Rektorlar ali məktəblərin qapılarını gənc alimlərin üzünə açmalıdır
Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların 19-cu Respublika elmi-konfransında çıxışı zamanı ali təhsil müəssisələrində gənc alimlərin azlığından şikayətlənib. Nazir bildirib ki, bu gün ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Nazir çıxışında statistik rəqəmlərə istinad edib və 30 yaşa qədər olan fəlsəfə doktorlarının cəmi 0,17 faiz, yaşı 61-dən yuxarı fəlsəfə doktorlarınınsa 38 faiz təşkil etdiyini deyib. Nazir rektorları ali məktəblərin qapılarını gənc alimlərin üzünə açmağa çağırıb. M.Cabbarov ali məktəblərdə kafedraların yaşlı və rəhbər vəzifələr tutan professorlar tərəfindən "zəbt edilməsi”nə də dolayısıyla toxunub: "Kafedralarda olan vəzifələr rəhbər həmkarlar, dövlət qulluğunda çalışan həmkarlar tərəfindən tutulur. Gənc alimlərin də aşkarlanması üçün təbii dəyişiklik mexanizminin axtarıb tapılması zəruridir”.
Təhsil nazirinin çıxışındakı məqamlara toxunan sabiq təhsil naziri, professor Firudin Cəlilov Azərbaycan elminin "qocalması”nın bir neçə səbəbi olduğunu dedi:
- Burada müxtəlif səbəblər var. Birincisi, bəllidir ki, elmlə məşğul olanların maddi durumu aşağıdır. Əmək haqqı azdır, ona görə də gənclər elm ardınca getmir. Gənc fikirləşir ki, sabah ailə quranda, az miqdar əmək haqqı ilə ailəsini dolandıra bilməyəcək. Ona görə də elmdən soyuyurlar, başqa peşələrin, daha yüksək qazanc gətirən işlərin ardınca gedirlər. İkincisi, ali məktəbin bakalavr pilləsini bitirən oğlanlar hərbi xidmətə aparılır. "Elm haqqında” qanunda bu məsələ dəyişdirilib və əgər qanun qəbul olunarsa, hansı pillədə təhsil almasından asılı olmayaraq oğlanlara təhsillərini bitirib sonra həqiqi hərbi xidmətə getmək hüququ tanınacaq. Amma bu qanun da hələ qəbul olunmayıb. Odur ki, gənclərin bir qismi hərbi xidmətə çağırış səbəbindən elmdən aralanırlar. Arada fasilə yaranır, çoxu da hərbi xidmətdən sonra elmlə daha məşğul olmaq istəmir. Bir qism gənci də belə itiririk. Üçüncüsü və əvvəlki iki səbəbdən heç də az əhəmiyyətli olmayan, əksinə, bəlkə daha əsaslı səbəb, Ali Attestasiya Komissiyasındakı vəziyyətdir. Bu qurum faktiki hazırda elmin inkişafının qarşısını alan ən böyük maneədir. Elmi iş müdafiə etmək istəyənlər illərlə növbə gözləyirlər. Növbə gözləyə-gözləyə qocalırlar. Ən dəhşətlisi də budur ki, həmin qurumu mən yaratmışam!.. Mən bu qurumu elmin inkişafına xidmət etsin, köhnə qaydaları dağıtsın deyə yaratdım, amma elə o zaman da ora elə adamları təyin etdilər ki, yaxşı niyyət, döndü oldu bəd. İndi də eyni vəziyyətdir. Və nə qədər ki, bu qurumun fəaliyyətində əsaslı dönüş yaranmayıb, elmin inkişafını gözləməyimizə dəyməz.
Gənc alimlərin ali məktəblərə cəlb edilməsinə gəlincə, F.Cəlilov buna kütləvi şəkildə nail olunmasının qeyri-mümkünlüyünü dilə gətirdi:
- Hərənin öz problemi, öz iş yeri var. Gənc elm adamlarının kütləvi şəkildə ali məktəblərə cəlb edilə biləcəyini düşünmək absurd olardı.
Sadəcə, gənclərə yol açılmalıdır. Ali məktəblərin daxilində bu iş aparılmalıdır. Gənclər elmə cəlb edilməli, müəyyən vəzifələrə təyin edilməlidirlər. Gənc alimlər aşkar edilməli və onların potensialından istifadə olunmalıdır. Elə etmək lazımdır ki, elmi işlə məşğul olan, eyni zamanda ali məktəbdə də dərs desin. Elmlə təhsili biri-birindən ayırmaq olmaz. Bunlar bir medalın iki üzüdür. Dünya dəyişir, yeni texnologiyalar tətbiq olunur, amma təəssüf ki, bizdə hələ də köhnə qaydalarla işləyirlər. Təhsil sahəsində böyük, köklü islahatlara ehtiyac var.
Məlahət Rzayeva