“Nə xalq diplomatiyasına inanıram, nə də sülh platformasına”

Elman Məmmədov: “Ermənilər qorxduqları üçün sözlərini dəyişsələr də, əslində ikiüzlü davranmaq onların xislətindədir”




Dekabrın 25-də Ermənistan-Azərbaycan Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib və gündəlikdə olan məsələlər müzakirə olunub. Gündəliyin mühüm məsələlərindən biri Platformanın erməni həmsədri Rafael İsaxanyanın təşkilatın Nizamnaməsinə zidd hərəkət etdiyi üçün qurumdan xaric edilməsi olub.

Deyilənə görə, erməni həmsədr Rafael İsaxanyan televiziyada çıxış edərək bildirib ki, onu guya azərbaycanlılar aldadıb platformaya qoşublar, hələ bir sədr də seçiblər. O, Azərbaycanın ünvanına da ağzına gələni danışıb və xüsusi olaraq vurğulayıb ki, azərbaycanlılar Dağlıq Qarabağ adında yeri unutsunlar, ora artıq onların deyil. 

Hüquq müdafiəçiləri deyiblər ki, Rafael İsaxanyan Sülh Platformasına qoşulmaq üçün özü müraciət edibmiş. Onların fikrincə, iş adamı olan İsaxanyana Ermənistan hakimiyyəti tərəfindən təsir və təzyiqlər olub. Xatırladaq ki, bir müddət əvvəl erməni hüquqşünası V.Martirosyan da eyni ilə İsaxanyan kimi nankorluq edib. Əvvəlcə Azərbaycanın haqlı olduğunu deyən Martirosyan müəyyən zaman sonra erməni xislətini ortaya qoyaraq Azərbaycanı təhqir edib. Bu cür arzuolunmaz hadisələr səbəbindən ölkə ictimaiyyətində Sülh Platforması ilə bağlı birmənalı fikir yoxdur. 

Prosesləri "Şərq”ə dəyərləndirən Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan torpaqları işğal altındadır və görünən odur ki, ermənilər öz xoşları ilə ərazilərimizi azad etmək niyyətində deyillər. Deputat vurğulayıb ki, o, xalq diplomatiyası və sülh platforması kimi üsulların müsbət nəticə verəcəyinə inanmır: 

"Hələ məlum deyil ki, onların fəaliyyəti sonda müsbət nəticə verəcək, ya yox. Şəxsən mən buna inanmıram. Sülh Platforması cənab Prezidentimizdən və ya XİN-dən daha çox fəaliyyət göstərə bilməz. Məlumdur ki, ermənilərin terror təşkilatları, müəyyən siyasi qrupları Azərbaycandan fərqli olaraq Sülh Platformasına qoşulan erməniləri qorxudurlar, onları hədələyirlər. Ona görə də ilk vaxtlar könüllü şəkildə təşkilata qoşulan ermənilər daha sonra nəinki qurumdan çıxırlar, üstəlik, Azərbaycan əleyhinə uydurmalar danışırlar. Əlbəttə, istisna deyil ki, erməni xalqı içərisində düzgün fikirləşənlər az da olsa var. Xüsusən, son zamanlar bu cür ermənilərin sayı artmaqdadır. 

Səbəbi isə odur ki, Azərbaycanın nüfuzu, ədaləti və ordusunun gücü artdıqca, bəzi ermənilərin ağlı başına gəlir. Ancaq o insanlar erməni lobbisi tərəfindən ciddi təzyiqlərə məruz qalırlar. Bəziləri təzyiqlərə və təqiblərə dözməyərək geri addım atmağa məcbur edilirlər. Ancaq bir həqiqəti daim diqqətdə saxlamalıyıq. Ermənilər qorxduqları üçün sözlərini dəyişsələr də, əslində ikiüzlü davranmaq onların xislətindədir. Riyakarlıq ermənilərin qanındadır. Onlar nadürüst və naxələfdirlər, heç vaxt öz sözlərinin üstündə durmurlar, həmişə xəyanət yolunu seçirlər. Ona görə də bu cür hərəkətləri təəccüb doğurmur”.

İsmayıl