanın sovetlərdən qorunmasında mühüm rol oynayıb. 70 il ərzində daha da böyüyən və ərazilərini genişləndirən bir Hərbi Siyasi Alyansa müttəfiq və ya tərəfdaş olmaq həmin dövlətin güclülər arasında yer alması deməkdir. NATO çıxdığı yola 28 üzv və 16 tərəfdaş ölkə ilə davam edir. Onun büdcəsi Rusiyanın ümumi büdcəsindən daha çoxdur”. Ekspertə görə, ölkəmizin yerləşdiyi siyasi durumu

nəzərə alsaq, NATO ilə tərəfdaşlıq vacibdir: "Unutmayaq ki, nə qədər də özlərini tərəfdaş və "səmimi” qonşu dövlət kimi təqdim etsələr də, şimalda rus, cənubda isə radikal islamı dəstəkləyən fars rejimi bizim üçün hər zaman təhlükə olaraq qalır. Bu iki ölkə bir zamanlar böyük Azərbaycanı parçalayan güclərdir. Yenidən həmin siyasi prosesin yaşanmayacağına heç kim qarantiya verə bilməz. Bu baxımdan NATO ilə münasibətlərin sıxlaşması olduqca mütləqdir. Çünki həm Rusiya, həm də İranın çəkindiyi yeganə güc ABŞ və NATO-dur. Yaranan siyasi durumdan maksimum dərəcədə istifadə etmək lazımdır”.

Politoloqun fikrincə, Qərb iddia edildiyi kimi dağıdıcı və məhvedici qüvvə deyil: "Bir çox hallarda Rusiya və digər ölkələr Qərb dünyasını cəmiyyətə qorxu predmeti kimi təqdim edirlər. Bu, diktaturaya xas siyasətdir. SSRİ öz varlığını yürütmək üçün Amerika və NATO-nu daim təhlükə kimi göstərərək, məkirli ambisiyasını davam etdirirdi. Lakin sonda imperiyanın əsl mahiyyəti bəlli oldu və sosializm dağıldı. Qərbin yetişdirdiyi dövlətlərə baxdığımız zaman əməkdaşlığın niyə vacib olduğunu anlayırıq. Bu gün Qərb dediyimiz zaman əsas güc ABŞ hesab olunur, daha sonra isə NATO və Avropa Birliyi. Cənubi Koreya, Yaponiya, Küveyt, Ərəb Əmirlikləri və Gürcüstan Qərbin dəstəklədiyi ölkələrdir. Adını çəkdiyimiz dövlətlər dünyanın aparıcı iqtisadi və siyasi gücləri sayılır. Rusiyanın "dəstəklədiyi” ölkələr isə Şimali Koreya, Suriya, Venesuela, Ermənistan, Abxaziya, Cənubi Osetiya və başqalarıdır. Onların da hansı durumda olduğu hamıya bəllidir. Rusiya və onun müttəfiqləri uçurumdan ibarət bir koalisiyadır. Bu ölkələrin heç birində inkişaf yoxdur və olmayacaq. Qərb isə demokratik və güclü dövlət modeli deməkdir. Buna görə də Qərblə tərəfdaşlığımız mütləqdir”.

İsmayıl