“Ana və uşaq ölümlərinin səbəbi konkret əməliyyatla bağlı deyil”
Adil Qeybulla: “Bütün müşahidələr göstərir ki, Azərbaycanda olan hamiləliklərin böyük əksəriyyətində normadan kənara çıxmalar həddindən artıq çoxdur”
Azərbaycan Səhiyyə Nazirliyində qeysəriyyə əməliyyatı ilə bağlı vəziyyətin araşdırılması üçün yeni komissiya yaradılıb. Artıq bu komissiya tərəfindən dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının icrası vəziyyətini öyrənmək üçün araşdırmalara başlanılıb. Aparılan araşdırmaların ilkin nəticələrinə görə, qanunvericiliyə dəyişiklik edildikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur və bu məsələyə daha ciddi nəzarət edilir.
Bütün əməliyyatlar barədə konsiliumda qərar verilir, anestezioloq əvvəlcədən xəstəyə baxış keçirir, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, müəyyən mənada dəqiqləşdirmələr aparmaq üçün bu komissiya tərəfindən dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının icrası vəziyyətini öyrənmək üçün araşdırmalara başlanılması təqdirəlayiq haldır: "Amma bir şey var ki, bu cür məsələlər heç vaxt inzibati məsələlərlə tənzimlənməməlidir. İlk növbədə bütün əməliyyatlar qərb protokollarına uyğun aparılmalıdır. Qadınlar hamilə qalmazdan əvvəl mütləq tibbi müayinədən keçməlidir. Bəzi qadınlarda xəstəliklər olur və hamiləlik zamanı daha da ağırlaşır. Tibbi müayinə ona görə vacibdir ki, həkimlər hamilə qalıb-qalmayacağı ilə bağlı qadınları məlumatlandırır. Əslində hamiləliklə bağlı keçilməsi zəruri olan bütün proseslər detalları ilə protokolda göstərilib. Hətta hamiləliklə bağlı monitorinq də aparılmalıdır. Ancaq ondan sonra xəstənin doğuş prosesinin təbii və ya süni yolla aparılması qərarı verilir. Əgər ana süni doğuşda israrlı olarsa, bu, həkim tərəfindən bir seçim ola bilər. Əks halda süni doğuş konkret göstərişlər əsasında baş tutmalıdır. Dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatının icrası zamanı Səhiyyə Nazirliyi də məhz bunu yoxlaya bilər. Halbuki bu məsələlərin birdəfəlik qaydaya salınması üçün hamiləliyin protokola uyğun aparılması ən yaxşı variantdır”.
Professorun sözlərinə görə, ana və uşaq ölümlərinin səbəbi konkret xəstəlik və ya əməliyyatla bağlı deyil. Bütün müşahidələr göstərir ki, Azərbaycanda olan hamiləliklərin böyük əksəriyyətində normadan kənara çıxmalar həddindən artıq çoxdur. Bu da qadınların hamiləlikdən öncə yoxlanmamaları və vaxtlı-vaxtında həkim müayinəsindən keçməmələri ilə bağlıdır. Əksər vaxtlarda qadınlar hamilə qaldıqdan sonra heç bir yoxlamadan keçmir və nəticə etibarı ilə doğuşa qədər çox ciddi risk faktoru yaranmış olur. Bu risk doğuşda daha ciddi təhlükələr doğurduğu üçün də müəyyən ağırlaşmalar və ölüm halları ilə nəticələnə bilir. Bütün ölüm hallarını həkimlərin üzərinə yıxmağın doğru olmadığını vurğulayan A.Qeybulla deyib ki, hər bir ölüm halı ayrı-ayrı araşdırılmalı və konkret situasiyalara uyğun da qərarlar qəbul edilməlidir: "Əgər Azərbaycan qərb protokollarına düzgün əməl edərsə, problemin qarşısı müəyyən mənada alınmış olar. Həmçinin, sığorta təbabəti paralel olaraq aparılmalıdır. Ən azından doğuş və təxirəsalınmaz yardım zamanı icbari sığortalar olmalıdır. Belə olan halda hamilə qadınlar vaxtlı-vaxtında həkimə gedər, yoxlamaları axsatmazlar. Etiraf edək ki, bəzi vaxtlar qadınlar sırf sosial ehtiyacdan, məsrəflərdən çəkindiyi üçün həkimə müraciət etmirlər”.
Şəymən