Nə kvota bilinir, nə də qiyməti...

Həcc ziyarətinə sənəd qəbulu fevralda başlayacaq




Səudiyyə Ərəbistanının Həcc kvatasını yüksəltməsi müqəddəs torpaqlara ziyarət etmək istəyənlər üçün əlavə şans yaradır. Məlumdur ki, bir neçə ildir Səudiyyə Ərəbistanı bütün müsəlman ölkələri üzrə zəvvar kvotasını 20 faizədək azaltmışdı. Buna əsas səbəb Məkkədə Kəbə evi ətrafında aparılan yenidənqurma, genişləndirmə işləri idi. Kəbə evi ətrafında tikinti aparıldığından ziyarət zamanı izdiham bir qədər azalsın deyə zəvvar sayının əvvəlki illərə nisbətən az olmasına çalışılırdı.

Üstəlik, tikinti aparılan yerlərdə zəvvarların həyati təhlükəsi də qalmaqda idi. Kəbə evi çevrəsindəki qaldırıcı kranın aşması nəticəsində xeyli sayda zəvvar həyatını itirmişdi. Bu səbəbdən də SƏ Həcc nazirliyi zəvvar sayını azaltmağı qərara almışdı. Lakin yenidənqurma və genişləndirmə işləri artıq başa çatdığından SƏ zəvvar sayını artırmaq qərarına gəlib. İslam ölkələri rəsmilərinin Ciddədə keçirilən toplantısında Həcc ziyarətində zəvvar kvotasına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına qərar verilib. Bəzi ekspertlər bunu, həm də son illər İran İslam Respublikası və onun təsir dairəsində olan ölkələrin Həcc ziyarətinə getməkdən imtinası ilə bağlayırlar. Məlumdur ki, 2015-ci il Həcc mövsümündə əvvəlcə Kəbə evi ətrafında qaldırıcı kranın aşması nəticəsində 100-dən çox zəvvar, sonra isə Minada şeytan daşlaması mərasimində 750-yə yaxın zəvvar həlak olmuşdu. Həlak olanların böyük qisminin məhz iranlı olması, SƏ rəsmi qurumlarının da vəfat edənlərə qarşı qeyri-etik davranışı İranın növbəti il Həcc ziyarətindən imtinası ilə nəticələndi. Eyni zamanda iranyanlı dövlətlər də Həcc ziyarətindən imtina etməyə başladılar. Ekspertlər bu fikirdədir ki, SƏ zəvvar sayının getdikcə azalacağını nəzərə alaraq kvotaya qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq barədə düşünür. Həcc qiymətlərində hansı dəyişikliklər olacağı isə hələ məlum deyil. Amma dünyadakı iqtisadi böhran səbəbindən qiymətlərin qalxacağı daha çox gözləniləndir.

Qafqaz Müsəlmanları İdarəsi də kvota dəyişikliyi qərarına hələ ki, münasibət bildirməyib. QMİ xarici əlaqələr şöbəsindən "Şərq”ə bildirildi ki, Həcc ziyartinə sənəd qəbulu fevralda başlayacaq. 

Azərbaycanda Həcc missiyasının rəhbəri olan Qafqaz Müsəlmanları İdarəsi ilə SƏ Həcc nazirliyi arasında hələ heç bir danışıq aparılmayıb. Azərbaycan üçün nə qədər kvotanın ayrılacağı, həmçinin builki ziyarət qiymətləri yalnız danışıqlar aparıldıqdan və müqavilə imzalandıqdan sonra məlum olacaq. Danışıqlarınsa fevral ayından etibarən başlanacağı gözlənilir.

Qeyd edək ki, ötən il Həcc ziyarəti qiymətləri xidmət səviyyəsindən asılı olaraq 3500-4500 ABŞ dolları təyin edilmişdi. Bu da milli valyuta ilə müqayisədə 5500-7000 manat edirdi. Yəni, 2015-ci ildəki qiymətlərə nisbətən 500-1000 manat arası artım baş vermişdi. Görəsən, bu il qiymətlərdə nə qədər artım olacaq?..

Məlahət Rzayeva