Nazirlər Kabineti Qubad İbadoğlunun təklifinə cavab verdi

“Hər təklifi həyata keçirmək düzgün olmazdı”

"Mən də o zaman deyə bilərəm ki, Azərbaycanda müxalifət partiyalarının sayı azaldılmalıdır"



İqtisadçı-ekspert Qubad İbadoğlunun nazirliklərin sayının azaldılması ilə bağlı təklifinə Nazirlər Kabinetindən münasibət bildirilib. NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli "Şərq”ə açıqlamasında söyləyib ki, təmsil etdiyi qurum hər bir konstruktiv əsası olan xoş niyyətli təkliflərə hörmətlə yanaşır:

"Lakin ekspertin təklifinə baxılıb-baxılmayacağını, müzakirə edilib-edilməyəcəyini dəqiq deyə bilmərəm. Çünki gün ərzində NK-ya kifayət qədər təklif xarakterli çoxlu məktublar daxil olur. Ümumilikdə isə hər bir şəxs fikir söyləyə və təkliflə çıxış edə bilər. Fikir plüralizmindən irəli gələn təkliflərdir. Burada qeyri-adi heç nə yoxdur. Lakin hər təklifi həyata keçirmək düzgün olmazdı”.

NK rəsmisi ekspertin "Azərbaycanda nazirliklərin sayı Avropa ölkələri ilə müqayisədə çoxdur” açıqlamasına da cavab verib: "Mən də o zaman deyə bilərəm ki, Azərbaycanda digər ölkələrə nisbətən qəzetlərin sayı çoxdur və yaxud müxalifət partiyalarının sayı azaldılmalıdır. O demək deyil ki, dərhal qəzet və partiyalar ixtisar edilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin struktur tərkibinə 20 nazirlik daxildir.

Vüqar Şahinoğlu