“...Nəfəsim çatmırdı”

Rəsul Cunayev: “Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyildim və buna da nail oldum”



"Dünya Çempionatına gedəndə bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ilk Avropa Oyunlarında ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi qızıl medal qazandırdım”.

Bu barədə "Şərq”ə Birinci Avropa Oyunlarında yunan-Roma güləşi üzrə 71 kq çəkidə qızıl medala layiq görülən və qələbəsini ölkə başçısı İlham Əliyevə hərbi salam verərək qeyd edən Azərbaycan təmsilçisi Rəsul Çunayev bildirib. Pəhləvanımız finala gedən yolundan da söz açıb:

"Finalda qalib gəldiyim Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşmışıq. 2 dəfə mən qalib gəlmişdim, 2 dəfə də o qalib gəlib. O, ötən dəfə Bakıda məni udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarışqabağı xəstələnmişdim. Nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyildim və buna da nail oldum”.

İdmançımız ilk qarşılaşmasından da danışıb: "İlk görüşdə moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Onunla da indiyədək 4 dəfə qarşılaşmışdıq. Onun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısına asanlıqla qalib gəldim. Finalda da qalib gəldim”.

İdmançımız qələbəsini başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr etdiyini deyib: "Başda cənab Prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Ona görə çox sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə mən qazandırdım”.

Ayyət Əhməd