Nazir problemi düzgün qaldırıb
Əyalətlərdə kənd təsərrüfatı üçün fəhlə tapılmır
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əksər fəhlə ixtisasları üzrə çatışmazlıq olduğunu deyib. Jurnalistlərə açıqlamasında nazir qeyd edib ki, sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirdi: "Son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik. Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu sahələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur”.
Nazirin dediklərinin həqiqət olduğunu kənd sakinləri, regionlarla hansısa dərəcədə bağlılığı olanlar da təsdiqləyir. Bölgələrdə qohumları yaşayanlar, əkin sahəsi olanların adicə traktorçu, kombayn sürücüsü tapmaqda çətinlik çəkdiklərini bildirir. Hətta kənd yerlərində yarı zarafat, yarı gerçək traktorçunun, kombayn ustasının az qala icra başçısı səviyyəsində "ələ düşməz” hesab edirlər. Kimsə torpağını şumlatdırmaq, taxılını biçdirmək istəyirsə, kənddəki traktorçunun, kombayn sürücüsünün günlərlə "qəbuluna” düşməyə çalışır. Onlar da tələbatın çox olduğunu görüb özlərini "naza” qoyurlar. Az qala kənd camaatı traktorçu, kombayn sürücüsü üçün siyahıya yazılır. Bu gün mənim tarlamda, sabah başqasının. Həqiqətən də kənd camaatı təsərrüfat sahələri üzrə fəhlə əməyinə ciddi ehtiyac, daha dəqiqi, qıtlıq yarandığını deyirlər. Bəziləri bunun səbəbini son illər kənd təsərrüfatına diqqətin az olması, kənd təsərrüfatında tənəzzül yaşanması ilə bağlayır. Gənclər də orta məktəbi bitirən kimi prokuror, hakim, vəkil, həkim olmaq eşqinə düşür. Traktorçu, suçu, mexanik, aqronom "prestijni” peşə sayılmır. Gənc özünü heç cür nə traktorun, nə də kombaynın sükanı arxasında görmək istəmir. Bu peşələri köhnəlmiş, "arxaik” hesab edir. Amma yediyimiz-içdiyimiz kənddən, o torpaqdan çıxır axı. Torpaqda kimsə işləməyəcəksə, qidamız, çörəyimiz, suyumuz da xaricdən gələcək, həm də GMO - geni dəyişdirilmiş halda.
Məsələyə münasibət bildirən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında nazir S.Müslümovun qaldırdığı problemin aktual olduğunu dedi:
- Səlim Müslümov məsələni düz qoyur. Kənd təsərrüfatı sahələri üzrə nəinki fəhlə çatışmır, mütəxəssislər, ixtisaslı kadrlar da azdır. Birinci səbəb odur ki, 90-cı illərin əvvəllərində sovetlərin vaxtındakı sovxozlar, fermalar dağıdıldı. Sovet illərində mexanikləşdirilmiş fermalar vardı. Ot mal-qaranın qarşısına gətirilirdi, su sağımında əl əməyi demək olar, aradan qaldırılmışdı. O zamanlar kənd təsərrüfatı üçün xüsusi kadrlar hazırlanırdı. Həm ali məktəblər səviyyəsində, həm də peşə məktəbi səviyyəsində. Rayon mərkəzlərində peşə məktəbləri vardı,
kənd təsərrüfatının yerli imkanları nəzərə alınaraq kadrlar yetişirilirdi. Bu sistem dağıldı, uzun müddət durğunluq oldu, indi yavaş-yavaş bu sahələr dirçəlməyə başlayır. Fermalar, istehsal sahələri yaradılır. Tədris sahəsində də irəliləyiş başlayıb. Peşə təhsili üzrə Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramına əsasən peşə təhsilinin maddi-texniki bazası gücləndirilməlidir. Ötən il Təhsil Nazirliyi xüsusi bir layihə həyata keçirməyə başladı - regionlar üzrə mərkəzləşdirilmiş peşə məktəblərinin yaradılması layihəsi. Məsələn, Saatlı, Salyan, Sabirabad rayonlarının pambıqçılıq təmayüllü, Quba, Xaçmaz rayonlarının bağçılıq, cənub bölgələrinin subtropik xüsusiyyətinə uyğun çayçılıq, subtropik meyvələrin yetişdirilməsi və s. nəzərə alınaraq bu regionlarda kənd təsərrüfatının həmin sahələri üzrə peşə məktəblərinin yaradılmasına başlandı. Hələ ki, sayları azdır, ancaq mən ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticələr əldə edilər. Bölgələrdə peşə məktəbləri var, amma fəaliyyətləri zəifdir. Gərək ölkənin ümumi iqtisadi inkişaf proqramına uyğun kənd təsərrüfatına da diqqət artırılsın. Kənd təsərrüfatı üzrə təhsilli kadrların hazırlanmasında peşə məktəbi rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Peşə məktəbinin təcrübə sahəsi olmalıdır. Çünki burada praktika çox önəmlidir. Peşə məktəbləri təsərrüfatlarla əlbir fəaliyyət göstərməlidirlər, bilməlidirlər ki, tələbə harada təcrübə keçəcək. Peşə məktəbi öz fəaliyyətini yerli şərait nəzərə alınmaqla qurmalıdır. Rayonda hansı təsərrüfat sahələri geniş yayılıbsa, peşə məktəbi də o sahələr üzrə kadr hazırlığına önəm verməlidir. Peşə məktəbi yerli ehtiyacları öyrənərək fəaliyyət göstərməlidir. Kənd təsərrüfatı sahəsində nəinki sıravi fəhlələrə - traktorçu, kombayn ustası, mexanizator və sairəyə, həmçinin savadlı kadrlara ciddi ehtiyac var. Aqronom da, zootexnik də savadlı, bilikli olmalıdır. Hazırda biz görürük ki, bütün dünya ekoloji fəlakətlə üz-üzədir. Elə kadrlar hazırlanmalıdır ki, onlar təbiətin vura biləcəyi ziyanları vaxtında aradan qaldırmaq gücündə olsunlar. Elmləri, bilikləri sayəsində. Görürsünüz, deyirlər, filan yerdə dolu təsərrüfatlara ziyan vurub. Bu dolunun qarşısını almağın yolları, üsulları var. Mütəxəssislər onu yaxşı bilir. Bizim bu sahə üzrə keyfiyyətli kadrlarımz olsa, təbiətin şıltaqlıqlarının qarşısı alınar. Təsərrüfatlara da az ziyan dəyər. Amma görünür ki, bu sahədə çatışmazlıqlar mövcuddur. Bu baxımdan peşə təhsilinin inkişafı, kənd təsərüfatı üçün ixtisaslı kadrların hazırlanması vacibdir.
Məlahət Rzayeva