“Ermənistan Hoqland planı üzrə danışıqlarda maraqlıdır, yoxsa beş rayon məsələsi ilə bağlı Rusiyanın planını dəstəkləyir”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer digər vasitəçi həmkarları, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Nyu-Yorka yollanıb. Bu barədə amerikalı həmsədrin özü məlumat verib.
O, görüşlərin hansı tarixlərdə keçiriləcəyini dəqiqləşdirməyib. Xatırladaq ki, sentyabrın 19-25-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində müzakirələr keçiriləcək. Minsk Qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıblar. Xəbəri erməni tərəfi də təsdiqləyib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib.
Ötən gün Ermənistan XİN rəhbəri Edvard Nalbandyan "Dağlıq Qarabağa təhlükə törətməyən ətraf rayonların qaytarıla biləcəyindən” söz açmışdı. Hətta erməni nazir pərdə arxasında bir çox məsələlərin müzakirə edildiyini, müəyyən razılaşmaların mövcudluğunu iddia etmişdi. Bu cür açıqlamanın fonunda XİN rəhbərlərinin növbəti görüşü gözlənilir.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Nalbandyanın "rayonlar qaytarıla bilər” ifadəsini işlətməsinin və bu barədə mümkün tezislər səsləndirməsinin məqsədi var. Onun sözlərinə görə, nazir münaqişənin həlli ilə bağlı Ermənistanın guya səy göstərdiyini vurğulamağa çalışır:
"Məlumdur ki, BMT-də nazirlərin görüşü gözlənilir. Həmçinin, Avropa İttifaqı ilə memorandum imzalanması gündəmdədir. Məncə, erməni rəsmisinin bu cür açıqlamaları manipulyasiyadır. Sarkisyan siyasi-hərbi rejimi məhz Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətini qoruyur. Düşmən tərəfin güzəşt blefi yalnız beynəlxalq təşkilatların gözündən pərdə asmaqdır”.
Analitik bildirib ki, Sarkisyan rejimi yalnız Rusiyadan gələn təlimatlar fonunda Qarabağla bağlı addımlar ata bilər:
"Rusiya hazırda münaqişənin həllində maraqlı görünmür. Xatırladım ki, Nalbandyanın məlum açıqlaması Lavrov planının bir hissəsidir. Həmin plana əsasən, beş rayonun əvəzində "müstəqillik”
referendumunun keçirilməsinə icazə verilməlidir. Şübhəsiz ki, beş rayonu Ermənistanın qeyd-şərtsiz boşaltması gözlənilmir. Nalbandyanın gizli danışıqlar barədə açıqlaması da uydurmadır. Ortada hamıya məlum olan planlar var, gizli heç nə yoxdur. Məlum plan da mərhələli Madrid prinsipləridir. Müəyyən istisnalarla Azərbaycan bunu dəstəkləyir. Ermənilər bilinən planla bağlı nəsə gizlədə bilməz. Nyu-Yorkda xarici işlər nazirlərinin görüşündə bir daha aydın olacaq ki, Ermənistan Hoqland planı üzrə danışıqlarda maraqlıdır, yoxsa beş rayon məsələsi ilə bağlı Rusiyanın planını dəstəkləyir”.
İsmayıl