Nə qədər “vinetka”, restoranda yeyib-içmək olar?

Qabaqdan “məzun günü” gəlir, gənclər köhnəlmiş ənənələri dəyişmək istəyirlər



Təntənəli məzun günləri məktəb və tələbəlik illərindən yaddaşımızda qalan ən xoş xatirələr sırasındadır. Uzun illərdir ki, həm orta məktəb şagirdləri, həm ali məktəb məzunları buraxılış günlərini maraqlı və əyləncəli keçirməyə çalışırlar. Məktəblərdə ildən-ilə genişlənən son zəng tədbirləri, ali məktəblərin məzunlar üçün xüsusi məzun günü proqramı, uzun-uzadı təbriklər, ziyafətlər, gəzintilər bir-birini izləyir. Bir neçə il bundan əvvəl verilmiş keçmiş təhsil naziri Misir Mərdanovun qərarına əsasən, məktəblərdə "Son zəng” mərasimi yalnız 3 saat, özü də məktəblərin ərazisində keçirilir. Qərarda yazılıb ki, məktəbdənkənar gəzintilər üçün bütün məsuliyyəti valideynlər daşıyacaq. Şagirdlərin təhlükəsizliyi üçün nə qədər məktəbdən kənarda böyük ziyafətlər təşkil etmək məsləhət görülməsə də, məzunlar demək olar ki, bu ənənəni pozmur. Eyni vəziyyət ali məktəblərdə də təkrarlanır. Gənclər "məzun günü”nü qeyd edir, daha sonra universitetin proqramına uyğun şəkildə qutlama keçirirlər. Hər il təkrarlanan "son zəng” mərasimlərində fərqli, yenilikçi ideyalara nəyə görəsə gənclərin marağı çox azdır. Və yaxud da "hamı necə, biz də elə” prinsipi ilə hərəkət edib, özlərindən əvvəl edilənləri təkrarlayırlar.

Bəs niyə gənclər həyatlarının ən unudulmaz anları olan "məzun günlərini” kreativ ideyalarla bəzəməyə ərinirlər? Bu suala cavab tapmaq üçün elə gənclərin özü ilə söhbətləşdik.

Bir il bundan əvvəl məktəbi bitirən, birinci kurs tələbəsi Zaur Quliyev "Son zəng” xatirələrini bizimlə bölüşdü. Rayon məktəbində təhsil alan Zaur "Son zəng”in daha sadə, ziyafətsiz, çal-çağırsız keçdiyini deyib:

- Hər məktəbdə olduğu kimi baş tutub, əslində, "son zəngimiz”. Səhər tezdən məktəbdə yığışmaq, şəkillər çəkdirmək, köynəklərə ürək sözləri, arzular yazmaq, müəllimlərimizlə sevincimizi, kədərimizi bölüşmək və uzun-uzun uğurlar diləyi. Həmin gün son anlarımız idi artıq məktəbdə, müəllimlərimiz, direktor, direktorun müavini ən xoş sözlərlə bizi təbrik etdilər. Daha sonra isə birincilərin hazırladıqları şeirlər, musiqilər səsləndi, və nəhayət, uşaqlıq illərimizi arxada qoyaraq azad həyata atılmağımızın simvolu kimi ağ göyərçinləri havaya buraxdıq. Ənənəvi olaraq "Son zəng” çalındı, hamı bir-birini təbrik etdi. Balaca dostlarımızla, birincilərlə məzunlar həmişəki kimi sonda hədiyyələşdik və nəhayət, təxminən saat yarım davam edən tədbirimiz yekunlaşdı. Bundan sonra ziyafət və ya gəzintilərlə davam etdirmədik, sadəcə bir neçə sinif yoldaşımızın evində toplaşdıq, adi şəkildə qeyd etdik, sonda isə 11 illik məktəb yoldaşlarımızla hüznlə vidalaşdıq.

Əslində maraqlı və fərqli ideyalar, kreativ fikirlər həmişə olmalıdır. Bəzən müəllimlərimiz "Son zəng”də muzeyə, maraqlı məkanlara, tarixi yerlərə getməyi də məsləhət görürlər. Lakin "həmin yerlərə başqa vaxt da yığışıb getmək olur”, deyib, uşaqlar daha çox əyləncə xarakterli məzun günlərinə meyl edirlər. Təbii ki, dostlarla, yaxınlarla birlikdə əylənmək, son dəfə 11 illik sinif yoldaşlarınla nəsə etmək çox maraqlıdır. Bunları edərkən isə nə isə öyrənməyi, yadda qalan xatirələri xoş tutmağı unutmamaq lazımdır”.

Daha bir gənc, üçüncü kurs tələbəsi Leyla Əhmədova isə artıq gələn il baş tutacaq, məzun gününə hazırlaşır. Bizimlə birlikdə son zəng xatirələrini yadına salan Leyla gənclərin yenilikçi təşəbbüslər etməməsi fikri ilə razılaşmır:

- "Son zəng” ərəfəsi abituriyentlər üçün olduqca məşğul, stresli olduqları bir dövrdür, məlum, iki ay sonra qəbul imtahanları verirlər. Sınaqlar, yekunlaşmaq bilməyən məşğələlər, hazırlıqlar - hamısı bir-birinə qarışır. Mən özüm rayonda bitirmişəm məktəbi. "Vinetka çəkilişlərinə belə məni zorla apardılar. "Vaxtım gedəcək, marağım yoxdur” kimi fikirlərdə idim onda. Hətta tək mən deyildim elə fikirdə olan, baxırdım ki, paralel oxuyan siniflərdən "vinetka” çəkilişində 7-8 nəfər kollektiv olurdu, getmirdilər. Bir az da maddiyyat baxımından belə nəticələnirdi, təbii ki. Hətta bizim sinifdən 3 bacı var idi, onlardan 1-i gələ bilmişdi çəkilişə, maddiyata görə. O ki qaldı əyləncəyə - biz də öz aramızda nələrsə təşkil edib "Son zəng”imizin maraqlı olmasına çalışmışdıq. Mahnılar oxuyurduq qabaqcadan, seçirdik ki, hansıların sözlərini dəyişə bilərik, müəllimlərimizi, sinif yoldaşlarımızı "parodiya” edirdik. Həmişə belə tədbirlərdə qızlar daha aktiv olur, məncə. Biz də öz aramızda həmin gün eyni paltar geyinmək, eyni saç düzümü etdirmək kimi planlar qururduq. Ancaq bütün bunlar 3 il əvvəl olub, üstəlik, balaca bir rayonda. Harada ki, cəmi 2 məktəb fəaliyyət göstərirdi. Çalışırdıq ki, bir-birimizlə rəqabət aparaq, "bu il bizdə "Son zəng” sizdən yaxşı oldu” kimi məsum çəkişmələr aparırdıq. Bakıda isə fərqlidir, daha çox əylənmək üçün imkanlar var. Ziyafət keçirmək, geniş fotosessiya etmək daha asandır deyə düşünürəm. Ən azından Nazirlər Kabinetiylə üzbəüz parka gəlib sadə kamerayla çox gözəl şəkillər çəkdirə bilərlər (görmüşəm dəfələrlə belə məzunları). O ki, qaldı kreativlik məsələsinə, məsələn, 2 gün əvvəl bir video izlədim, səhv etmirəmsə Lənkəranda kolleci bitirən qızlar idi, rəqs edirdilər, ya da etməyə cəhd edirdilər. Rəylərdə müxtəlif fikirlər yazılmışdı, əksərini də tənqidlər təşkil edirdi. Məncə, bu da onların əylənmə metodlarıdır, sözsüz ki, o rəqs üçün qabaqcadan hazırlaşmışdılar, geyimləri də eyni idi. Mən özüm gördüm ki, ən yaxşı anlar məhz elə hazırlıq zamanı yaşanır. Biz hazırladığımız parodiyaları "Son zəng” günü etmədik, bəzisi müəllimlərə ayıb olar dedi, bəzi qızlar evdən çəkindi, ancaq məhz bu anda mənim yadımda qalan elə həmin hazırlıqlar ərəfəsi nə qədər gülməyimdir. 1 həftə, həftəsonu da daxil sinfimizdə yığışırdıq, son zəngə hazırlaşırdıq, əslində isə, son vaxtlarımızda birlikdə olmaqdan bacardıqca çox faydalanırdıq. Yəni, kreativliyini başqalarına göstərmək önəmli faktor deyil, əsas olan onu yaşamaq, zövq almaqdır.

Leylanın ali məktəbi bitirəndə də maraqlı ideyalarla "məzun günü”nü yaddaqalan etmək fikirləri var. Qrup yoldaşları ilə birlikdə indidən fərqli təşəbbüslərə hazırlaşdığını deyir:

- "Ali məktəbi bitirdikdə məzun olmaq, o geyimi həmişə arzulamışam. Məncə, bütün tələbələr, abituriyentlər bunu arzu edib. Və hazırda olan vinetka və ya sonrakı "parti”lərdə çəkilən şəkillərə baxanda insanda xoş təəssürat yaranır. Düşünürəm ki, gələn il üçün biz daha yaxşısını edəcəyik qrup olaraq. Magistratura hazırlığı üçün çalışıb, buna vaxt sərf etmək istəməyənlər yenə də olacaq, sözsüz ki. Dostlarım həmişə deyir ki, bizim qrupda kreativlik də, əyləncə sevgisi də "qabarıqdır”. Hazırda nələr edəcəyimiz haqqında yekun fikir deyə bilmərəm, çünki ideyalarımız qarışıqdır. Buna baxmayaraq yaddaqalan olacağına, başqalarından fərqli edəcəyimizə heç şübhəm yoxdur”.

Aysel Aslan